Oktyabr ayında süd vəzi xərçənginə qarşı mübarizə aylığı keçirilməsi ənənə halını alıb. Onun keçirilməsini ilk dəfə 1992-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) elan edib və 1993-cü ildən hər il oktyabrın 15-i dünyanın 44 ölkəsində Süd Vəzi Xərçənginə Qarşı Ümumdünya Mübarizə Günü kimi qeyd edilir. Onkoloji qadın xəstəlikləri sırasında süd vəzi xərçəngi birinci yeri tutur. Simvolik olaraq “çəhrayı lent” ayı kimi xarakterizə edilən oktyabr ayı hər il ölkəmizdə də qeyd olunur, müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Aylığın keçirilməsində məqsəd – qadınlara süd vəzi xərçəngi barədə geniş məlumat vermək, erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini onlara çatdırmaqdır. Respublikamızda həmin xəstəliklə ən çox mübarizə aparan mütəxəssislərdən biri, Avropa Radioloqlar Assosiasiyasının üzvü, tanınmış mammoloq-radioloq Günel Qəmbərova süd vəzi xərçəngi və xəstəliyin erkən diaqnostikasının əhəmiyyəti ilə bağlı suallarını cavablandırıb.
Mammoloq-radioloq Günel Qəmbərova Azərbaycan Tibb Universitetinin (ATU) Şüa diaqnostikası və şüa terapiyası kafedrasının assistentidir. Avropa Radioloqlar Assosiasiyası (ERC), Azərbaycan Radioloji Cəmiyyəti, Türk Tibbi Onkoloji Dərnəyi, Qazaxıstan Mammoloji Dərnəyi, Gürcüstan Mammologiya Dərnəyinin üzvüdür. Rusiyada keçirilən “A”dan “Ya”ya Mammologiya” kursunun bütün təlimlərinə qatılan və 8 sertifikat alan yeganə azərbaycanlı həkimdir.
Hazırda Azərbaycanda ilk Regional Süd Vəzi Diaqnostik Mərkəzinə rəhbərlik edir. Məlhəm Beynəlxalq Hospitalında mammoloq–radioloq olaraq çalışır. Süd vəzinin qeyri-şiş mənşəli və xərçəngönü xəstəliklərinin radioloji metodlarla erkən diaqnostikası ilə məşğuldur. 52 elmi məqalənin müəllifidir.
-Həkim, ÜST-nin məlumatında qeyd olunur ki, süd vəzi xərçəngi hər il təxminən 2,3 milyon xəstədə qeydə alınır və hazırda ən çox yayılan onkoloji xəstəlikdir. İllərdir süd vəzi xərçəngi ilə mübarizə aparan bir mütəxəssis kimi apardığınız maarifləndirmə işləri öz nəticəsini verir?
-Süd vəzi xərçəngi əsrin, bəşəriyyətin bəlasıdır. Son statistikaya görə, dünyada hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir. Problem Azərbaycanda da aktualdır. Çox təqdirəlayiq haldır ki, artıq kişilər xanımların sağlamlığına qarşı həssas və diqqətli münasibət göstərməyə başlayıblar. Mən bunu aparılan təbliğat kampaniyası və maarifləndirmə işlərinin nəticəsi hesab edirəm. Onlar müraciət edərək analarını və xanımları müayinəyə gətirmək istədiklərini bildirirlər. Vaxtında edilən müraciət, erkən müayinə çox şeyi həll edir. Bu mənada onların bu narahatlığını yüksək qiymətləndirirəm.
Avropa Radioloqlar Cəmiyyətinin heç də xoş olmayan bir statistikasına görə, 2030-cu ildə hər dörd qadından birində süd vəzi xərçəngi aşkar olunacaq. Fikirləşəndə ki, həmin xəstəliyə mübtəla olanlar bizim doğmalarımız, yaxınlarımız, ümumən Azərbaycan xanımıdır, çox böyük narahatlıq doğurur.
Xəstəlikdən heç kəs sığortalanmayıb, xərçəng hər kəsin qapısını döyə bilər. Odur ki, sağlamlığa dəyər verib ildə bir dəfə mammoqrafiya müayinəsindən keçmək zəruridir. Mammoqrafiya süd vəzi xərçəngini 0-cı mərhələdə aşkar edən dünyada yeganə üsuldur.
