AZ

Korrupsiya girdabında boğulan AP

Erməni lobbisinin Azərbaycana qarşı istifadə etdiyi “muzdlu dəstə”

Beynəlxalq hüququ, ədalət prinsiplərini unudaraq Azərbaycana qarşı qərəz və yalan müstəvisindən çıxış edən Avropa Parlamenti yenə də öz ampluasındadır. Korrupsioner mahiyyətinə uyğun olaraq erməni lobbisinin “arxa bağçası” kimi çıxış edən Avroparlamentin bu dəfəki anti-Azərbaycan ritorikasında da ənənəvi ştrixlər sezilir:

- Beynəlxalq hüquqla səsləşməyən “ittiham və tələblər”;

-  Mövzunun mahiyyətindən bixəbər şəkildə erməni lobbisinin təhriki və maliyyə dəstəyi ilə danışan “dillər”;

- Sanksiyalaşdırmanı özünün monopolist “icra mexanizmi” saymaları.

Erməni işğalının davam etdiyi 30 il ərzində bir dəfə də olsun Ermənistana qarşı konkret olaraq işğala, soyqırımlarına, separatizmə və bu kimi cinayətlərə görə bir dəfə sanksiya tələb etməyi ağlından belə keçirməyən Avroparlament Azərbaycanın haqq-ədalət, sülh uğrunda mübarizəsinə mane olmaq üçün bütün cildlərə girir...

Federal prokurorluq cinayət işi açdı...

Adı illərdir ki, müxtəlif korrupsiya qalmaqallarından əskik olmayan Avroparlament nə üçün özünün rəsmiləri, təmsiçiləri və ya üzvləri haqda “sanksiyalar” tətbiq etmir, qətnamələr hazırlamırlar? Axı, bu insanların korrupsioner hərəkətləri barədə faktlar saymaqla bitməz. Hər rübdə Avroparlamentin hansısa bir nümayəndəsinin yeni “pəstahası” ilə qarşılaşmaq artıq ənənəyə çevrilib. Cəmisi 4-5 ay öncə Belçika federal prokurorluğu Avropa Parlamentində Brüsseldəki iqamətgahında, eləcədə Strasburq və Brüsseldəki ofislərində axtarış aparmamışdımı? Həmin vaxt Avroparlamentin üzvlərinin bir sıra ölkələrin xeyrinə təbilğat aparmaq üçün rüşvət aldıqları ortaya çıxmışdı.

Eva Kaili qalmaqalı, Metsolanın “şərab keyfi”...

2022-ci ilin dekabrında AP daha ağır korrupsiya faktı ilə üz-üzə qalmalı oldu - Belçika polisi AP-də fəaliyyət göstərən korrupsiya şəbəkəsini ifşa edərək onun bir neçə üzvünü həbs etdi. Saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kaili də vardı. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla körfəz ölkələrindən birinin (Qərb mediası daha sonra bu ölkənin Qətər olduğunu açıqladı) xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham etdi. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlandı. Bir həftə ərzində aparılan axtarışlar zamanı isə çamadan və portfellərdə 1,5 milyon avrodan çox nağd pul tapıldı. Müstəntiqlər bildirdilər ki, sözügedən korrupsiya şəbəkəsi bir neçə aydır, həmin Körfəz ölkəsinin xeyrinə AP-nin müxtəlif iqtisadi və siyasi qərarlarına təsir etməyə çalışıb.

2023-cü ilin əvvəlində isə AP ilə bağlı daha bir fakt üzə çıxdı - belə ki, Avropa Parlamenti spikerinin vəzifələrindən biri bu təşkilatın üzvlərinin bahalı otellərdə, dəbdəbəli restoranlarda keçirdikləri vaxt, təyyarələrdə biznes-salonlarda uçuşlar, şou proqramlarına və idman yarışlarına VIP-lojalarda tamaşa etmək xərclərinin kənar şəxslər tərəfindən ödənilməsi barədə təhqiqat aparmaq və bu barədə hesabatlar təqdim etməmiş Avroparlament deputatlarının cəzalandırılması haqda qərar qəbul etməkdən ibarətdir. Almaniya mediasının məlumatında isə bildirilirdi ki, AP rəsmisi olan Roberta Metsola əri ilə birlikdə Fransanın təmtəraqlı otelində keçirdiyi gecənin xərcinin Şərab İstehsalçıları Assosiasiyası tərəfindən ödənilməsi haqda məlumat verməyib. Bu barədə söz-söhbət çox olsa da, nəticədə spikerə heç bir sanksiya tətbiq edilmədi.

