AZ

Azərbaycan ilə Qazaxıstanın prokurorluq orqanları arasında əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Qazaxıstan Respublikasının Baş prokurorunun birinci müavini Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir. Ölkələrimizin ənənəvi dostluq və qardaşlıq əlaqələri əsrlərə söykənir.

Qeyd edilib ki, dövlət başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir.

Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilməsinin ölkələrimizin və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevrildiyi bildirilib.

Baş prokuror bütün sahələrdə olduğu kimi, ölkələrimizin prokurorluq və hüquq mühafizə orqanları arasında da əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyərək, hüquqi sahədə əlaqələrin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş iqlim fəaliyyəti üçün hüquq mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil edəcəyini bildirərək, qonaqlara dəvət məktubunu təqdim edib.

Timur Taşınbayev çıxışında iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Seçilən
57
15
azertag.az

10Mənbələr