Hər il oktyabr ayında istər Azərbaycanda, istərsə də dünyanın digər ölkələrində müxtəlif tədbirlər, seminarlar keçirilir, aksiya və kampaniyalar təşkil olunur. Həmin tədbirlərin əsas məqsədi erkən mərhələdə xanımları müayinələrə cəlb etməkdir. Bu, təsdiq olunmuş bir faktdır ki, ilkin mərhələdə diaqnoz qoyulan xəstəliklərin 80 faizindən çoxu uğurla müalicə olunur. Qeyd edim ki, süd vəzi xərçəngi ayı çərçivəsində bir çox klinikalarda olduğu kimi, Məlhəm Beynəlxalq Hospitalda da xüsusi kampaniya təşkil edilib və oktyabrın 31-dək mammoqrafiya müayinəsi 50 faiz endirimlə aparılacaq. Mammoqrafiyadan keçən xanımlar üçün həkim müayinəsi də pulsuzdur. Əslində, bu, pasiyentlər üçün çox böyük fürsətdir. İndiyədək həmin prosedurdan keçməyən xanımlar yubanmadan mammoqrafiya olunmağa tələsməlidirlər. İldə cəmi bir dəfə müayinədən keçməklə hər bir xanım özünü süd vəzi xərçəngindən qorumuş olur. Unutmaq olmaz ki, mammoqrafiya həyati əhəmiyyət daşıyan müayinədir. Hər bir qadın 25 yaşdan sonra ildə iki dəfə süd vəzinin ultrasəs, 35 yaşdan sonra isə ildə bir dəfə mammoqrafiya müayinəsindən keçməlidir.
-Niyə məhz mammoqrafiya?
- Mammoqrafiya qadınlarda süd vəzinin daha aydın və detallı müayinə metodudur. Yeganə müayinə metodudur ki, xərçəngi erkən vaxtda aşkarlamağa imkan verir. Doğrudur, süd vəzi xərçənginin erkən diaqnostikasında yaşı 20-dən yuxarı olan qadınların özlərini ayda bir dəfə aynanın qarşısında dayanaraq əllə müayinə etmələri də olduqca vacibdir. Bu zaman əlləri belə qoyaraq diqqətlə hər iki süd vəzinin forma, ölçü, rəng və quruluş fərqliliklərinə diqqət yetirmək lazımdır. Eyni prosedur əlləri başın arxasına qaldıraraq təkrarlanır. Yenə güzgü qarşısında dayanaraq sağ süd vəzini sol əllə, sol süd vəzini sağ əllə süd vəzi üzərində kiçik dairələr çəkəcək şəkildə və çox sıxmadan, barmaqların iç səthi ilə təmas etdirərək hərəkət etdirmək lazımdır. Hər iki süd vəzi giləsi barmaqların arasına alınaraq diqqətli və çox sıxmadan müayinə edilir. Sonra hər iki qoltuqaltı o biri əllə müayinə olunur. Bir və ya hər iki süd vəzinin ölçüsündə və ya formasında dəyişiklik, süd vəzindən axıntının olması, qoltuqaltı nahiyədə düyün və ya şişkinlik, süd vəzi dərisində çuxurlaşma, süd vəzi giləsinin üstündə və ya ətrafında qızartı, süd vəzi giləsinin içəri dartılması və s. kimi əlamətlər olduqda dərhal həkimə müraciət edilməlidir. Lakin həmin əlamətləri görüb gəlmək artıq 2-ci, 3-cü mərhələdən sonrakı dövr sayılır. Daha yaxşı olar ki, xəstə əlinə düyün dəymədiyi, heç bir şikayəti olmadığı dövrdə həkimə üz tutsun. Xərçəng səssiz yatan ilan kimidir, xoşbəxt həyatın davam etdiyi günlərin birində ilan kimi baş qaldırır və sancır. Siz süd vəzinin əllə müayinəsi zamanı aşkarlanan 1 santimetr kütlə həmin ölçüyə çatana qədər 5-7 il, bəzən də 12 il vaxt keçir. Qadın kiçik ölçüdə olan düyünü hiss edəndə artıq xərçəng xəstəliyinin 3-5-ci ili olur. Məhz buna görə mammoqrafiya müayinəsinin erkən olmasını vurğulayırıq ki, qadın həmin düyünü görmədən, hiss etmədən, şikayətlərin baş qaldırmadığı dövrdə onu aşkarlaya bilək.
