İranın xarici işlər naziri Abbas Əraqçi özünün "X" hesabında ölkəsinin regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün əhəmiyyətli səylər göstərdiyini, lakin öz vətəndaşlarının və milli maraqların qorunmasında heç bir güzəştə getməyəcəklərini deyib.
O, ABŞ-nin İsrailə rekord sayda silah tədarük etdiyindən yazıb:
“İndi öz əsgərlərini Amerika raket sistemlərinə nəzarət etmək üçün İsrailə göndərməklə onların həyatını riskə atmağa hazırlaşır. İran son günlər regionumuzda genişmiqyaslı müharibənin qarşısını almaq üçün böyük səylər göstərib. Xalqımızı və maraqlarımızı qorumaqda heç bir qırmızı xəttimiz yoxdur”.
İran Prezidenti Məsud Pezeşkian bundan əvvəl İsraili Yaxın Şərqdə döyüşləri dayandırmağa çağırıb. O, İsrail tərəfinin “bütün mümkün beynəlxalq razılaşmaları” pozduğunu bildirib.
İsrail Baş Qərargahı isə əlverişli zamanı seçəcəyini və İranı öz cavabı ilə təəccübləndirəcəyini vəd edib. İranın ali lideri Ayətullah Əli Xameneyi İsrailə hücumların daha da genişlənəcəyi barədə ivrit dilində xəbərdarlıq edib.
İsrailli politoloq Alex Vexler “Cümhuriyət”-ə bildirib ki, ölkəsinin İranla “haqq –hesabı” 1979-cu ildən başlayır. 1979-cu ildən əvvəl İsrailin Rza Pəhləvi rejimi ilə gözəl münasibətləri var idi:
"İsrail İrana hərbi sənaye qurmağa, təhlükəsizlik sistemi yaratmağa kömək edirdik. Lakin Amerika Prezidenti Karter İranı satdı. Rza Pəhləvi dedi ki, o, öz hərbi qüvvələri ilə İranı idarə edə bilər. Karter isə insan azadlığı və hüquqların öncəlik olduğunu söylədi. Nəticədə inqilab baş verdi, Şah ölkədən qaçmalı oldu, rejim süqut etdi”.
Ekspert hesab edir ki, bu gün də İran əhalisinin bir hissəsi İsrail haqqında yaxşı fikirdədir:
"Gənclər radiolarımızı dinləyir və bizim mahnılarımızla rəqs edirlər. Bizim ölkəmizdə İrandan çox sayda insan var. Amma Ayətulla rejimi ilə ağır “hesabımız” var.
Uzun illərdir ki, onlar bizi məhv etmək istəyirlər. İrana görə, İsrail sülhpərvər ərəb xalqlarının sağlam bədənində bədxassəli şişdir və bu şiş kəsilməlidir. İran İsrailə mübarizə üçün milyardlarla dollar xərcləyir.
14 apreldə İran İsraili 360 raketlə vurdu. 150-si ballistik olan bu raketlərin bir çoxu "Tomahawk" idi. Onlar hələ İsrailə çatmadan, Suriya, İraq və İordaniyanın üzərində vuruldu.
1 oktyabrda İran İsrailə 230 ballistik raket atdı. Onların 30-u hələ İranda havaya qalxarkən partladı. 18 raket şərqdəki ölkələrin ərazisinə düşdü. 163 raket isə bizim ərazimizdə vuruldu. Biz bunu bağışlaya və unuda bilmərik”.
Alex Vexler qeyd edib ki, İran 1 oktyabrdan cavab gözləyir:
“İsrail çox ciddi düşünür ki, İrana çox, digər ölkələrə az zərər dəysin. İranın neftayırma zavodlarını və neft hasilatını məhv edərdik, amma BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ kimi ölkələr bunu etməməyimizi istəyir. Onlar qorxurlar ki, əgər bu baş verərsə, iranlılar İsrailə deyil, onlara hücum edəcəklər. ABŞ İsraildən tələb edir ki, İranda yeraltı nüvə kompleksinə hücum etməsin. İsrail böyük ehtimalla bu kompleksi vurmaq imkanına malikdir.
Görünür ki, İsrail İrana hücum etməyi qərara alıb. Bu, çox ağrılı zərbə olacaq və İranda hərbi obyektlərə, dövlət idarəetmə sisteminə yönələcək. Necə olacağını bilmirəm, bəlkə də nazirliklərə, Prezident saraylarına zərbə dəyəcək. Bu, İran hakimiyyətini zəiflətmək üçün olacaq. İran üzrə bir çox mütəxəssisin fikrinə görə, əhalinin 70-75 faizi Ayətulla rejiminə nifrət edir və bu rejimi devirmək üçün böyük pullar verməyə hazırdır.
Bundan əlavə, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla iranlı İranda normal hakimiyyətin olması üçün kömək gözləyir. Çünki yuxarıda dediyim kimi, 1979-cu ilin sentyabrına, yəni Ayətulla Xomeyni hakimiyyətə gələnə qədər İran bizim dostumuz olub”.
Ekspert İsrailin əməliyyat keçirəcəyinə inandığını söyləyib:
“Əməliyyatın zamanını bilmirəm. Artıq 1 oktyabr hücumundan 18 gün keçib. Amerikalılar İrana hücumun olmasından çox narahatdırlar. Çünki ölkədə 5 noyabr seçkiləri var, böyük müharibə olarsa, Bayden və Harris hakimiyyəti itirməkdən qorxur.
Əgər İsrail neft bölgələrinə zərbə vursa, neftin qiyməti qalxacaq. Buna görə də ABŞ İsrailin hərəkətlərini məhdudlaşdırmağa çalışır. Lakin buna baxmayaraq, bu zərbə güclü və ağrılı olacaq. Amma dostlarımızın xahişlərini nəzərə alaraq, zərbələr əsasən hakimiyyət sistemi, hərbi düşərgələr və bazalara yönələcək”.