AZ

Qərbin Gürcüstan avantürası

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media analitiki

Gürcüstan idarəetmə formasına görə unitar parlament respublikasıdır. Mövcud konstitusiyaya görə, ölkədə icra hakimiyyətini  qanunverici orqan formalaşdırır, hökumət parlament qarşısında cavabdehlik daşıyır. Beləliklə, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri zamanı Gürcüstan xalqı həm qanunverici orqanın tərkibini, həm də gələcək hökuməti müəyyənləşdirmiş olacaq. Bu baxımdan qonşu ölkədə bir həftə sonra baş tutacaq seçkilər həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən xüsusi həssaslıqla izlənilir.

Problem ondadır ki, 26 oktyabr seçkiləri Cənubi Qafqaz regionu üzərində geosiyasi maraqların toqquşduğu, bu maraqlar uğrunda savaşın açıq müstəviyə keçdiyi  bir dövrə təsadüf edir. Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunda vurğuladığı kimi, hazırda Cənubi Qafqazda tarixi transformasiya, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar zəifləyir, yeni əməkdaşlıq formatları meydana gəlir. Bu tarixi gedişata müdaxilə etmək, prosesi öz maraqlarına uyğun şəkildə dəyişmək istəyən güc mərkəzləri fəallaşırlar. Regiona yönəlik ekspansiya siyasətini gücləndirən mərkəzlər müxtəlif üsullardan istifadə edərək hadisələrin təbii gedişatını dəyişmək istəyirlər. Böyük güc mərkəzləri   Cənubi Qafqazda mövcud olan  status-kvonu pozmaq, qüvvələr balansını öz xeyirlərinə dəyişmək,  yekunda region üzərində  hegemonluqlarını təmin etmək üçün açıq savaş aparırlar. Onlar Gürcüstandakı parlament seçkilərinə də  bu kontekstdə yanaşırlar. 26 oktyabr seçkilərinə ikiqat artıq diqqət ayıraraq, seçki prosesini öz maraqlarının təmin edilməsi üçün döyüş meydanına çevirirlər. 

Qərb institutları  26 oktyabr parlament seçkilərində Gürcüstan xalqının iradəsinin deyil, özlərinin himayələrində olan  siyasi fiqurların qalib gəlməsini istəyirlər. Yeni parlamenti və hökuməti  öz istəklərinə uyğunlaşdırmaqla, gələcək planlarını bu platformalar üzərindən gerçəkləşdirməyə cəhd göstərirlər. Onlar öz niyyətlərinə çatmaq üçün fərqli mexanizmlərdən istifadə edirlər. Məsələn, Qərb dövlətlərinin ərazisində məskunlaşmış beynəlxalq statuslu hüquq müdafiə təşkilatlarının Gürcüstana yönəlik bəyanatları son aylar ərzində  intensivləşib. “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” qismində təşkilatlar demək olar ki, hər gün Gürcüstana qarşı qondarma əsaslarla bəyanatlar verirlər, qonşu ölkəni guya “insan haqlarını”, “fikir azadlığını”, “siyasi hüquqları” pozmaqda ittiham edirlər. Nümunə üçün qeyd edək ki, təkcə jurnalist təşkilatları son bir ay ərzində–sentyabrın 9-dan oktyabrın 9-na qədər olan müddətdə  6 müxtəlif mövzu üzrə rəsmi Tbilisini qınayan açıqlama yayıblar.

Onların səsləndirdikləri bəyanatlar əsassızdır, təzyiq mahiyyəti daşıyır. Sirr deyil ki,  bu təşklatlar  “müstəqil” deyillər. Onların Gürcüstana qarşı münasibəti ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının siyasi qərarları ilə sinxronluq təşkil edir. Bu təşkilatlar ABŞ və Avropa siyasi çevrələrinin qərarlarının icraçısına çevriliblər. İndiki halda Gürcüstanı hədəf seçmələrinin səbəbi ölkədə oktyabr ayının 26-da keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Qərbin boyunduruğunda sürünən siyasi qrupların bu seçkilərdə qələbəsini təşkil etmək üçün ictimai rəyi çaşdırırlar. 

Qərb təşkilatları “İnsan haqları”, “söz və ifadə azadlığı”, “siyasi hüquqlar” mövzusunu öz məqsədləri naminə manipulyasiya edirlər. Hədəf ölkələri bu mövzular üzrə qınaq obyektinə çevirməklə, ABŞ-nin təzyiq göstərməsi üçün zəmin hazırlayırlar. Dünyanın müxtəlif ölkələrində sınaqdan çıxmış bu mexanizmi indi də Gürcüstanda tətbiq edirlər. ABŞ Dövlət Departamenti, Avropa İttifaqı Şurası “Amnesty İnternational”, “Freedom House”, “Human Rights Watch” qismində təşkilatların  qondarma bəyanatlara əsaslanıb Gürcüstana sanksiyalar tətbiq edirlər. ABŞ 2024-cü ildə rəsmi Tbilisiyə yardım məqsədilə nəzərdə tutulmuş 95 milyon dollarlıq paketi ləğv edib. Avropa İttifaqı da eyni cür davranaraq,  2024-cü ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan ayırdığı vəsaiti dondurub. Ardınca yeni sanksiyaları elan ediblər. Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə sadələşdirilmiş viza ilə getmək hüququnu məhdudlaşdırmaqla hədələyirlər. Bu yolla Gürcüstan dövlətini və xalqını çıxılmaz duruma salmaq, öz diktələrini qəbul etdirmək istəyirlər. 

Gürcüstanda öz maraqlarına çatmaq istəyən xarici güc mərkəzlərinin son anda ictimai sabitliyi pozan elementlərdən də faydalanacaqları istisna edilmir. Seçkinin nəticələrinə etimadsızlıq göstərilməsi, seçkidə məğlub olanlarla qalib gələnlər arasında münaqişələrin, toqquşmaların təşkil ediləcəyi ehtimalı yüksəkdir. Bu baxımdan Gürcüstan ictimaiyyətinin proseslərə həssas yanaşması, emosiyalara deyil, məntiqə, təhlilə əsaslanması zəruridir. 

Qeyd etmək zəruridir ki, Azərbaycanla Gürcüstan tarixi, mədəni və mənəvi bağlarla yanaşı, həm də effektiv iqtisadi  layihələrə görə yaxındırlar. Bu dövlətlərdən hər hansı birinə qarşı yönəlmiş xarici təhdidlər paralel olaraq, digərinə də təsir göstərmiş olur. Azərbaycan dost və qonşu, həmçinin iqtisadi layihələr üzrə partnyor dövlət olaraq, Gürcüstanda sabitliyin, sülhün təmin edilib saxlanılmasında maraqlıdır. 

Seçilən
73
50
xalqqazeti.az

10Mənbələr