Avropa İttifaqının xarici işlər nazirləri bu gün keçiriləcək iclasda İran və Rusiya təşkilatlarına qarşı yeni sanksiyalar paketi ilə bağlı qərar qəbul etməyi planlaşdırırlar.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Politico” nəşri Aİ diplomatları arasında olan mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, yeni sanksiyalar “regiondakı digər ölkələrə, eləcə də Rusiyaya silah göndərməkdə iştirak etdiyi iddia edilən İran şirkətlərinə qarşı yönəldiləcək.
Məhdudlaşdırıcı tədbirlərin İrandan gələn aviaşirkətlərə də təsir edəcəyi gözlənilir. Bundan əlavə, Aİ ölkələrinin xarici işlər nazirləri sanksiyalardan yayınmağa qarşı mübarizəni müzakirə etməyi planlaşdırır və Moskvanın digər ölkələrdə “sabitliyi pozan hərəkətlərində” iştirak etdiyi iddia edilən, ancaq adı açıqlanmayan Rusiya təşkilatlarına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək barədə qərar qəbul edə bilər.
Oktyabrın 8-də Aİ Şurası Rusiya Federasiyasının xaricdəki müəyyən sabitliyi pozan hərəkətlərinə qarşı yönələcək yeni qadağanedici tədbirlər mexanizmini qəbul edib. Hibrid hərəkətlər və müdaxilənin nədən ibarət olduğuna dair qərarlar yalnız Aİ üzvlərinin və ya onun xarici siyasət xidmətinin təmsilçiliyi əsasında Aİ Şurası tərəfindən qəbul ediləcək.
Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozef Borrell ayrıca bəyanatında Brüsselin Moskvanı ittiham etdiyi hibrid hərəkətlərin siyahısını göstərib:
kiberhücumlar, informasiya manipulyasiyası, seçkilərə müdaxilə, yandırma, vandalizm və təxribat, o cümlədən kritik infrastruktur.
Borrell həmçinin iddia edir ki, Rusiya NATO ölkələrinin peyk rabitəsini, onların hava məkanını pozur və Aİ-də ayrı-ayrı şəxslərə hücumlar həyata keçirir.