Seçki kampaniyasındakı korrupsiya qalmaqalı

Metsola ilə bağlı qalmaqaldan günlər ötdükdə - 2023-cü ilin martın sonu, aprelin əvvəlində isə Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahında yoxlama apardılar - qeyd edək ki, Avropa Xalq Partiyası Avropa Parlamentində ən böyük fraksiya sayılır və üzvləri ən çox yerə sahibdirlər. İstintaqla bağlı əlavə məlumat verilməsə də, “Thueringer Allgemeine” qəzeti mənbələrə istinadən bildirmişdi ki, yoxlama Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır. İstintaq Foyqtun kampaniya zamanı müqavilə bağladığı bir internet şirkətindən mükafat alması ilə bağlı iddiaları araşdırır. Maraqlıdır ki, Avropa Xalq Partiyasının üzvləri arasında Avropa Parlamentinin sədri Robert Metsola, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, İsveçin Baş naziri Ulf Kristersson kimi tanınmış siyasətçilər yer alırdılar.

AP sədrinin korrupsiya əməlləri...

Bu kimi korrupsiyaya söykənən faktlar isə yalnız AP-nin sadə üzvləri və ya daha aşağı ranqlı təmsilçiləri ilə bağlı baş vermir. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə bağlı korrupsiya faktları da beynəlxalq KİV-lərdə “gözə dəyir”. Məsələn bir müddət öncə Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo Avropa Komissiyasının rəhbərini korrupsiya sxemi yaratmaqda, dələduzluqda ittiham etmişdi. F.Filippo konkret olaraq onun bu sxem üzrə yol verdiyi qanunsuzluqları sadalamışdı. Ondan öncə isə “Liberation” nəşri Lyayenin partiyadaşı Markus Piperi Avropa Komissiyasında kiçik və orta müəssisələr üzrə müşavir postuna təyin etməsi ilə bağlı bir sıra faktlar açıqlanmışdı. Bildirilmişdi ki, AK prezidenti bu postu öz korrupsiya əməllərini reallaşdırmaq üçün təsis edib. Posta təyinatı da yaxın ətrafındakına verməklə ona aya 20 min avro maaş təyin edilmişdi. Bunun ilk hal olmadığı vurğulanırdı - Ursula Fon der Lyayenin öz yaxın dostlarının, xüsusən də alman soydaşlarının komissiyada rəhbər postlara təyin edilməsinə çalışması barədə başqa misallar da qəzet səhifəsində yer almışdı.

Fon der Lyayen haqqında üzə çıxan digər korrupsiya faktı isə daha ağır idi - Avropa İttifaqı Prokurorluğunun (EPPO) Belçika prokurorluğunun Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Leyenə qarşı Amerikanın “Pfizer” şirkətindən koronavirus peyvəndi alması ilə bağlı cinayət işini ələ keçirdiyi məlum olmuşdu. “Politico” nəşrinin yazdığına görə, məsələ ilə bağlı Belçikanın hüquq-mühafizə orqanlarının əməkdaşına istinad edilmişdi. Bildirilmişdi ki, Avropa Komissiyasının rəhbəri ilə Amerikanın “Pfizer” şirkətinin baş direktoru Albert Bourla yazışmalarını üzə çıxarmışdı - bildirilirdi ki, bu yazışma peyvənd alınması ilə bağlı tarixin ən bahalı müqaviləsi bağlanmazdan əvvəl həyata keçirilib. Nəşr qeyd etmişdi ki, müqavilənin dəyəri 35 milyard avroya çata bilər. AK rəhbəri isə danışıqlar prosesinə “birbaşa təsir” etməkdə şübhəli bilinirdi - çünki alınmış peyvəndlərin sayı ehtiyacları xeyli üstələyirdi. Aİ-nin peyvənd ehtiyacları 1,8 milyard doza təşkil etdiyi halda, bu qədər “geniş müqavilə”nin imzalanmasının məntiqi açıqlaması yox idi.

Erməni puluna “danışanlar”...

Bu kimi faktlar isə Azərbaycana qarşı erməni lobbisinin “dəyənəyi”nə çevrilmiş “parlamentarilər”in əsl simasını ortaya çıxarır. Budəfəki qərəzli qətnamə də daxil olmaqla Azərbaycana qarşı daimi mənfi yüklü çağırışlar səsləndirənlər erməni lobbisinin pulu ilə işləyir - maliyyələşmənin arxasında Avropada yaşayan erməni əsilli milyarderlər dayanırlar. Bunların sırasında Kaspar Karapetyan, Vartan Sirmakesin adlarını çəkmək olar. Bu lobbi nümayəndələri həmin parlamentariləri fərqli yol və üsullarla - bahalı kürklər, qiymətli daş-qaşlar (Karapetyan almaz alveri ilə məşğuldur), hətta vəzifə təyinatı ilə ələ alır, onları özlərindən asılı vəziyyətə salırlar. Lazım gəldikdə isə həmin “deputatlar”dan öz maraqları üçün istifadə edirlər. Bu isə adını “Avropanın Parlamenti” qoymuş bir qurum üçün rüsvayedicidir...

S.İSMAYILZADƏ

Seçilən
55
11
yeniazerbaycan.com

10Mənbələr