AZ

"Azərbaycan ərazisi dünyanın minalarla ən çox çirklənmiş 5 ölkəsi sırasındadır"- Millət Vəkili

“Qafqazda sülhün təmin olunmasında münaqişə tərəfləri arasında sülh sazişinin bağlanması nə qədər əhəmiyyət daşıyırsa, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi də bir o qədər əhəmiyyətlidir. Bu həqiqəti Qafqazda sülh və sabitliyin gerçək tərəfdarı olan dövlətlər də unutmamalıdır”. 

Bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat, Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov səsləndirib. Millət vəkili çıxışına belə davam edib:

“Bu gün Avropa Azərbaycanda insan hüquqları ilə əlaqədar müzakirələrə başlayır. Bunu nəzərə alaraq insan hüquqlarının minaya münasibətdə qonşu dövlət tərəfindən necə pozulduğuna diqqət çəkmək istəyirəm.

İlkin qiymətləndirmələrə görə, Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırmışdır. Azərbaycanın 8 235 kv.km dən çox ərazisi mina və digər partlayıcı sursatlarla çirklənmişdir. 1991-ci ildən 2024-cü ilin 14 oktyabr tarixləri müddətində mina qurbanlarının sayı 3 460 nəfər təşkil edir. Onlardan 359 nəfəri uşaq, 38 nəfəri qadınlardır.

2020-ci ilin noyabr ayından 2024-cü ilin 14 oktyabr tarixləri müddətində mina qurbanlarının sayı 381 nəfər təşkil edir. Onlardan 70 nəfəri həlak olub, 311 nəfəri xəsarət alıb. Onu da qeyd edək ki, 2024-cü ildə 6 nəfər həlak olub , 26 nəfər isə yaralanıb.

Mülki şəxslər - 198 nəfər (55 nəfər həlak olub, 143 nəfər xəsarət alıb)

Hərbi qulluqçular - 183 nəfər (15 nəfər həlak olub, 168 nəfər xəsarət alıb)

Mülki şəxslər arasında baş vermiş insidentlərin səbəbi:- 00:20

• 38% doğma yurdlara vətəndaşların səfərləri zamanı

• 20% infrastruktur işləri

• 20% xidməti vəzifə

• 22% kənd təsərrüfatı fəaliyyəti

Rəsmi məlumatlara görə, Vətən müharibəsindən sonra məlum olub ki, Azərbaycanın 12 %-dən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisi 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir, bunun da 211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta və aşağı çirklənmə səviyyəsindədir. Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə azad edilmiş ərazinin təxminən beşdəbiri yüksək dərəcədə çirklənmiş və təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir. Hörmətli həmkarlar, bildiyiniz kimi 6-cı çağırışda komitəmiz tərəfindən 2023-cü il noyabrın 4-də Milli Məclisdə "Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmə keçirdik. Qeyd edək ki, Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Azərbaycan hökuməti 2023-cü ildə minalarla mübarizəyə dövlət büdcəsindən 110.2 milyon manat (64.82 milyon ABŞ dolları) sərf edib. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.

Biz minatəmizləmə fəaliyyəti haqqında qanunvericiliyi təkminləşdirməklə eyni zamanda beynəlxalq ictimaiyyət olaraq mina təhlükəsinə qarşı maarifləndirməni təşviq etmək və minaların ekoloji fəsadları barədə məlumatlandırmaq üçün birlikdə çalışmalıyıq. Məlumatlılığı artırmaqla bu təhlükə ilə birbaşa mübarizə aparmaq üçün lazım olan dəstəyi və resursları bir araya gətirə bilərik. Bu sahədə Azərbaycan Respublikası humanitar minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi, Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılmasını təklif edib. Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik etdiyi müddətdə Həmfikirlər Qrupunun yaradılması istiqamətində fəaliyyət göstərib. Dayanıqlı İnkişaf Məqsədləri və minatəmizləmə fəaliyyəti arasında birbaşa əlaqə mövcuddur. Mina təhlükəsi ilə mübarizə BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinin 12-si ilə birbaşa, digər 5 məqsədlə dolayı yolla ilə uzlaşır.

İşğaldan azad edilmiş ərazilərdə mövcud olan bir milyondan çox ölüm toxumları insanların həyatına, flora və faunaya (nadir heyvanlara və endemik bitkilərə) ciddi təhdidlər yaradır, zəngin torpaqların çirklənməsinə və uzunmüddətli ekoloji ziyana gətirib çıxarır.

Onu da qeyd edək ki, COP29 ilə bağlı Azərbaycan 14 təklif irəli sürüb. Azərbaycanın təklifi ilə müzakirə ediləcək məsələlər arasında iqlim maliyyəsi, enerji, kənd təsərrüfatı, su ehtiyatları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resursları da var. Eyni zamanda COP29 tədbirində bütün dünyanı sülhə çağıracağıq. Bu da bizim bəşəri dəyərlərə sadiqliyimiz. Azərbaycanla özünüzü bəşəri dəyərlərə sadiqlik, insan hüquqlarına hörmət etmək baxımından müqayisə edin. Biz dünyanı narahat edən məsələlərin həlli ilə məşğul oluruq, Sizsə bu prinsiplərə hörmət etməyən dövləti müdafiə edirsiniz”.

 

Seçilən
83
12
ednews.net

10Mənbələr