Bakı, 2 oktyabr, AZƏRTAC
Oktyabrın 2-də Bakıda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda keçirilən beynəlxalq konfransın birinci günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunub, daha sonra tədbirin mövzusuna aid qısametrajlı film nümayiş etdirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Dövlət Komissiyasının sədri Əli Nağıyev belə bir həssas məsələyə dair ötən ilin sentyabr ayında təşkil edilmiş beynəlxalq konfransdan sonra builki tədbirin keçirilməsinin itkin düşmüş şəxslər probleminin həlli istiqamətində görülən işlərə mühüm töhfə verəcəyinə ümidvar olduğunu deyib, ailələrin öz itkin düşmüş yaxınları barədə məlumatları almaq hüququnun beynəlxalq səviyyədə dəstəklənməsinin vacibliyini qeyd edib. Xidmət rəisi hazırda Dövlət Komissiyasında 3979 nəfərin itkin düşmüş şəxs kimi qeydiyyata alındığını, işğaldan azad olunmuş ərazilərdə indiyədək 18 kütləvi məzarlığın aşkarlandığını, bununla yanaşı, Birinci Qarabağ müharibəsində itkin düşmüşlərdən 155 nəfərinin şəxsiyyətinin eyniləşdirildiyini, cari ilin sentyabr ayında görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Ağdərə rayonunun Sırxavənd kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş daha 15-ə yaxın şəxsə aid meyit qalıqlarının müəyyən edildiyini diqqətə çatdırıb.
Dövlət Komissiyasının sədri Azərbaycanın Qarabağ ərazisində vaxtilə mövcud olmuş separatçı rejimin Vətən müharibəsi bitdiyi vaxtdan 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatınadək olan müddət ərzində bir neçə kütləvi məzarlığı məqsədyönlü şəkildə məhv etməsinin və Ermənistan tərəfinin həmin məzarlıqlar barədə məlumatları verməməsinin beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarının yolunu gözləyən itkin ailələrinə və bütövlükdə insanlığa açıq-aşkar hörmətsizlik olduğunu bildirib.
Prezident İlham Əliyevin itkin vətəndaşların taleyinin aydınlaşdırılmasını Dövlət Komissiyasının qarşısında ən ümdə vəzifə kimi qoyduğunu və dövlətimizin başçısının bu məsələni daim xüsusi nəzarətdə saxladığını bildirən Xidmət rəisi Əli Nağıyev vurğulayıb ki, itkin düşmüş şəxslər problemi təkcə ayrı-ayrı dövlətləri deyil, o cümlədən beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi şəkildə düşündürməlidir.
Daha sonra itkin düşmüş şəxslər probleminə həsr edilmiş rəsm əsərləri sərgisinin və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Qırğız Respublikasının sabiq Baş naziri Comərd Otorbaev Azərbaycanın böyük inkişaf günlərini yaşadığını qeyd edərək deyib: “İtkin düşmüş şəxslərin taleyi ilə bağlı Azərbaycanla birlikdə gələcəyə ümidlə baxmaq niyyətindəyik. Qırğızıstan da bu məsələdə çox böyük təcrübəyə malikdir”.
Gələcəkdə Azərbaycanla birlikdə bu istiqamətdə məsələləri həll edəcəklərinə ümidvar olduğunu deyən sabiq Baş nazir vurğulayıb: “Bugünkü konfransda danışılacaq məsələlər çox mühümdür. Biz bu məsələdən əziyyət çəkən insanlara ümid verməliyik”.
“Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi” mövzusunda keçirilən sessiyada çıxış edən Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu bildirib ki, bütün beynəlxalq platformalarda Türkiyə və Azərbaycan olaraq eyni mövqedən çıxış etmək bizim üçün çox qiymətlidir. Ölkələrimiz arasındakı bu dostluq əzəldən əbədiyyətə qədər gələcək nəsillərə gözəl bir örnək təşkil edir. Bu gün iki ölkə arasında əlaqələr ən yüksək səviyyədədir.
İtkin düşən şəxslərin taleyinin onların ailələri və sevdikləri üçün dərin yaraların yaranmasına səbəb olduğunu diqqətə çatdıran nazir müavini əlavə edib: “Bu məsələ sülhə zərər verən amillərdəndir. İtkin düşən şəxslərin taleyi ilə bağlı problemləri beynəlxalq səviyyədə daha çox müzakirə etməliyik. Əlaqədar təşkilatların itkin düşənlərin taleyi ilə bağlı birgə fəaliyyət göstərməsi vacib məsələdir".
Beynəlxalq insan haqları hüququ və BMT sistemi üzrə ekspert Afərin Şahidzadə qeyd edib ki, silahlı qarşıdurmalarda insanlar öldürülür, itkin düşür və digər formalarda zərər görür. İstənilən halda, itkin düşmüş şəxslərin tapılaraq ailələrinə qaytarılması vacibdir. O deyib ki, müharibədən sonra sülhə nail olmaq üçün etimadın yaradılması istiqamətində səy göstərmək zəruridir.