Təəssüf ki, bəzən xanımların müayinələrlə bağlı müəyyən qorxuları olur. Əlbəttə, bunlar hamısı mifdir. Mütəxəssis tərəfindən düzgün icra edildiyi zaman mammoqrafiya zamanı heç bir ağrı olmur. Mammoqrafiya zamanı ağrı hiss edilirsə, deməli, həkim ya qeyri-peşəkar olub və ya müayinə düzgün aparılmayıb. Odur ki, doğru həkimi seçmək çox vacib məsələdir. Bəzi xanımlar isə həmin müayinədən şüaya görə qorxurlar. Müasir rentgen aparatlarında qadın orqanizminə təsir edə biləcək qədər şüa dozası olmur. Ona görə də bu, yersiz narahatlıqdır. Bir mammoqrafiya müayinəsinin şüası mobil telefonun 1,5 saat ötürdüyü şüaya bərabərdir, yaxud da kosmik fəzadan 2,5 saat alınan şüa qədərdir. Hələ indiyədək dünyada mammoqrafiya müayinəsi nəticəsində xərçəng olan xəstə qeydə alınmayıb. Mammoqrafiya xərçəng yaratmır, əksinə, ölümdən qoruyur.
Bəzən müayinə zamanı şübhə doğuran hal meydana çıxanda biopsiya tövsiyə edirik. Təəssüf ki, bəzən xanımlar, yaxud da onun ailə üzvləri biopsiya etdirmək istəmirlər. Bu da bizim işimizi çətinləşdirir. Bir müddət sonra həmin xəstələr daha ağır vəziyyətdə yenidən həkimə üz tuturlar. Ona görə də həkimin biopsiya tövsiyə etdiyi halda tərəddüd etmədən onu yerinə yetirmək lazımdır.
- Süd vəzi xərçənginin yaranma səbəbləri nələrdir?
- Süd vəzi xərçənginin yaranma səbəbi məlum olmasa da, xeyli sayda risk faktoru var. Bu zaman fərdi səbəblər, genetik və ətraf mühit faktorları rol oynayır. Onun əmələ gəlməsində genetik faktorlar, hormonal pozulmalar, gənc anaların körpələrə süd verməkdən imtina etməsi, travmalar, dar alt paltarları, cinsi həyatın normal olmaması və s. əsas səbəblər kimi göstərilir. Ana tərəfdən nəsildə süd vəzi xərçəngi varsa, xanımların erkən müayinədən keçməsi, təhlillərin aparılması vacibdir. Dar alt paltarlarının geyinilməsi süd vəzi xərçənginin əmələ gəlməsi səbəblərinin 4 faizini təşkil edir. Gənc anaların körpəyə ən azı 6 ay süd vermələri həm uşağın, həm də özlərinin sağlamlığı baxımından çox vacibdir. Estrogenə məruz qalma da süd vəzi xərçənginin inkişaf riskini artırır. Qadının ilk aybaşı (məsələn, 12 yaşından əvvəl) nə qədər tez baş verərsə və menopoza nə qədər gec daxil olarsa (məsələn, 55 yaş) xəstəliyin inkişaf riski də o qədər yüksək olur. Bəzən steril anamnezlə müraciət edən xəstələr olur. Bəzən də elə xəstələr olur ki, qohumlarında (məsələn, anası, bibisi, xalası və ya nənəsində )xərçəng yoxdur, abort etdirməyib, körpəsinə 2 il süd verib, gecələr normal yuxu yatıb, heç bir zədə almayıb, radiasiyalı mühitdə işləməyib, lakin buna baxmayaraq 30 yaşında xərçəng aşkarlanır. Belə olan halda genetik analizlərdən sonra hansısa zəncirdə qırılma baş verdiyini aşkarlayırıq. Təəssüf ki, onun səbəbləri barədə bu gün elmi axtarışlar da konkret səbəblər ortaya qoymayıb. Acınacaqlı haldır ki, xərçəng xəstəliyi getdikcə xüsusiyyətini dəyişir. Gənc xəstələrdə xərçəngin daha aqressiv tiplərinə rast gəlirik. Əgər bir neçə il əvvəl hormon pozitiv süd vəzi xərçəngi ilə xəstələnən pasiyentlərin müraciəti zamanı onun gec inkişaf edəcəyini düşünürdüksə, son vaxtlar bu proqnoz özünü doğrultmur və daha aqressiv irəliləyir. Müasir dövrdə onun inkişafını sürətləndirən səbəblər çoxdur. Bunlardan biri də çoxsaylı abortlardır. Bu gün regionlarda abortların sayı artıb. Lənkəranda və Goranboyda fəaliyyət göstərən Süd Vəzi Diaqnostik Mərkəzinin rəhbəri olaraq müxtəlif xəstəlik tarixçələri ilə qarşılaşıram.
