AZ

Ölkədən xaricə kapital axını niyə sürətlə artır?

Mərkəzi Bankın ölkələrarası birbaşa sərmayə axınları ilə bağlı son illər açıqladığı məlumatlarda diqqəti cəlb edən maraqlı məqamlar var. 

Ən maraqlısı isə Azərbaycandan çıxan birbaşa investisiyaların coğrafiyasında müşahidə edilən dəyişikliklərdir.

 Birləşmiş Ərəb Əmirliyi və Özbəkistanda kimlər hansı sahələrə sərmayə yatırır?     

Mərkəzi Bank ölkələrası birbaşa investisiya axınları ilə bağlı məlumatları 2019-cu ildən etibarən ictimailəşdirməyə başlayıb. Məhz həmin dövrdən başlayaraq baxdıqda son 3 ildə Azərbaycandan çıxan birbaşa sərmayə axınlarının seçdiyi ünvanda Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), Gürcüstan və Özbəkistanın prioritet bölgələr olduğu aydın görünür. 

Məsələn, 2024-cü ilin ilk yarısında ölkədən birbaşa sərmayə formasında çıxan kapitalın təxminən 40 faizi və ya 397 milyon dolları BƏƏ-yə gedib. Bu dövrdə sərmayənin ən çox getdiyi ilk 5 ölkəyə liderliyi də məhz BƏƏ edib. Digər ölkələrin ardıcıllığı isə belə olub: Türkiyə 108,2 milyon dollarla 2-ci, Özbəkistan 67,4 milyon dollarla 3-cü, Gürcüstan 65 milyon dollarla 4-cü və Böyük Britaniya 51 milyon dollarla 5-ci yerdə qərarlaşıb.

2024-cü ilin yanvar-iyun ayları ərzində həmin 5 ölkəyə gedən birbaşa investisiyaların həcmi 688 milyon dollar və ya bütün sərmayələrin 69 faizi qədər olub.

BƏƏ-yə Azərbaycandan invesitiya axını əsasən son 3 ildə sürətlə artmağa başlayıb. 2022-ci ilin ilk yarısında birdən-birə 133 milyon dollar investisiya qeydə alınıb. Sonrakı ilin eyni dövründə 2 dəfə azalma baş versə də, bu il 6 dəfədən çox artım baş verib. 

2022-2024-cü illərin ilk yarısında BƏƏ-yə gedən Azərbaycan sərmayəsinin ümumi məbləği 592 milyon dollar təşkil edib. Halbuki ondan əvvəlki ilin eyni dövründə bu göstərici cəmi 21 milyon dollar olmuşdu. 

Heç bir açıq mənbədə Azərbaycan kapitalının BƏƏ-də hansı biznes sahələrinə yönəldiyi, Azərbaycanda kimlərin kapitalının bu axınlarda həlledici pay sahibi olması ilə bağlı məlumata rast gəlmək mümkün deyil.

Lakin BƏƏ-dən fərqli olaraq Azərbaycandan çıxan kapitalın yeni ünvanlarından biri olan Özbəkistanla bağlı informasiyalar internet məkanında xeyli geniş yayılıb. Məsələn, son 3-4 ayda müxtəlif xəbər saytlarında Azərbaycan prezidentinin ailəsinə məxsus "PAŞA Holding” şirkətlər qrupunun Daşkənddə "The Ritz-Carlton Residences" layihəsinin icrasına başladığı və bu layihəyə artıq 200 milyon dollar sərmayə  qoyuluşuna start verdiyi barədə çoxsaylı xəbərlər paylaşılıb. 

Holdinq layihənin icrası məqsədilə Özbəkistanda özünün "PASHA Development" adlı törəmə müəssisəsini də təsis edib. "The Ritz-Carlton Residences" layihəsi mənzil və otel tikintisini əhatə edir.

Gürcütana yatırlan sərmayələr haqqında da detallı məlumatlar yoxdur, amma zaman-zaman müxtəlif layihələrlə bağlı xəbərlər yerli mediaya sızdırılıb. Məsələn, hələ bir müddət əvvəl AZAL-ın keçmiş rəhbəri, siyasi hakimiyyətlə xüsusi münasibətləri olması ilə tanınan Cahangir Əsgərovun Batumidə böyük sahəyə (2 hektardan çox) malik "Gazelli Hotel” layihəsini həyata keçirdiyi haqda xəbərlər yayılmışdı. Eyni zamanda, Azərbaycanın ən böyük özəl şirkəti olan "PAŞA Holding” Gürcüstanın maliyyə-bank sektoruna yatırımlar edib.