Pakistan Ali Məhkəməsinin hakimi Məhəmməd Sohail Sacid vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində illərdir torpaqları işğalda qalan Azərbaycanın əldə etdiyi nəticə çox önəmlidir.
O bildirib ki, Pakistan yekdil şəkildə ərazi bütövlüyü və suverenlik məsələsində Azərbaycana dəstək verir.
“Ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi və onların ehtiyaclarının qarşılanması” mövzusunda keçirilən sessiyada çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndə heyəti ilə Dövlət Komissiyası arasında 2008-ci ilin aprel ayında imzalanmış Çərçivə Sazişi əsasında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı məlumatlarının toplanmasına və mərkəzləşdirilməsinə başlanılıb. Bioloji nümunələrin əksəriyyəti Qızıl Aypara Cəmiyyəti könüllülərinin yaxından iştirakı ilə itkin düşənlərin ailələrindən toplanıb. Toplanmış bütün bioloji nümunələr arxivə verilib.
“Son üç ildə Birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərin siyahısına 82 nəfər əlavə edilib. Davam edən müraciətlər bu rəqəmin daha da artacağını göstərir", - deyə Komissiyanın katibi vurğulayıb.
"İtkin düşmüş şəxslərin ailələrinin təcrübələri: onların ehtiyaclarının və üzləşdikləri çətinliklərin müəyyən edilməsi və cavablandırılması, əməkdaşlıq və tərəfdaşlıq sahələri" mövzusunda keçirilən sessiyada çıxış edən itkin düşmüş azərbaycanlı şəxsin qızı Şahanə Abbasova 30 ildir gözü yolda qalan itkin övladı olduğunu xatırladıb: “Atam bir yaşım olanda - 1992-ci ildə Şuşanın işğalı zamanı itkin düşüb. Ermənistanın təcavüzü mənim kimi minlərlə uşağı atasız qoyub”.
Uşaqlıqdan ata nəvazişinə həsrət qaldığını diqqətə çatdıran Şahanə Abbasova deyib: “Erməni millətçiləri əliyalın azərbaycanlıların başına olmazın dəhşətlərini gətiriblər. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinə baxanda əsl vandalizmin şahidi oluruq. Ermənistanın cinayətlərinə bu günə qədər lazımi qiymət verilməyib. Beynəlxalq təşkilatların itkin düşmüş doğmalarımızın yerinin müəyyən olunması istiqamətindəki işi bizi qane etmir”.
İtkin düşmüş azərbaycanlı şəxsin qızı Lamiyə Qarayeva isə deyib: "Ermənilər Xocalı soyqırımını törədən zamanı iki yaşım var idi. Mən valideynlərini itirən 130 uşaqdan biriyəm. O soyqırımı mənim həyatımda ağrılı izlər qoyub".
Ermənilərin hücumundan qorunmaq üçün Xocalıda özünümüdafiə dəstələrinin təşkil olunduğunu diqqətə çatdıran Lamiyə Qarayeva əlavə edib: “Dəstənin üzvlərindən biri də mənim atam idi. Biz pusquya düşdükdən sonra ermənilər həmin üzvləri içimizdən döyə-döyə çıxarıb apardılar. Çox təəssüf ki, aparılanların sonrakı taleyi barədə uzun illər məlumat ala bilmədik”.
Lamiyə Qarayevanın sözlərinə görə, Xocalı soyqırımının törədilməsi üçün şaxtalı qış gecəsinin seçilməsi təsadüfi deyildir. Çünki ermənilər hadisənin bir nəfər də olsun şahidinin sağ qalmasını istəmirdilər.
Digər çıxışçılar, həmçinin itkin şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə bağlı təmsil etdikləri təsisatlar tərəfindən ötən zamanda görülən işlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib, itkin düşmüş şəxslərin tapılması yönündə birgə səylərin bundan sonra da davam etdiriləcəyinə, konfransda səslənəcək fikirlərin, irəli sürüləcək təkliflərin və aparılacaq fikir mübadilələrinin itkinlər probleminin həlli üçün yeni üfüqlər açacağına inamlarını ifadə ediblər.
Sessiyalardan sonra konfransın yekun bəyanatı qəbul edilib. Bəyanatda silahlı münaqişə tərəfləri bütün mövcud məlumatları, o cümlədən dəfn yerlərinin xəritəsini və itkin düşmüş şəxslərlə bağlı hər hansı mövcud məlumatları paylaşmağa çağırılıb. Həmçinin beynəlxalq təşkilatlar xüsusi mexanizmlərin yaradılması üçün müvafiq qətnamələr qəbul etməklə silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasına kömək göstərməyə dəvət edilib.
Eyni zamanda, bu tədbirin yüksək səviyyədə təşkilinə, müzakirələrin aparılmasına dəyərli imkan yaratdığına görə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına minnətdarlıq bildirilib.
Qeyd edək ki, konfrans iştirakçıları tədbirin ikinci günündə işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər və oradakı kütləvi məzarlıqlarla tanış olacaqlar.