Görkəmli dövlət xadimi, yeni əsrin yeni Lideri olan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 21 il keçir. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. 1993-cü ildə Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı görülməmiş dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.
Ən əsası isə, ötən əsrlərdə itirə-itirə gəldiyimiz ərazilərimizi birləşdirmək, bütövləşdirmək... - bu çətin və şərəfli missiyanı Tanrı məhz ona verdi, onu seçdi – Yeni əsrin Lideri Prezident İlham Əliyevi. 21 il öncə - 2003-cü ilin 31 oktyabrında əlini Konstitusiyaya və müqəddəs Qurani-Şərifə qoyaraq and içən İlham Əliyev çıxışında demişdi: “Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
O vaxt çoxları inanmırdı ki, ali kürsüdən and içən yeni Prezident “torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad edəcəyik” deyəndə təkcə gələcəklə bağlı vəd vermirdi, əslində böyük bir missiyanı öz üzərinə götürdüyünü bəyan edirdi...Bəli, Prezident İlham Əliyev Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Azərbaycan Prezidenti İlham Əliyevin «Dəmir Yumruq» siyasətinə əməl edən Güclü Ordumuzun igid əsgər və zabitlərinin rəşadəti ilə uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistanı diz çökdürdü. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev noyabrın 10-da xalqa tarixi bir müraciət etdi. O, bir daha vurğuladı ki, xalqımız mənə inanırdı, ona görə də dəfələrlə demişdim ki, nəyi necə və nə vaxt eləməyin məqamını mən yaxşı bilirəm. Xalqın bu inamına arxalanaraq Ali Baş Komandan kimi ölkə başçısı İlham Əliyev həmin günün gəlib çatdığını bəyan etdi və möhtəşəm qələbəmizin əsas memarı kimi tarix yazdı. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin tükənməz enerjisi, qətiyyəti, möhkəm iradəsi Azərbaycan xalqının iradəsinin, arzu və istəklərinin reallaşdırılmasına zəmin yaratdı.
Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq səhifəsini Azərbaycanın ərazi bütövlüyünün, tarixi ədalətin bərpa olunması təşkil edir. Prezident, Ali Baş Komandan İlham Əliyev 30 il həsrətində olduğumuz «Qarabağ Azərbaycandır»ımızın «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun igid əsgər və zabitlərimizin qəhrəmanlığı ilə 44 gündə qovuşmağımız, məhz Ulu Öndər Heydər Əliyev siyasətinə sadiqliyinin, xalqına verdiyi vədlərin göstəricisidir. Ən əsası isə milli mənafeyi naminə, məlum məkrli qüvvələrin təzyiqlərini göz önünə alaraq, torpaqlarımızın işğalına son qoyan Ali Baş Komandan Ermənistanı döyüş meydanında məğlub etməklə illərlə davam edən Qarabağ münaqişəsini tarixə qovuşdurdu. Tariximizə yenidən Zəfər sözü yazan bir sərkərdə, dövlətin ərazi bütövlüyünü təmin edən xilaskar oldu. Bu gün qalib ölkənin qalib xalqı kimi qürurla “Qarabağ Azərbaycandır”- deyə bilirsə, bu, uzun illər ərzində həyata keçirilən məqsdəyönlü siyasətin, Müzəffər Ali Baş Komandanın illərlə verdiyi zəhmətin və məhz onun dövründə formalaşmış qalib Azərbaycan əsgərinin, Azərbaycan xalqının birliyidir. Bu birlik bizə güclü Azərbaycanı, güclü ordunu və ən nəhayət, həsrətində olduğumuz Qələbəni bəxş etdi. Şuşanın azad edilməsindən sonra - 2020-ci il noyabrın 8-də “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” fikirləri ilə xalqa müraciət edən Prezident İlham Əliyev bütün bunları yalnız bir atanın oğluna etdiyi vəsiyyət olaraq yerinə yetirmədi. Həm də ulu öndər Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirən böyük lider, həm də bir Prezident kimi xalqına verdiyi vədi yerinə yetirdi. Ona olan inamın qırılmasına nəinki imkan vermədi, onu getdikcə daha da gücləndirdi.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də prezident vəzifəsinə seçilməsinin 20-ci ildönümündə tarixi torpaqlarımız olan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində müqəddəs üçrəngli bayrağımızı qaldırdı və xalqına etdiyi proqram xarakterli tarixi müraciətində bildirdi ki, artıq Azərbaycanla dünyada hesablaşırlar, Azərbaycan dünya miqyasında özünə layiq yerini tuta bilib. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, son 20 il ərzində verdiyi bütün vədlər, qarşısına qoyduğu bütün vəzifələr icra edilib: «Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi».
Bu tarixi zəfər hər zaman xalqımız tərəfindən böyük qürur və məmnunluq hissi ilə xatırlanacaq, Prezidentimizin xalqımız qarşısındakı bu tarixi xidməti əsla unudulmayacaq. Çünki bu, xalqımızın on illərlə həsrətində olduğu bir qələbədir və biz bu qələbəni qəhrəman oğullarımızın qanı və canı bahasına, eləcə də Ali Baş Komandanımızın qətiyyəti sayəsində qazanılıb. Dövlət başçımızın söylədiyi kimi: «Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»
Bir sözlə, bütün bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığıdır. Və 2003-2024-cü il tariximizin inkişafla başlayıb zəfərlə davam edən ən qüdrətli mərhələsi olmaqla Azərbaycan bundan sonra növbəti illərdə də möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edəcək və çiçəklənəcək.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri