AZ

Vəfa Şərifovanın şikayətinə görə, Afət Fərmanqızını hansı CƏZA GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi müğənni Vəfa Şərifova həmkarı Afət Fərmanqızını məhkəməyə verib. Bu barədə o, "Rəngarəng" verilişində deyib.

Vəfa bu addımı Afətin sosial mediada onun ünvanına səsləndirdiyi fikirlərə görə atdığını söyləyib:

"Bəli, Afəti məhkəməyə vermişəm. Bu mövzu haqqında çox danışmaq istəmirəm. İş məhkəmədədir. Elə mövzular bu verilişdən başlayıb. Ailəmə və mənim şəxsiyyətimə söyüş, təhqir olub. O dövrdə belə məhkəməyə müraciət etmədim. İndi görün hanı həddə gəlmişəm ki, məhkəməyə müraciət etmişəm. Buraya sosial şəbəkələrdəki canlı yayımlar, paylaşımlar, səhifələrdə yayılması, bir sözlə çox şey daxildir".
 

MÖVZU İLƏ BAĞLI:

Vəfa Şərifova Afət Fərmanqızını MƏHKƏMƏYƏ VERDİ


Səslənən fikirlərlə bağlı ifaçı Afət Fərmanqızı ilə əlaqə saxladıq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, kimisə məhkəməyə vermək Vəfanın Konstitusion hüququdur:

“Amma o məni məhkəməyə verməyib. O sadəcə hər kəsi və medianı aldadır. Özünüz bilirsiniz ki, o məni məhkəməyə vermiş olsa idi, mənə məhkəmədən bildiriş gəlməliydi ki, filankəs filan səbəbə görə sizi məhkəməyə verib. Amma mən məhkəmədən hər hansı bir bildiriş almamışam. Bu da onu sübut edir ki, məni məhkəməyə vermək onun başı üçün deyil”.

Müğənni onu da qeyd edib ki, o “akula”larla vuruşub:

“Xalq artisti ilə uzun məhkəmə çəkişməm olub. Onların fonunda Vəfa kimdir ki?! Onun məni məhkəməyə verməyə nə savadı, nə də məntiqi yetərli deyil. Bu söhbət 3 ay əvvəl ortaya çıxıb. Bu da onun öz fikri deyil, arxasında duranlarının ideyasıdır. Vəfanı buna məcbur edən 2 nəfərdir. Əgər Vəfa məni məhkəməyə versə, o zaman o iki nəfərin adını açıqlayacam”.  

Bəs, iddialar doğru çıxsa, o zaman Afət Fərmanqızını hansı cəza gözləyir?

Suala Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Vəfa Şərifovanın açıqlamasından aydın olmur ki, o hansı qaydada şikayət edib:

“Təhqirlə bağlı müraciət adətən 2 cür olur. Birincisi, mülki qaydada – şərəf və ləyaqətin alçaldılmasına görədir. Əgər mülki qaydada müraciət olunubsa o zaman ancaq maddi təzminat tələb olunur. Təzminatın məbləğini də iddiaçı tərəf irəli sürür. İkinci variant odur ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilsin. Bu halda qarşı tərəfi 1000-1500 manata qədər cərimə, ya da 6 aya qədər həbs cəzası gözləyir”.

Surxay Atakişiyev, Bizim.Media 

Seçilən
58
50
bizim.media

10Mənbələr