28 yaşında qadın 14 yaşında qızı ilə qəbula gəlmişdi və məlum olur ki, qadın 14 yaşında ailə həyatı qurub. Qadının mamoqrafiya müayinəsinin görüntülərinə baxanda onun süd vəzisinin az qala 60 yaşlı qadında olduğu kimi görürük. Axı süd vəzi anatomik olaraq 21 yaşında tam formalaşır. Yetkinlik yaşına çatmayan qız uşağı 14 yaşında ailə qurduğu zaman orqanizmi hormonal dəyişikliklər, hamiləlik, düşüklər və s. fonunda 30 yaşına çatana qədər müxtəlif mərhələlərdən keçir. Bu gün Lənkəranda dini inanclar səbəbindən abortların sayı çox olmasa da, Goranboy, Gəncə, Şəmkir, Yevlax zonasında abortların sayı narahatlıq doğurur. Müayinə üçün 45-50 dəfə abort etdirən qadınlar gəlir. Hamiləliyin ən erkən vaxtlarından qadın orqanizminin bir çox sistemlərində, xüsusilə mərkəzi requlyator sistemdə ciddi dəyişikliklər baş verir. Ana orqanizmi ilə embrion arasında sıx funksional əlaqə mayalanma anından etibarən başlayır. Mayalanmış yumurta hüceyrə uşaqlığın divarına yapışana qədər dölə müxtəlif hormonlar – estrogen, progesteron, prostoqlandinlər və digər bioloji aktiv maddələr təsir edir. Bunlar, həmçinin uşaqlığın daxili qişasını embrionun implantasiyasına hazırlayır. Hormonların təsirindən gələcək ananın orqanizmində dəyişikliklər baş verir və bu da ən çox hormondan asılı hesab edilən orqanlarda, yəni yumurtalıqlar, süd vəziləri, uşaqlıq və xarici cinsiyyət orqanlarında özünü büruzə verir.
Ona görə də hamiləliyin sonlandırılması ilə nəticələnən bütün müdaxilələr qadın orqanizmində kəskin hormonal partlayışa səbəb olur, xəstəliklərin yaranma riskini artırır. Doğmamış qadının abort etməsi daha ağır fəsadlara səbəb ola bilir. Bunun ən ağır nəticələrindən biri həmin qadında süd vəzi xərçənginin yaranma riskinin kəskin artmasıdır. Tədqiqatlar göstərir ki, bu halda süd vəzində xərçəngin əmələ gəlmə ehtimalı 300 faiz çoxalır. Əgər doğmamış qadın bir neçə dəfə abort edirsə və birinci uşağını 35 yaşından sonra dünyaya gətirirsə, həmin halda süd vəzi xərçənginə tutulma riski 8 dəfə çoxalır.
Xəstə müraciəti zamanı düyünün nə vaxt aşkarlandığı ilə maraqlanarkən qadının bəzən aylarla özünümüalicə ilə məşğul olduğu meydana çıxır. Təəssüf ki, hələ də özünü kələm, duzlu su islatması, kamfora yağı, vişnevski maz və s. ilə müalicə edən qadınlar var. Pasiyentlərdən birinin süd vəzində şiş aşkarlandıqdan sonra onun qorxudan yarandığını əsas gətirərək bunu aradan qaldırmaq üçün qurğuşunla müalicə etməyi, başqa bir xəstəyə isə hansısa quşun ağız suyunu balla qarışdıraraq islatma qoymağı tövsiyə ediblər. Bal isə yaranı yandıraraq daha da acınacaqlı vəziyyətə gətirmişdi. Bütün bunların XXI əsrdə baş verdiyinə inanmaq belə çətindir. Özünü müalicə ilə məşğul olan xəstə həkimə müraciət edəndə artıq xərçəngin irəliləmiş mərhələsi olur…
- Süd vəzini kiçiltmə əməliyyatı xərçəng yarada bilər?
-Əvvəllər süd vəzinin kiçildilməsinin bir estetik əməliyyat olduğunu deyirdilər. Lakin bu gün həmin əməliyyata estetik yox, sağlamlıq əməliyyatı kimi baxmaq lazımdır, çünki süd vəzi nə qədər böyükdürsə, piy toxuması da bir o qədər böyük olur və xərçəngin yaranma riski artır. Süd vəzi həssas orqan olduğuna görə həmin əməliyyatı süd vəzinin onkologiyası ilə məşğul olan cərrahların aparması daha düzgün olar. İmplantlara gəlincə isə onlar xərçəng yaratmır, lakin xəstəliyin ilkin mərhələdə aşkar olunmasının qarşısını ala bilər. İmplant yaranmış kütləni görməyə mane olur. Hətta mammoqrafiya ilə bəzən gözdən yayına bilir, çünki implant kütlənin üzərini örtür, görməyə qoymur. Halbuki xərçəng 0-cı və 1-ci mərhələdə aşkar edildikdə onu 98 faiz halda tam sağaltmaq mümkündür.
