AZ

Azərbaycan və Türkiyə arasındakı “yaşıl enerji” dəhlizi regionun geosiyasətini dəyişir – ŞƏRH

Azərbaycan və Türkiyə arasında həyata keçirilməsi planlaşdırılan “yaşıl enerji” dəhlizi iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsidir. Bu əməkdaşlıq regionda və Avropa qitəsində enerji təchizatının sabitliyini dəstəkləyən bir addımdır. Son dövrlər geosiyasi gərginlikləri də nəzərə alsaq, layihənin çox böyük önəmə sahib olduğunu əminliklə deyə bilərik.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, COVID-19 pandemiyasından sonra dünyada baş verən böhranlar bütün qlobal mexanizmlərə təsirsiz ötüşməyib. Bunun nəticəsində də “yaşıl enerji” və iqlim dəyişikliyi ilə bağlı planların həyata keçirilməsində geriləmə prosesi müşahidə edilib. Bununla belə, hər bir böhranın mənfi tərəfləri ilə yanaşı, regional əməkdaşlığa müsbət təsiri də olur. Yuxarıda qeyd edilən Azərbaycanla Türkiyə arasında “yaşıl dəhliz” layihəsi də məhz belə əməkdaşlıqlardandır. Hazırda Türkiyə və Azərbaycan enerji infrastrukturlarının inteqrasiyasını başa çatdırmaq və enerji ixracını, xüsusilə Naxçıvan vasitəsilə həyata keçirmək üzərində işləyirlər. Qeyd etmək lazımdır ki, Naxçıvanda gigavat gücündə bərpa olunan enerjiyə əsaslanan istehsal müəssisəsinin açılması da Türkiyənin enerji bazarına qoşulmaq üçün nəzərdə tutulub. İki qardaş türk dövləti Avropanın, regionun enerji təhlükəsizliyinə mühüm töhfələr verir.

Onsuz da Azərbaycanın reallaşdırdığı Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP kimi layihələr regional təchizat təhlükəsizliyinə mühüm töhfə verir. Bununla yanaşı, rəsmi Bakı 2030-cu ilə qədər “yaşıl enerji” potensialının 70 %-dən çoxunu ixrac etməyi planlaşdırır. Bu məqsədlə də Xəzər-Qara dəniz-Avropa, Azərbaycan-Türkiyə-Avropa, Mərkəzi Asiya-Azərbaycan-Avropa kimi “yaşıl enerji” dəhlizlərinin yaradılması ilə bağlı çalışmalar sürətlə davam edir.

Azərbaycanın bu siyasətlərinin əsasını 4 mart 2024-cü ildə keçirilən Aİ-Azərbaycan Yaşıl Enerji Məşvərət Şurasının 2-ci Nazirlər Toplantısı təşkil edir. Bu görüş çərçivəsində Avropa enerji sektorunun, xüsusilə külək sənayesinin təmsilçisi olaraq görülən “WindEurope”la anlaşma memorandumunun imzalanması prosesi fərqli bir ölçüyə gətirir. Azərbaycanın Avropa İttifaqı ölkələri ilə münasibətlərini enerji diplomatiyası üzərində qurması bu əlaqələri daimi və konkret edir.

Azərbaycanın ehtiyatları

Zəngin neft və qaz yataqları ilə yanaşı, Azərbaycan həm də ölkənin coğrafi mövqeyinə görə bir çox bərpa olunan enerji növlərinə və münbit torpaqlara malikdir. Azərbaycanın günəş enerjisi potensialı kifayət qədər yüksəkdir. Energetika Nazirliyinin məlumatına görə, ölkənin texniki günəş enerjisi potensialı 23 min MVt civarındadır. Azərbaycan, hər il 2400-3200 saat günəş işığı alır ki, bu da onu beynəlxalq standartlarla müqayisədə yüksək səmərəli edir. Bundan əlavə, ölkənin günəş radiasiyasının intensivliyi təxminən 1500-2000 kVt/m²-dir. Ən məhsuldar günəş resursları mərkəzi çay vadilərində, şimal və şimal-qərb bölgələrində yerləşir.

Azərbaycan, xüsusilə Xəzər dənizinin sahili küləkli yer kimi tanınır. Qədimlərdən Bakıya “Küləklər şəhəri” adı da əbəs yerə verilməyib. Ölkənin texniki külək enerjisi potensialı 3 000 MVt olaraq müəyyən edilib. Bu potensialın 800 MVt-ı qənaətcil hesab olunur və bu güc ildə 2,4 TVt/saat enerji istehsal edə və 1 milyon ton şərti yanacağa qənaət etməklə CO2 emissiyalarını azalda bilər. Xüsusilə Abşeron yarımadasında küləyin orta illik sürəti 7,9-8,1 metr/saniyə təşkil edir. Ölkə üzrə ümumi orta küləyin sürəti 6 m/s civarındadır ki, bu da onun iqtisadi və texniki potensialını gücləndirən amildir.

