AZ

Murdar ənənənin davamçısı

Filosoflar tarix boyu yaxşı məsləhətçi olsalar da, lakin heç vaxt uğurlu lider ola bilməyiblər. Bunu Fransa prezidenti Emmanuel Makronun nümunəsində də əyani surətdə görə bilirik.

Adam ixtisasca filosof olduğuna görə tez-tez böyük auditoriyalarda, beynəlxalq tədbirlərin kürsülərindən çıxış etməyi, fəlsəfi-politoloji “mühazirə”lər oxumağı çox sevir. Bu gün (oktyabrın 4-də) Parisdə açılışı olan XIX Frankofoniya Zirvə toplantısı da növbəti dəfə filosofluğunu nümayiş etdirmək istəyən Makron üçün əla fürsət oldu.
Avropanın “axsaq ördəyi”nin (Makronun) əziz qonaqlarının (Nikol Paşinyan və Ararat Mirzoyanın) da iştirak etdiyi bu sammitdə Fransa prezidenti öz ənənəsinə sadiq qalaraq yenə də sensasiyalı fikirlər səsləndirməyə çalışıb.
Həmin fikirlərdən biri də Avropa İttifaqının (Aİ) yaxın gələcəyi ilə bağlıdır. Belə ki, E.Makron çıxışında bildirib ki, Avropa İttifaqı ABŞ və Çinlə rəqabətədavamlı olmasa, ölə bilər.
“Vaşinqton və Pekin iqtisadi artım və investisiyalarda Aİ-ni geridə qoyur. Aİ ölə bilər, ona görə ki, biz hazırda çox vacib bir anın astanasındayıq. Köhnə modelimizin yararlılıq müddəti bitdi - biz həddindən artıq hüquqi-inzibati tənzimləmələrə yer veririk və olduqca az investisiya edirik. Əgər yaxın iki-üç ildə də biz bu klassik gündəliyimizə sadiq qalsaq, onda dünya bazarından tamamilə sıxışdırılıb çıxarılcağıq”, - deyə Emmanuel Makron bildirib.
Fransa Prezidenti keçən il də Avropa İttifaqı ilə bağlı analoji fikirlər səsləndirmişdi. 2019-cu ildəki çıxışlarından birində isə Makron NATO-nun "beyin ölümü" keçirdiyini və artıq öz funksionallığını itirdiyi bildirmişdi. Lakin Rusiyanın Ukraynaya hücumundan sonra isə Fransa prezidenti Şimali Atlantika ittifaqı ilə bağlı fikrini dəyişmiş və Münhen Təhlükəsizlik Konfransında "Mən NATO-ya inanıram" demişdi.
Yelisey Sarayının rəhbərinin (Makronun) Avropa İttifaqının yaxın gələcəkdə üzləşə biləcəyi iflas təhlükəsi ilə bağlı “həyəcan təbili” çalması onun fəlsəfi fantaziyalarına yox, real vəziyyətə əsaslanır. Avropa İttifaqı hazırda ABŞ-Çin rəqabəti fonunda həqiqətən də “oyundankənar” vəziyyətə düşməkdədir. Və 19-cu Frankofoniya Sammitinin də əsas məqsədi məhz Fransanın liderliyi ilə hazırda dünyadakı yeni iqtisadi, texnoloji trendləri yaxalamaq üçün “yol xəritəsi” cızmaqdır. Buraya həmçinin rəqəmsal texnologiyalar, süni intellekt sferasında təcili layihələrin icrasına başlanılması da daxildir. Makron Fransada həyatın bütün sahələrində rəqəmsallaşmaya keçidi və süni intellektin tətbiqini planlaşdırır. Ordu və hərbi sənayenin də süni intellekt relsinə keçirilməsi planlaşdırılır. Makron həmçinin Aİ üzvü olan dövlətləri ABŞ və Çin şirkətləri ilə rəqabət apara biləcək transsərhəd şirkətlərin yaradılmasını təşviq etməyə çağırıb.
