Qan xəstəliklərinin spesifik əlamətləri yoxdur. Halsızlıq, başgicəllənmə, hərarətin yüksəlməsi, bədən səthində göyərmələr, qanaxmaya meyllilik kimi simptomlar müşahidə edildikdə mütləq hematoloqla konsultasiya aparılmalıdır. Bəzi hallarda rutin kontrollara əsasən qanın ümumi müayinəsi bir çox gen xəstəliklərinin vaxtında aşkarlanmasına yardım edə bilər. Hematoloji xəstələrin sonrakı müayinələri ixtisaslaşmış tibb müəssisələrində həkim hematoloq tərəfindən aparılmalıdır. Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən SİA-nın sualına cavab olaraq bildirilib ki, yaxın qohumlar arasında ailə qurmaq genetik olaraq oxşar irsi xəstəliklərin daha sıx rast gəlinməsinə səbəb ola bilər. Bunun səbəbi qohumlar arasında oxşar genetik materialın paylaşılmasıdır. Əgər hər iki valideyn eyni resessiv (gizli qalan) genetik xəstəliyin daşıyıcısıdırsa, onların uşaqlarında bu xəstəliyin təzahür etmə ehtimalı daha yüksəkdir. Bu vəziyyət qohum evliliklərində xəstə uşaqların dünyaya gəlmə riskini artırır, çünki resessiv genlər daha çox rast gəlinir.
Hamiləlik dövründə ödəm, dərinin sarılığı, anemiya, qaraciyər və dalağın böyüməsi kimi hallar dölün hemolitik xəstəliyinə, fetal hipoksiyaya və ürək-damar problemlərinə səbəb ola bilər. Bu, uşaqda fiziki və zehni inkişafın gecikməsi ilə nəticələnə bilər. Göbək ciyəsinin və plasentanın qalınlaşması isə oksigen çatışmazlığına yol aça bilər. Ertədən diaqnoz və nəzarət bu problemlərin qarşısını almaqda mühüm rol oynayır.
Onkohematoloji xəstəliklər (qan və sümük iliyi xərçəngləri) geniş yayılmış xəstəliklər qrupuna daxil deyil. Bununla yanaşı, ən çox rast gəlinən qan xəstəlikləri arasında müxtəlif etiologiyalı (müxtəlif səbəbli) anemiyalar üstünlük təşkil edir. Anemiya qan hüceyrələrinin və ya hemoglobinin çatışmazlığı ilə xarakterizə olunan bir vəziyyətdir və bu da orqanizmin toxumalarına kifayət qədər oksigen daşınmaması ilə nəticələnir. Anemiyanın səbəbləri qida çatışmazlığı, genetik faktorlar, infeksiyalar və digər xəstəliklər ola bilər.
Qan azlığı (anemiya) olan xəstələrdə ilk növbədə qan azlığının səbəbini müəyyən etmək vacibdir, çünki bu səbəblər müxtəlif xəstəliklər və faktorlarla əlaqədar ola bilər. Qadınlar arasında ən çox rast gəlinən anemiya növü dəmir defisitli anemiyadır. Bu anemiya növü əsasən dəmir çatışmazlığı səbəbindən yaranır və müalicəsində dəmir preparatları (tablet, sirop və ya inyeksiya şəklində) təyin olunur. Müalicə zamanı həm də dəmirin daha yaxşı mənimsənilməsi üçün qidalanmaya diqqət yetirilməli, dəmir zəngin qidalar (qırmızı ət, qaraciyər, paxlalılar, yaşıl yarpaqlı tərəvəzlər və s.) qidalanmaya əlavə edilməlidir.