Hidroenergetika bu gün Azərbaycanda ən böyük bərpa olunan enerji mənbəyidir, lakin o, hələ tam potensialına çatmayıb. Rəsmi məlumata görə, ölkənin kiçik su elektrik potensialı 520 MVt təşkil edir və bu güc ildə 3,2 TVt/saat enerji istehsal edə bilər. Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ölkənin geotermal enerji potensialının 800 MVt olduğunu açıqlayıb. Ölkənin 11 geotermal bölgəsində temperaturu 30°C-dən 100°C-ə qədər olan sular var və bu sulardan elektrik enerjisi istehsalı və ya istilik üçün istifadə oluna bilər. Quba rayonunda suyun temperaturu 36°C-dən 85°C-dək, Kür-Araz ovalığında isə 95°C-ə qədərdir.

Hədəf və məqsəd

Yuxarıda sadalananlardan da məlum olur ki, ölkənin “yaşıl enerji” dəhlizi yaratmaq üçün bütün imkanları var. Azərbaycan isə bərpa olunan enerji layihələrinə sərmayə qoymaqla təkcə qalıq yanacaq tədarükçüsü deyil, həm də “yaşıl enerji” təminatçısı olmağı qarşısına məqsəd qoyduğunu qəti şəkildə nümayiş etdirir. Bu isə beynəlxalq aləmdə rəsmi Bakının imicini daha da nüfuzlu etməyə, yaxşılaşdırmağa şərait yaradır. Məsələn, külək və günəş enerjisi potensialı üzrə layihələr Avropanın bərpa olunan enerji hədəflərinə töhfə verə bilər. Bu, Azərbaycana qlobal enerji keçidində daha davamlı imic qazanmağa və ekoloji diplomatiyada fəal rol oynamağa imkan verir. Öz növbəsində isə belə fəaliyyət beynəlxalq platformada daha güclü mövqe qazanmağa imkan verə bilər.

Paris İqlim Sazişinin imzalanmasından sonra Azərbaycan 2030-cu ilə qədər istixana qazı emissiyalarının 35 %, 2050-ci ilə qədər isə 40 % azaldılmasını hədəfləmək qərarına gəlib və bərpa olunan enerji mənbələrinin inkişafı ölkənin təmiz enerji strategiyasının mühüm elementinə çevrilib.

Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə və təmiz enerjiyə keçid təşəbbüslərində bir neçə ölkə ilə birgə işləməyə nail olub və Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Mərkəzi Asiya və bir çox Avropa ölkələri ilə birgə layihələr həyata keçirilir.

Türkiyə ilə əməkdaşlıq

Azərbaycan və Türkiyənin yuxarıda qeyd edilən “yaşıl enerji” dəhlizi nəinki regionun, hətta Avropanın da enerji təhlükəsizliyi üçün böyük töhfə sayılır. Nəzərdə tutulan dəhliz Xəzər dənizindən Türkiyəyə qədər uzanacaq. Ardıcıl həyata keçirilən layihələr Azərbaycan və Türkiyə arasında “yaşıl enerji” dəhlizinin yaradılmasına dəstək verir. Bakı “yaşıl enerji” təchizatı sahəsində regional liderliyi təmin edəcək istehsal və ixrac layihələri üzərində işləyir.

Qeyd etmək yerinə düşər ki, 24 sentyabr tarixində Hamburqda keçirilən Külək Enerjisi Konfransında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edib. Azərbaycanlı nazir bu konfrans çərçivəsində təşkil edilən “Enerji keçidinin müddəti” mövzusunda sessiyada iştirak edib və bu sessiyada Azərbaycan və Türkiyənin “yaşıl enerji” dəhlizləri yaratmaq istəyini, o cümlədən “Yaşıl enerji dəhlizləri”ni müzakirə edib. “Xəzər dənizi – Qara dəniz – Avropa” təşəbbüsü Avropaya ilkin olaraq təxminən 4 giqavat “yaşıl enerji” verəcək.

“Azərbaycan-Türkiyə-Avropa” dəhlizi Xəzər dənizi və Mərkəzi Asiyadan Türkiyə və Avropaya elektrik enerjisinin ötürülməsi üçün daha böyük potensiala malik olmaqla, Naxçıvan regionundan 1 giqavat bərpa olunan enerjinin ixracını nəzərdə tutur. Azərbaycanın energetika naziri “Xəzər dənizi yaşıl enerji” dəhlizinin birləşdirilməsi imkanlarının müzakirəsi ilə yanaşı, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası sazişin tezliklə imzalanacağını diqqətə çatdırıb.

Göründüyü kimi, Azərbaycan yuxarıda sadalanan səylər sayəsində “yaşıl enerji” istehsalçısı və ixracatçısı kimi Avropada öz mövqeyini daha da möhkəmləndirəcək, bu sahədə söz sahibi olan ölkələrdən birinə çevriləcək.

Seçilən
108
44
nocomment.az

10Mənbələr