AZ

Aİ Çinin elektrik avtomobillərinə rüsumları 45 faizə qaldıracaq

Aİ

Bakı, 5 oktyabr, AZƏRTAC

Avropa Komissiyasında Çin istehsalı olan elektrik avtomobillərinə rüsumların artırılmasına dair səsvermə keçirilib. Aİ-nin 27 dövlətindən 10-u lehinə, 5-i əleyhinə səs verib, 12 ölkə isə bitərəf qalıb. Bu nəticə tarifləri qaldırmaq üçün kifayətdir.

AZƏRTAC “Euronews” telekanalına istinadla xəbər verir ki, Avropa rəsmilərinin sözlərinə görə, Pekinlə danışıqların davam etdiriləcəyinə baxmayaraq, yeni idxal tariflərinin noyabrın əvvəlindən beş il müddətinə tətbiq edilməsi gözlənilir. Bəzi avadanlıq növləri üzrə rüsumlar 45 faizə qaldırıla bilər.

Avropa Komissiyası Çində elektromobillərin istehsalı ilə bağlı bir ay davam edən araşdırmadan sonra rüsumları kəskin şəkildə artırmaq qərarına gəlib. Yoxlama müəyyən edib ki, istehsalçılar Aİ-yə ucuz qiymətlərlə elektriklə işləyən avtomobillər tədarük etməyə imkan verən geniş dövlət subsidiyaları alırlar. Avropa Komissiyasının sədr müavini Marqaritis Sxinasın fikrincə, belə dempinq Avropanın elektromobil istehsalçıları üçün təhlükə yaradır.

Yeni qərara əsasən, tariflər Çində istehsal olunan “Tesla” kimi şirkətlər üçün 7,8 faizdən (Avropa Komissiyasının araşdırmaçıları ilə əməkdaşlıq etməyən Çin istehsalçıları üçün bu, 10 faizlik əsas tarifə əlavədir) 35,3 faizə qədər dəyişəcək.

Rüsum artımının əleyhinə səs verənlər arasında Avropada avtomobil sənayesində liderlərdən biri olan Almaniya da olub. Alman Avtomobil Sənayesi Assosiasiyasının fikrincə, gömrük tariflərinin artırılması “həm avropalı istehlakçılara, həm də Avropa müəssisələrinə zərər verəcək”. BMW-nin icraçı direktoru Oliver Tsipze bildirib ki, Aİ və Çin ticarət müharibələrinə başlamalı deyil, danışıqlar aparmalıdır.

Pekin Avropa Komissiyasının qərarını kəskin tənqid edərək, onu proteksionist adlandırıb və cavab tədbirləri ilə hədələyib.

Seçilən
176
21
azertag.az

10Mənbələr