AZ

Qərbin Ukrayna üçün güzəşt limiti - yollar İstanbula aparır

Berlin və Ankara müharibəni dayandırmaq yollarını araşdırmaq üçün birgə səylər göstərir

Ötən həftəsonu Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı maraqlı bir açıqlama verdi. Kreml başçısı münaqişəyə sülh yolu ilə son qoymaq üçün dialoq aparmağa, lakin bunu ancaq İstanbul razılaşmaları əsasında etməyə hazır olduğunu söylədi.

Putinə görə, Ukrayna ilə bağlı konfrans üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanının əleyhinə deyil, amma məsələ “nəyi müzakirə etməkdir”. Rusiya prezidenti hesab edir ki, Kiyev əvvəlcə Rusiya ilə danışıqları qadağan edən dekreti ləğv etməlidir.

Onun sözlərinə görə, Rusiya Ukraynada sülh yolu ilə nizamlanmanı istəyir, o cümlədən öz əsgərlərini düşündüyü üçün: “Rusiyalı əsgərlər xüsusi əməliyyat zamanı öz əraziləri (? - red.) uğrunda döyüşürlər. Rusiya silahlı mübarizəni davam etdirməyə hazırdır”.

Lakin o, Ukraynada “bir həftəlik, iki və ya bir illik atəşkəsə” qarşıdır. Putinin fikrincə, dayanıqlı sülh üçün şərait lazımdır.

Maraqlıdır ki, məhz bu ərəfədə Almaniya kansleri Olaf Şolst Türkiyəyə səfər edib. Onun prezident Ərdoğanla İstanbulda müzakirə etdiyi mövzular arasında Ukrayna məsələsi də olub. 

Görüşdən sonra kansler Berlin və Ankaranın Ukrayna müharibəsini dayandırmaq yollarını araşdırmaq üçün birgə səylər göstərdiyini açıqlayıb. Şolts vurğulayıb ki, həm Almaniya, həm də Türkiyə Ukraynanın yanında yer alır, lakin eyni zamanda münaqişənin daha da uzanmaması üçün həll yollarını araşdırmağa çalışır.

Bəs Qərb (Böyük Britaniya) tərəfindən reallaşmasına imkan verilmədiyi deyilən İstanbul razılaşmasına qayıtmaq mümkünmü?

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, bütün müharibələr enində-sonunda sülh danışıqları ilə nəticələnir: “Bu mənada Rusiya ilə Ukrayna arasındakı münaqişənin də danışıqlar masasında həll olunmasının başqa alternativi yoxdur. Hazırda Rusiya döyüş meydanlarında bəzi konkret uğurlar əldə etsə də, bu başarılarına çox güvənməməli və sülh gündəliyini açıq tutmalıdır. Putinin son açıqlamaları bu mənada təsadüfi görünmür. Bununla belə, istənilən sülh danışıqları ədalətli prinsiplərə söykənməli, hər iki tərəf danışıqlar masasında qalib ayrıldığını düşünməlidir. Əks halda, tərəflərdən birinin mütləq qələbəsi ilə nəticələnən sülh danışıqları heç bir effekt verməz, qısa müddətdən sonra məğlub durumuna düşən tərəfdə revanşist duyğular qabarar və bu da nəticədə daha ağır qarşıdurmalara yol açar. Necə ki, I Dünya müharibəsindən ağır öhdəliklərlə ayrılan Almaniya cəmi 20 il bu biabırçılığa dözə bildi, revanşizmdən qidalanan faşizm düşüncəsi hakimiyyətə gəldi və milyonlarla insanın həyatı bahasına başa gələn II Dünya müharibəsi başladı. Bu gün Rusiya da eyni tələyə düşməməli, Ukrayna ilə sülh masasında birtərəfli qazancını güdəcək halda oturmamalıdır. Əks halda, özünün də tükənməsi ilə nəticələnən müharibəni dayandırmaq mümkün olmayacaq”.

 Heydər Oğuzun fikrincə, Putinin “rusiyalı əsgərlər xüsusi əməliyyat zamanı öz əraziləri (? - red.) uğrunda döyüşürlər” kimi maksimalist mövqeyi, nə yazıq ki, sülhə xidmət etmir: “Ukraynanın bu mövqe ilə razılaşmaq ehtimalı yoxdur. Bu isə istər-istəməz müharibənin davam etdirilməsini şərtləndirir”.