Beləliklə, görünən budur ki, özünü 21-ci əsrin Napoleonu obrazında görən Emmanuel Makron Avropa İttifaqının və Fransanın ən son inkişaf tendensiyalarından geri qaldığını gec də olsa anlayıb. O, özünün ikinci prezidentlik müddətinin son üç ilini məhz sözügedən geriləməni aradan qaldırmağa və Avropa İttifaqını Fransanın liderlik etdiyi yeni güc mərkəzinə çevirməyi planlaşdırır.
Makron bu planlarının icrası prosesində Ermənistanı da öz yanına almağı düşünür. Fransa prezidnti Ermənistanı Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsinə və Azərbaycanla rəqabətədavamlı sənaye, elm mərkəzinə çevirməyi hədəfləyir. Həmçinin Ermənistan ordusunun da hərbi-texniki cəhətdən tam modernləşdirilməsi, digital texnologiyalar üzərində komplektləşdirilməsi nəzərdə tutulur.
Və bu işlərin də bir çoxu məhz pulsuz olaraq həyata keçiriləcək. Makron Ermənistanı qısa müddətdə və ən müasir silahlarla təchiz etməyi hədəfləyir. Paşinyanın sülh söhbətləri də hamısı blefdir. Makron İrəvana Azərbaycanla sülh müqaviləsi bağlamağı, yumşaq desək, qadağan edib. Paşinyanın və Mirzoyanın sülhə dair açıqlamaları sadəcə iz azdırmaq üçündür, imitasiyadır. Əsl həqiqətdə isə sürətlə silahlanma prosesi gedir.
Əlbəttə, rəsmi Bakı bütün bu oyunlardan xəbərdardır. Prezident İlham Əliyev də bu gün Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında çıxışı zamanı bu məsələyə toxunaraq bildirdi ki, “bir tərəfdən sülhdən danışırlar, yalan-palan danışırlar, digər tərəfdən genişmiqyaslı silahlanma gedir. Silahları da kim verir onlara? Fransa və onun kimi anti-Azərbaycan ölkələr. O silahlar nə üçün onlara pulsuz verilir? Yəni, dediyim kimi şəhər-kəndlərimizi yenə də bax, bu vəziyyətə salmaq üçün”.
Azərbaycanın hərbi gücünün artırılması və müdafiə sənayesinin sürətlə inkişaf etdirilməsi, bax, bu açıdan hava-su kimi vacibdir. Xüsusən də qlobal Süni İntellekt rəqabətində uduzmamaq və Ermənistandan geridə qalmamağımız üçün çox iş görməliyik.
Türk-İslam dünyasına, özəlliklə də Azərbaycana dərin nifrət hissi bəsləyən Fransa prezidenti əsl İblis donuna bürünərək siyasi karyerasının son üç ilini bizə qarşı hər cür pisliklərə sərf edəcək. Makron ABŞ və Çinə sadəcə rəqib gözüylə, Türk-İslam dünyasına isə düşmən kimi baxır.
Türkəfobiya və islamofobiya fransız dövlətçiliyinin təməl prinsiplərindən biridir. Bu ənənə hələ taa Səlib yürüşləri dövründən bəri davam etməkdədir. Makron isə müasir Fransa prezidentləri arasında bu murdar ənənəni ən qabarıq şəkildə üzə çıxaran ilk siyasi lider oldu. O, səlibçi fransız krallarının “haqq işi”ni davam etdirdiyini düşünür. Maraqlıdır ki, 10 milyonluq kiçik Azərbaycan səlibçi Fransa liderinin məkrli planlarının qarşısını kəsən ən ciddi maneələrdən birinə çevrilib. Daha doğrusu, maneəyə yox, gücə çevrilib.
Bəli, biz GÜCük, güclüyük! Tanrı bizə Yar olsun!
Seçilən
141
vaxt.az

1Mənbələr