AZ

Ermənistan-Rusiya: sivil boşanma, yoxsa razılaşdırılmış oyun? 

Bəs, Azərbaycan və Ermənistan arasında vəziyyət hansı mərhələdədir?
 Son bir həftədə əsas müzakirələrdən biri MDB dövlət başçılarının Moskva sammitində hazırlanan iki sənədi Ermənistanın baş naziri imzalamaması oldu. Bu, Ermənistan üçün ODKB-də dondurulmuş fəaliyyətin formaca başqa təzahürüdür. Yəni, rəsmi İrəvan ODKB görüşündə iştirak etmir, MDB görüşündə iştirak etsə də heç bir sənədi imzalamır. ODKB- yə münasibət 2022-ci il İrəvan sammitində  Paşinyanın yekun sənədi imzalamaqdan imtina etməsi ilə başladı, davamı fəaliyyətin dondurulması ilə bitdi.
Ermənistanın yaxın perspektivdə MDB-də də fəaliyyətini dondurmasının şahidi ola bilərikmi? 
 Moskva sammitində daha çox diqqətçəkən məsələ isə, əlbəttə ki, Ermənistan-İran və Ermənistan-Türkiyə dövlət sərhədlərinin 1 yanvar 2025-ci ildən etibarən Rusiya sərhədçiləri ilə yanaşı Ermənistan sərhədçilərinin də qoruması barədə tərəflərin razılığa gəlməsi oldu. Üstəlik, İran və Ermənistan dövlət sərhədindəki nəzarət-buraxılış məntəqəsinin də birbaşa Ermənistanın nəzarətinə keçməsi də razılaşdırıldı.  
 Bu ilin avqustun 1-dən Zvartnos aeroportundan çıxarılan rusiyalı sərhədçilərin ardınca son baş verənlər RF hərbi kontingentinin Ermənistandan tədricən uzaqlaşdırılması prosesidirmi və bu proses Gümrü bazasının da vaxtından əvvəl çıxarılması ilə yekunlaşa bilərmi? Proses bu şəkildə davam edərsə, Ermənistan xislətinə xas olaraq yeni təhlükəsizlik çətirinin altına girmək üçün başqa bir qüvvəni və ya konkret olaraq Rusiyanı əvəz edə biləcək bir Qərb dövlətini ölkəyə dəvət edərmi?
  Suallar çoxdur və birmənalı cavab vermək də asan deyil. Rusiya Ukraynada apardığı müharibə səbəbindən başqa bölgələrə xüsusi diqqət ayıra bilmir. Rusiyanın zəiflədiyi hiss olunur, amma asanlıqla da Güney Qafqazı tərk edəcəyi gözlənilmir. Əgər diplomatik münasibətləri olmayan Gürcüstanı Qərbin təsirindən qoparmaq məqsədilə son illərdə xeyli irəliləyişə nail olubsa və 26 oktyabr seçkilərinə strateji önəm verib, mövcud iqtidara dəstəyini əsirgəmirsə, o zaman hərbi, iqtisadi baxımdan Ermənistanda böyük təsirə malik olan Rusiyanın asanlıqla bölgəni tərk etməsi az ehtimal olunur.
  Putin xüsusi xidmət orqanının keçmiş işçisi kimi ( adətən bu orqanın “keçmiş işçisi” olmur) siyasətdə də “operativ kombinasiya” qurmağı, “operativ əfsanə” yaratmağı sevir. Qarşı tərəf inanmağa başlayır, arxayın düşür, nəticədə qarşısındakının zəif bəndindən son anda elə zərbə vurur ki, bütün ölkə ağır vəziyyətə düşür və daxildəki narazılıq pik həddə çatır. Ermənistanın zəif bəndi Rusiyadan iqtisadi asılılığıdır, amma Rusiyaya tətbiq olunan sanksiyalar da Moskvanı Ermənistandan asılı vəziyyətə salıb. Ona görə də Ermənistanın Rusiyaya demarşları hələ bir müddət də davam edə bilər ( hətta NATO-nun bir “cinahı” olmaq arzusuna qədər) və Rusiyanın da bir yerə qədər təpki verməyəcəyi mümkündür.
Əslində baş verənlər birbaşa Rusiya Ermənistan münasibətləri ilə bağlıdır, amma bu münasibətlərdən yaranan siyasi ab-havanın bəzən birbaşa, bəzən də dolayısı ilə Azərbaycana təsirləri olur. Açığı deyək ki, indiyədək bu təsirləri Azərbaycan öz maraqları naminə yüksək şəkildə dəyərləndirə bilib. 
  Bundan sonra iki ölkə arasında daha çox müzakirə edilən sülh müqaviləsi və Zəngəzur dəhlizi problemi necə həll olunacaq?
Paşinyan 12 oktyabr çıxışında yeni bir ideya irəli sürüb: Rusiya Zəngəzur dəhlizinin təhlükəsizliyi üçün yalnız monitorinq apara bilər, yəni, Azərbaycan-Ermənistan dövlət sərhədində Avropa İttifaqının mülki missiyası kimi. Rusiyanın belə bir missiya ilə təmsil olunacağı real görsənməsə də, strateji baxımdan bölgənin təhlükəsizliyi üçün vacib perspektivdir. Əslində, bu yoldan daha çox türk dövlətlərinin istifadə edəcəyini nəzərə alsaq, kənar güclərin, konkret olaraq Rusiyanın hərbi missiya ilə təmsilçiliyi bu dövlətlərin maraqlarına ziddir. 
  Paşinyan 12 oktyabr çıxışında Laçın dəhlizini, Rusiya sülhməramlılarını, Qarabağ ermənilərinin geri qayıtmasını bir daha xatırlatmaqla bir daha sübut etdi ki, 10 noyabr 2020 üçtərəfli razılaşmanı mübahisə predmetinə çevirən Ermənistan baş naziri, sabah 80 faiz razılaşdırılmış, yəni yarımçıq sülh müqaviləsi imzalanarsa, onu da perspektivdə hüquqi mübahisə predmetinə çevirməyə hazırdır. Ona görə də, Azərbaycanın şərtləri və tələbləri sonadək razılaşdırılmadığı halda, sülh müqaviləsinin yaxın zamana imzalanması imkansız görünür. Eyni zamanda Zəngəzur dəhlizindən istifadə şərtləri Azərbaycanın maraqları ilə uzlaşmazsa, Azərbaycan da öz ərazisindən istifadəyə razılaşmayacaq, nəticədə yenə çətin vəziyyətdə qalan Ermənistan olacaq. 
   Konstitusiya dəyişikliyinin 2027-ci ilə mümkün olacağını bildirən Paşinyan burada da qeyri-səmimidir. Ona görə ki, referendum seçkidir, burada son qərarı hakimiyyət deyil, Ermənistan vətəndaşları, yəni erməni xalqı verir, məsuliyyəti də hakimiyyət yox, xalq daşıyır. Ona görə 2027-ni hədəf göstərmək də məkrli planların tərkib hissəsidir. 
 
İlham İsmayıl
 
Seçilən
58
50
moderator.az

10Mənbələr