Müharibənin ilk  ayında İstanbulda keçirilən danışıqların gizlinlərinin açıqlanmadığını xatırladan siyasi şərhçi, bununla belə, ictimaiyyətə sızdırılan məlumatların heç də Putinin söykəndiyi prinsiplərdən əsaslı şəkildə fərqləndiyini düşünür: “Bir sıra xarici media qurumlarının iddialarına inansaq, İstanbul prinsipləri Ukrayna torpaqlarının tamamilə ilhaqını nəzərdə tutmurdu. Əksinə, Rusiyanın hazırda öz torpaqları saydığı ilhaq olunmuş ərazilərdə Ukraynanın suverenliyi bu və ya digər şəkildə tanınırdı. Krımda isə 20 il ərzində stabilləşmə, ondan sonra referendum keçirilməsi planlaşdırılırdı. Baxmayaraq ki, bu da ədalətsiz şərt idi, bununla belə, bəlkə də tərəflər arasında hansısa orta məxrəc qurmaq mümkün idi. İndi isə Putin ilhaq olunmuş ərazilər mütləq mənada Rusiyanın torpaqları sayır və bu ön şərtlər altında müzakirələrə başlamaq istəyir. Sözsüz ki, Ukrayna tərəfinin bu şərtləri qəbul etməsi qeyri-mümkündür”.

Putinin öz şərtlərini irəli sürərkən ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini, Avropada rəsmi Kiyevi sevindirməyən ictimai rəyin formalaşmasını, Ukrayna ordusunun yorğunluğunu və s. kimi amilləri göz önündə tutduğunu bildirən Heydər Oğuz bu kimi hesabların yanıldıcı ola biləcəyinə inanır: “Məsələ burasındadır ki, Avropa və ABŞ-ın da Ukrayna üçün müəyyənləşdirdiyi bir güzəşt limiti var. Zənnimcə, bu limit kapitulyasiya həddində deyil. Qərb dövlətləri Ukraynanın tam məğlubiyyətini qəbul etməzlər. Bu onların öz təhlükəsizlik arxitekturasına da ziddir. Məlumdur ki, Qərb ölkələri Ukraynaya öz təhlükəsizliklərinin bufer zonası kimi baxırlar. Ukrayna Rusiya qarşısında məğlub vəziyyətə düşərsə, bu təhlükəsizlik arxitekturası da dağılar, Avropanın II Dünya müharibəsindən sonra qurduğu rifah və stabillik strategiyası tamamilə çökər. İşğal iştahası artan Rusiyanın digər Qərb ölkələrinin ərazilərinə iddiaları ortaya çıxar. Bu mənada kollektiv Qərbin Putinin ədalətsiz sülh anlayışını qəbul etməsi  böyük hərbi strateji səhv olardı”.

Heydər Oğuz ABŞ-da Trampın hakimiyyətə gəlməsinin də Rusiya üçün xilas kəməri olmayacağını düşünür: “Trampın bundan əvvəlki hakimiyyətinə nəzər salsaq, görərik ki, o, bir sıra məsələlərdə istədiyi kimi davrana bilməmişdi. ABŞ dərin dövləti Rusiya ilə mehriban münasibətlər qurulmasına imkan verməmişdi. Tramp Pentaqonla aralarında yaşanan təzadlı mövqeyindən dəfələrlə geri çəkilməli olmuş, hətta öz komandasının aparıcı fiqurlarını belə dəyişmək məcburiyyətində qalmışdı. Onun sonuncu dövlət katibi Mayk Pompeo Rusiyanın enerji siyasətinin ən qatı düşməni kimi tanınmış, milli təhlükəsizlik müşaviri Con Bolton hazırda belə Rusiya əleyhidarı mövqeyi ilə seçilir. Trampın yenidən hakimiyyətə gəlməsi ehtimalında ABŞ-ın milli maraqlarından kənara çıxması yenə də inandırıcı görünmür. Üstəlik, onun hakimiyyətə gəlib-gəlməyəcəyi belə bəlli deyil”.

Heydər Oğuz onu da xatırlatdı ki, ABŞ-ın rəhbərliyi altında NATO qüvvələri vaxtaşır Baltik dənizində böyük hərbi təlimlərdən çəkinmir, Rusiya ilə savaş ssenarilərini gözdən keçirir: “Hərbi təlimlər, sadəcə, kimisə qorxutmağa xidmət etmir. Əksər hallarda bu cür təlimlər müharibəyə hazırlıq kimi qiymətləndirilir. Ukrayna-Rusiya savaşında Qərb dövlətləri arzuladıqları hədəfə çatmasalar, həqiqətən də müharibənin açıq tərəfi ola bilərlər. Ən əsası Rusiya üçün Gürcüstanda, Moldovada və Yapon dənizində yeni cəbhələrin açılması ehtimalı da istisna deyil”.

Həmsöhbətimizin fikrincə, Rusiya özünü və Ukrayna kimi yaxın qonşusunu qlobal güc mərkəzlərinin poliqonuna çevirmədən savaşı bitirmək barədə düşünməli, zorla deyil, yumşaq gücü ilə regiondakı mövqeyini sabitləşdirməlidir: “Bu da təbii ki, ədalətli sülh planı ilə mümkündür”.

E.MƏMMƏDƏLIYEV,
“Yeni Müsavat”

Seçilən
54
19
musavat.com

10Mənbələr