Cənubi Afrika Respublikası (CAR) beynəlxalq ictimaiyyəti inklüziv dialoq vasitəsilə dünyada münaqişələrə son qoymağa kömək etməyə çağırır.
"Far.Az"un Kazana ezam olunmuş müxbiri xəbər verir ki, bunu CAR Prezidenti Siril Ramafosa Kazanda keçirilən XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında çıxışı zamanı deyib.
“Biz dünyada münaqişələrin əbədi olaraq davam etməsinə imkan verə bilmərik. Sülhə şərait yaratmaq, davamlı inkişafa və müstəqil xarici siyasətə can atan ölkələrə dəstək vermək lazımdır”, - o bildirib.
S.Ramafosa İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırımı adlandırıb və Cənubi Afrikanın anklavda dinc əhalinin öldürülməsinə son qoyulması üçün Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etdiyini xatırladıb.
"Sudanda münaqişə artıq iki ildir ki, davam edir. Dünyadakı bütün münaqişələrin beynəlxalq hüquq normalarına uyğun həll yolunu tapmaq lazımdır. Cənubi Afrika yalnız inklüziv dialoq yolu ilə həllə sadiqdir", – prezident vurğulayıb.