Türkiyə Azərbaycan sərmayəsi üçün prioritet ölkə mövqeyini saxlayır

Türkiyəyə yatırımlarda,  şübhəsiz ki, həlledici amil mənzil alışı ilə bağlıdır. Türkiyə statistika  qurumu 2015-ci ildən başlayaraq mənzil alan əcnəbilərin sayını mənsub olduğu ölkələr üzrə açıqlayır. 

Statistikadan aydın olur ki, 2015-ci ilin yanvarın 1-dən 2024-cü il  oktyabrın 1-dək Azərbaycan vətəndaşları Türkiyədə 10400-ə yaxın mənzil alıblar. Hətta ən kobud hesablama ilə bir mənzilin alış qiyməti 100 min dollardan götürülsə, bu ən azı azərbaycanlıların Türkiyədə 1 milyard dollardan çox mənzil fonduna sahib olduğunu ehtimal etməyə əsas verir. 

İllər üzrə baxdıqda Türkiyədə alınan mənzillərin 4800 ədədi pandemiyadan əvvəlki dövrə (2015-2019-cu illər) təsadüf edir. Bu müddətdə hər il orta hesabla 960 mənzil alınıb. Son 5 ildə (2020-2024-cü illər) isə ümumilikdə 5600 mənzil alınıb ki, bu da hər il üçün orta hesabla 1120 ədəd mənzil deməkdir. Göründüyü kimi, azərbaycanlıların Türkiyədə mənzil alması son illər daha sürətlə artıb. 

2019-2024-illərdə Azərbaycandan Türkiyəyə gedən birbaşa sərmayələrin ümumi həcmi 3,5 milyard dollar təşkil edib. Mənzillərin yuxarıda ehtimal olunan alış qiymətindən çıxış etsək, bu sərmayənin təxminən 25-30 faizinin mənzil bazarına yönəldiyini iddia etmək mümkündür. 

Aydındır ki, biznes ofisləririnin və dayanıqlı gəlir gətirən qeyri-mənzil əmlakının alınması da mümkün seçimlər arasındadır. Təəssüf ki, mənzil bazarından fərqli olaraq digər sektorlara qoyulan sərmayələrlə bağlı hətta Türkiyə mənbələrində də yetərincə məlumat tapmaq çətindir.

Azərbaycandan xaricə birbaşa sərmayələri artıran səbəb nədir?

Ölkədə kapital axınına çox sərt nəzarət var və siyasi hakimiyyətin razılığı olmadan heç bir iş adamı Azərbaycandan böyük həcmdə vəsait çıxarıb xarici iqtisadiyyatlara sərmayə qoya bilməz. Bu baxımdan iri məbləğdə kapital çıxışlarının siyasi hakimiyyətin himayəsində olan şəxslərə məxsus olmasını ehtimal etmək çox da cətin deyil. 

Pandemiya və postpandemiya dövründə (2020-2021-ci illər) Azərbaycandan xaricə birbaşa sərmayələr azalsa da, son 3 ildə yenidən sürətlə artmağa başlayıb. 

2019-2023-cü illərdə xaricə çıxan kapitalın ən yüksək məbləği 2023-cü ildə (3,1 milyard), ən aşağı həddi 2021-ci ildə (825 milyon dollar) qeydə alınıb.

Əldə olan ən yeni statistika 2024-cü ildə də artımların davam etdiyini göstərib. Bu ilin lik yarısında Azərbaycandan xaricə birbaşa sərmayələrin  məbləği əvvəlki ilin eyni dövrünə nisbətən 50 faizə yaxın artıb.

Əgər xaricə gedən yerli kapital ölkəyə mənfəətin geridönüşü formasında hər hansı fayda gətirmirsə, bunun tək adı ölkədən kapital oğurlayıb çıxarmaqdır. Belə kapital həm də ölkəni həmişəlik tərk edir – geri dönməmək şərtilə.   

Seçilən
34
44
arqument.az

10Mənbələr