Bakı hava limanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Herbiand.az xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov mediatur çərçivəsində keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, əlavə işçilər və könüllülər işə cəlb edilib, bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.
“Hazırda gündəlik sərnişin dövriyyəsi 18-20 min arasıdır. COP29 zamanı bu rəqəmin 25-27 minə çatacağı gözlənilir. Hava limanı gücləndirilmiş rejimdə gündə 45-50 min sərnişinə xidmət göstərə bilər”, - deyə T.Həsənov bildirib.
Hava limanı direktoru onu da əlavə edib ki, COP29 çərçivəsində “Lufthansa”, “Polish Airlines”, “FlyDubai”, “Flynas” şirkətləri ilə əlavə 15 çarter reysi planlaşdırılır.
“Uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib. Sürmə yolları təmir olunub və 3 yenisi inşa edilib. Sərnişin ötürmə qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı artırılıb. Terminallarda 12 ədəd “self-check-in” və 10 ədəd “baggage drop-off” quraşdırılıb. Hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı internetlə təmin edilib”, - deyə o qeyd edib.