- Xanımlar özlərini süd vəzi xərçəngindən necə qoruya bilərlər?
-İlk növbədə, həkimə üz tutmaqdan, ona müraciət etməkdən çəkinmək lazım deyil. Bəzi xəstələr qapı-qapı gəzərək müayinə disklərini ayrı-ayrı mütəxəssislərə oxutmağa can atırlar. Bu, vaxt itkisi deməkdir. Əgər vaxtında diaqnoz qoyularsa, xəstəlik erkən mərhələdə aşkarlansa, süd vəzinin gecikmədən amputasiyası nəticəsində ağır fəsadlardan qurtulmaq olar.
İkinci vacib məqam hər bir qadının öz süd vəzini ayda bir dəfə əllə müayinə etməsidir. Üçüncü vacib tövsiyə gecə yuxusudur. Vaxtında yatmaq çox mühüm məsələdir. Orqanizmdə immuniteti qidalanma deyil, vaxtında yatmaq və sağlam yuxu gücləndirir. Təəssüflər olsun ki, yuxu rejimi pozulanlarda, gecə növbəsində işləyənlərdə daha çox xərçəng xəstəliyinə rast gəlinir. Araşdırmalar göstərir ki, günəş şüası bol olan ölkələrdə xərçəng xəstəliyinə tutulanların sayı az günəş görən ölkələrdə yaşayanlara nisbətən 6 dəfə çoxdur. Əlavə olaraq, gecə növbəsində işləyənlərin gündüz işləyənlərə nisbətən 11 dəfə daha çox xərçəngə tutulduğu müşahidə edilib. Kaliforniya və Norveçdə günəş daha tez batdığına görə qaranlıq tez düşür və səhər gec açılır, melatonin sintezi normallaşır. Statistika göstərir ki, həmin ölkələrdə xərçəngə tutulanların sayı digər ölkələrlə müqayisədə daha azdır.
Evdə oturmaqla həkimdən uzaq gəzməklə xəstəliyi müalicə etmək olmaz. İnternetdən nə isə axtarıb tapmaqdansa, qonum-qonşudan nə isə eşidib bədbinliyə qapanmaqdansa, vaxtında həkimə müraciət etmək məsləhətdir. Hətta heç bir şikayət olmadığı halda da həkimə müraciət etsinlər. Xəstəliyin genetik yolla yayıldığını əsas gətirmək olmaz. Süd vəzi xərçəngi aşkarlanan əksər qadınların qohumlarında həmin xəstəliyə təsadüf edilməyib. Süd vəzi xərçəngində genetik faktor cəmi 12 faiz rol oynayır, 88 faiz hallarda isə xəstəliyin nəsillə, qohumlarla heç bir bağlılığı yoxdur.
-Xəstəyə xəstəliyi haqqında məlumat verilməlidir?
- Xəstədən heç nəyi gizlətmək olmaz. Onu aldatmaq, fikrini yayındırmaq düzgün deyil. Bəlkə onun həyatla bağlı planları var?! Oğul evləndirəcək, qız köçürəcək və sair. Hər xəstənin öz emosional vəziyyətinə uyğun davranmaq lazımdır. Xəstə affekt vəziyyətində özünü avtomobilin altına da ata bilər, canına qəsd etmək də istəyər. Bəzən xəstəyə diaqnozu deyəndə, biopsiya edəcəyimizi bildirəndə dərhal razılaşır. Onu məcburən evə göndərir və istəyirik ki, ailə üzvləri ilə məsləhətləşsin. Sonradan “məndə xərçəng yox idi, biopsiya edəndən sonra yayıldı”, “həkim məni biopsiyaya məcbur etdi” və s. kimi yalan miflərə inanmasın.
Bəzən də xəstə əməliyyatın gec olmağından qorxur. İzah edirəm ki, “sənin orqanizmində 1 santimetr törəmənin yarandığı artıq 5 ildir. Sadəcə, sən onun barəsində indi xəbər tutursan. Əgər 5 il ərzində səni həyatdan aparmayıbsa, arxayın ol ki, 1 həftəyə də heç bir fəsadı olmayacaq”. Bundan sonra xəstə rahatlanıb gedir və sonradan da həkimə güvənərək gəlirlər.
Günel Qəmbərova
Mammoloq-radioloq
Əlaqə: +994 50 751 27 47