Rusiya Ukraynanın şərqində işğal etdiyi ərazilərdəki müəssisələrin bazasında İranın “Şahid” dronlarının istehsalını təşkil etməyi nəzərdən keçirir.
Bu barədə Ukraynanın Milli Müqavimət Mərkəzi mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, zərbə dronlarının istehsalını yer altında aparmağı və yığıma peşə məktəbi tələbələrini cəlb etməyi planlaşdırırlar. Plana əsasən, sözügedən ərazilərdəki istehsalat dronların buraxılış poliqonlarına çatdırılma müddətini sürətləndirməlidir.
Bildirilib ki, hazırda dronların yığılması və yerləşdirilməsi üçün son yerlər nəzərdən keçirilir.
“Report” xatırladır ki, oktyabrın 9-da Ukrayna Hərbi Dəniz Qüvvələri və Ukrayna Təhlükəsizlik Xidmətinin birgə əməliyyatı çərçivəsində Rusiyanın Krasnodar diyarında “Şahid” dronlarının saxlanılma bazasına zərbə endirilmişdi. Məlumata görə, bazada 400 civarında dron saxlanılırdı.