Sosial şəbəkələrin Türkiyə seqmentində zaman-zaman belə bir iddialara rast gəlmək olur ki, “Trendyol” bəzi şirkətlərin adıçəkilən onlayn ticarət platformasının imkanlarından yararlanmasını əngəlləyir. İddia edilir ki, “Trendyol” başqa şirkətlərlə sövdələşmə əsasında onların bazar payını qorumağa çalışır və daha çox (ən azından stabil) qazanc əldə etmələrinə şərait yaradır.
Məsələn, bir sahibkarın iddiasına əsasən, o, məhsulunun orijinallığını sübut etsə də, şirkət müvafiq proseduru yubatmaqla məşğul olub: “Şirkət rəhbərinə qədər elektron poçt vasitəsilə müraciət etdik. Lakin onlar nəinki cavab verdi, hətta bizi “qara siyahı”ya saldı. Aylarla sənədləşmə ilə əlləşdik… Kredit götürdük, nə qədər mal aldıq və ehtiyyat yaratdıq, depo açdıq, yatırım etdik, aylarla mallarımız satışa çıxa bilmədi… Tələb etdiklərindən daha çox sənədlər təqdim etdik, nəhayət icazə ala bildik… Lakin 10 gün sonra yenə problemlər başladı və satış edə bilmədik. Təkrar-təkrar e-mail yazdıq, telefonla əlaqə saxladıq, lakin cavab verilmədi”.
Oktyabrın 9-da “Trendyol” Bakı ofisinin rəsmi açılışından sonra təşkil olunan mətbuat konfransında Index.az olaraq adıçəkilən şirkətlər qrupunun baş icraçı direktoru Erdem İnana yuxarıda qeyd edilən məsələ ilə bağlı suallımızı ünvanladıq. Erdem bəy məsələyə geniş cavab verdi:
“Aktiv şəkildə işlədiyimiz satıcıların sayı ildən-ilə sürətlə artır və onların 80%-dən çoxu kiçik və orta biznes nümayəndələridir. “Trendyol”un iş modeli bir çox insana bəllidir: biz öz məhsullarımızı satmırıq, satıcılarla müştərilər arasında körpü rolunu oynayırıq. Təbii ki, satıcılar bir-biri ilə rəqabət aparır. Etiraf edirəm, bəzən biz iki rəqabətdə olan satıcının arasında qalırıq. Şirkətlər bəzən bizə rəqiblərindən şikayət edir. Toxunduğunuz məsələ bizə tanışdır və o prosesi ciddi təqib edirdik. Bir şeyi dəqiq bilin: biz nəinki alıcı olan müştərilərimizin şikayətlərini, eyni zamanda satıcıların da şikayətlərinə həssaslıqla yanaşırıq və araşdırırıq. Yəni bizim üçün hər iki tərəf önəmlidir. Çünki bizim məqsədimiz odur ki, satıcı ilə alıcı problemsiz şəkildə alış-veriş etsin. İnanın mənə, müştəri heç də hər zaman ən böyük markaları seçmir. Bir çox hallarda spesifik məhsulları öz şəhərində belə tapmadığı halda, “Trendyol”da tapır. Elə “Trendyol”u fərqli edən də budur. Məsələn, rəqiblərimizlə müqayisədə bizim bazamızda kiçik və orta biznes sahiblərinin payı daha çoxdur. Təbii ki, iş olan yerdə şikayət də olacaq. Bizim məqsədimiz şikayətlərin aydan-aya, ildən-ilə azalmasına nail olmaqdır və biz bunu bacarırıq. Təbii ki, daha çox inkişaf etməliyik və buna köklənmişik”.