AZ

Dərman PROBLEMİ – Nə vaxta qədər idxaldan asılı QALACAĞIQ?

Azərbaycanda zəruri dərman preparatlarının çoxu xarici ölkələrdən - Avropadan, Rusiyadan, Hindistandan gətirilir. Təbii ki, bu da istehlakçıya dəyərindən çox baha başa gəlir.

Son statistik məlumatlara görə, Azərbaycan il ərzində xaricdən 352 milyon dollarlıq dərman alıb. Hesabat dövründə idxal edilən dərmanın 1 kq-nın orta ixrac qiyməti 40 manat 67 qəpiyə başa gəlib ki, bu da illik müqayisədə 6 manat 93 qəpik və ya 20,5% çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 33 manat 74 qəpik olub.

Bəs, həmin bahalı dərmanların ölkəmizdə istehsalına nə mane olur? Azərbaycanda dərman zavodlarının açılması məsələsi uzun zaman müzakirə olunsa da, niyə reallaşmır?

Səhiyyədə istifadə olunan vasitələrin,  o cümlədən dərman preparatlarının, onların qiymətlərinin hər kəsi düşündürən məsələ olduğunu qeyd edən farmokoloq Aydın Əliyev Bizim.Media-ya Azərbaycanda təxminən 70-ə yaxın dərman maddəsinin istehsal olunduğunu bildirib:

“Amma biz o dərmanlar üçün lazım olan xammalların çoxunu xaricdən gətiririk. Ona görə ölkəmizdə istehsal olunan dərmanlar ucuz başa gəlmir. Çünki dərmanın dəyəri ilə yanaşı, gətirilməsinə xərclənən vəsait, gömrük haqqı və digər xərclər də onun üstünə əlavə edilir”.

Mütəxəssis qeyd edib ki, buna görə də belə zavodların yarardılması zəruridir:

“Artıq belə zavodlardan biri - “Diamed” fəaliyyətə başlayıb. Düzdür, orda hələlik 3 maddə  -  “Ringer”, “Ringer Laktat” və “Qlükoza” istehsal olunur. Düşünürəm, zamanla yerli məhsulların sayı artacaq. Ən əsası onların xammallarının Azərbaycanda olmasına çalışmaq lazımdır. Nə qədər ki, xammalı, dərmanı xaricdən alacağıq, onların qiyməti bir o qədər baha olacaq”.

Tibb elmləri doktoru Adil Qeybulla da Azərbaycanın dərman idxalından asılı olduğunu qeyd edib:

“Azərbaycanda dərmanların yerli istehsalı haqda xeyli müddət danışılsa da, bu məsələ hələ də tam həllini tapmayıb. Biz də ümid edirik bu, yaxın vaxtlarda reallaşacaq. Ən mühüm dərmanların icbari tibbi sığorta çərçivəsində istehsalı çox uğurlu olardı”, - deyə professor əlavə edib.

Rəna Cumaqızı, Bizim.Media

Seçilən
52
2
bizim.media

10Mənbələr