Dövlət bankı ABB (Tiker: ABBNK) yenicə emissiya etdiyi səhmlərin təkrar bazarda məsafədən ticarətini “ABB mobile” tətbiqi üzərindən də mümkün edib.
Banker.az (İnvestisiya) bildirir ki, artıq tətbiq üzərindən bir neçə gündür alış və eləcə də satış mümkündür.
Bank bununla da Azərbaycan tarixində ilkə imza atmış olub. İndiyə qədər sifarişlər məsafədən deyil, birbaşa brokerin köməkliyi ilə alınırdı.
Bildirək ki, ABB sədri Abbas İbrahimov keçən ay mətbuat konfransında Banker.az-ın sorğusuna cavab olaraq bunun yaxın günlərdə mümkün olacağını bildirmişdi.
Səhm ticarəti iş günlərində 10:00-16:30 aralığında icra edilir ki, bu da həmçinin Bakı Fond Birjasının işləmə saatı ilə üst-üstə düşür.
Məsələyə yaxın olan mənbə Banker.az-a bildirir ki, keçən həftə ərzində 610 əməliyyat aparılıb və bu əməliyyatlarda 1 836 067 ədəd səhm dövr edib ki, bu da 496 040.59 manatlıq həcmdir.
Səhmlərin təkrar bazardakı qiyməti 27-28 qəpik intervalında dəyişir. Səhmlərin nominal dəyəri isə 27 qəpikdir.
ABB-nin səhmlərinin alındığı növbəti gün 14:00-dan etibarən müştərinin “ABB Mobile”dəki portfelində əks olunur.
Eyni əməliyyat satış üzrə də bu formada baş tutur. Satış əməliyyatlarından gələn vəsait növbəti gün 14:00-dan etibarən cari hesabınıza köçürülür.
Burada bir sıra vacib məlumatları çatdıraq:
- Hesab açmaq elektron qaydadır və hazırda ödənişsizdir.
- Müştərilər səhm portfelini və sifarişlərini daima izləyə bilir.
- Ticarət əməliyyatları bir neçə ay müddətində komissiyasızdır.
- Təyin edilən limit qiyməti ilə sifariş yerləşdirilir.
- Cari hesabdan köçürmələr komissiyasız və limitsizdir.