Con Podesta İlham Əliyevin Dövlət Departamenti ilə bağlı iddialarına da cavab verib
ABŞ Prezidenti Co Baydenin iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycan Prezidenti İlham Əliyevin Blinkenə sanksiyalarla bağlı məktubun Dövlət Departamentində hazırlanması ilə bağlı fikirlərini təkzib edib.
Ötən həftə Bakıda keçirdiyi brifinqdə "Turan”a bu ittihamları şərh edərkən Con Podesta bildirib ki, Amerika demokratiyasının gücü hakimiyyətlərin bölünməsindədir: "Bizdə hakimiyyətin bərabər qolları var. ABŞ-da Prezident və İcra Hakimiyyəti Konqresə nəzarət etmir. Bu, demokratiyamızın güclü olmasının səbəbidir. Konqremenlər düşündüklərini deyirlər”.
"Bizim fikirlərimiz isə hamıya məlumdur. Konqresdəki insanların hərəkətlərinə nəzarət etməyimiz haqda iddialar əsassızsır, bizim sistemə ziddir. Onların müstəqil statusu var”, – deyə Podesta əlavə edib.
O, konqresmenlərin məktubunun məzmununa toxunaraq deyib ki, məktub onların Azərbaycanda insan haqları ilə bağlı narahatlığını əks etdirir: "Bunlar onların öz müstəqil baxışlarıdır. Ona görə də bu məktubu imzalayanların özündən niyə belə fikrə düşdüklərini soruşmaq lazımdır. Prezident və Dövlət Katibi Konstitusiyaya uyğun olaraq öz səlahiyyətlərinə malik olan müstəqil hakimiyyət qoluna təsir göstərmir və onun əvəzinə məktub yazmır”.
İlham Əliyevlə görüşdə Azərbaycanda insan haqları ilə bağlı qaldırdığı sualı cavablandıran baş müşavir deyib ki, bu mövzu Vaşinqtonla Bakı arasında vaxtaşırı müzakirə olunur.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi ATƏT çərçivəsində insan hüquqları və mətbuat azadlığı ilə bağlı öhdəliklərini yerinə yetirəcəyinə söz verib: "Ona görə də biz hakimiyyətdən öz vədlərini yerinə yetirəcəyini gözləyirik”.
Oktyabrın 4-də Azərbaycanın dövlət başçısı İlham Əliyev ABŞ Konqresinin 60 konqresmeninin Dövlət Departamentinə müraciətinə reaksiya vermişdi.
İlham Əliyev konqresmenlərin çağırışını Azərbaycana qarşı düşmənçilik adlandıraraq mətnin Dövlət Departamentində hazırlandığını bildirmişdi: "O müraciətə baxdıqda mən təxmin etdim ki, bunun müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin dövlət katibidir. Amma məndə bir zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni özləri özlərinə məktub yazırlar, bizi hədələmək, bizi ittiham etmək üçün”.
Oktyabrın 3-də ABŞ-nin 60-dək konqresmeni Dövlət katibi Entoni Blinkenə müraciət edərək Vaşinqtonu noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində insan haqlarının müdafiəsi və bütün siyasi məhbusların azad edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təzyiq göstərməyə çağırmışdılar.
Qeyd olunurdu ki, 10-u senator, 48-i Nümayəndələr Palatası üzvü olmaqla qrup Blinkendən Azərbaycandakı bütün siyasi məhbusların azad edilməsi məqsədilə tədbirlər görməyi, həmçinin Ermənistana qarşı təxribat xarakterli bəyanatların verilməsinin dayandırılmasını istəyiblər.