AZ

9 aylıq neft hasilatı – 21,6 milyon ton!

Bunun 12,5 milyon tonu ixrac edilib

Energetika Nazirliyinin məlumatına əsasən, cari ilin 9 ayı ərzində respublikada 21,6 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Neft hasilatının 12,5 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,1 milyon tonu (qaz kondensatı) “Şahdəniz”in, 0,4 milyon tonu (qaz kondensatı) isə “Abşeron” yatağının payına düşüb. Dövlət Neft Şirkəti üzrə neft (qaz kondensatı ilə birlikdə) hasilatı 5,6 milyon ton təşkil edib.

Hesabat dövründə 17,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) ixrac edilib. Bunun 15,6 milyon tonu konsorsiumun, 2,3 milyon tonu isə Neft Şirkətinin payına düşüb. Ötən 9 ayda ölkədə neft emalı 5 milyon ton təşkil edib. Cari ilin sentyabr ayında gündəlik neft (qaz kondensatı ilə birlikdə) hasilatı 78,7 min ton olub. Bunun 65 min tonunu xam neft, 13,7 min tonunu isə qaz kondensatı təşkil edib.

Bu ilin yanvar – sentyabr aylarında ölkədə 37,1 milyard kubmetr təbii qaz hasil edilib. “Mavi yanacağ”ın 9,8 milyard kubmetri “Azəri–Çıraq–Günəşli”, 20,5 milyard kubmetri “Şahdəniz”, 1,1 milyard kubmetri “Abşeron”, 5,7 milyard kubmetri Neft Şirkəti üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 1,1 milyard kubmetr artımla qaz hasil edilib.

Bu dövrdə xaricə qaz satışı 18,4 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çox olub. Avropaya 9,4 milyard kubmetr, Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 4,2 milyard kubmetr “mavi yanacaq” nəql olunub.

“Azəri–Çıraq–Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən bu il oktyabrın 1-dək 644,8 milyon ton neft (qaz kondensatı ilə birlikdə), 455,6 milyard kubmetr qaz hasil edilib. “Azəri–Çıraq–Günəşli”dən 597,2 milyon ton neft, 226,1 milyard kubmetr qaz, “Şahdəniz”dən isə 47,6 milyon tona yaxın kondensat, 229,5 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan oktyabrın 1-dək 642,9 milyon ton neft (kondensatla birlikdə) və 163,9 milyard kubmetr qaz ixraca yönəldilib.

 

Seçilən
54
6
xalqqazeti.az

10Mənbələr