AZ

Həddindən artıq qısqanclıq münasibətdə şiddətli problemə səbəb olur -Psixoloq

Astara rayonunda 1979-cu il təvəllüdlü Pərvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. Pərvin birgə yaşadıqları evdə həyat yoldaşı Səbinə ilə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun sol diz oynağına və sol bud nahiyəsinə təpiklə zərbə vurub.
Hadisəni törədən Pərvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Səbinə ilə rəsmi evlənib, birgə nigahlarından iki azyaşlı övladları var:
"Həyat yoldaşım Səbinə kənd körpələr evində dayə işləyir, istirahət günlərində kənd qadınları ilə Cəlilabad rayonuna sahədə çiyələk yığmağa gedir. Səbinənin çiyələk yığmağa getməyinə etiraz etmişəm. Lakin Səbinə məni eşitməyib. Bu səbəbdən də aramızda narazılıq yaranıb. Səbinənin yad kişilərlə telefon vasitəsilə əlaqə saxlamasından şübhələnmişəm".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 23 radələrində yaşadıqları evdə olduqları vaxt Səbinəyə onun yad kişilərlə telefon əlaqəsi saxlamasından şübhələndiyini bildirib: "Səbinə heç kimlə telefon əlaqəsi saxlamadığını dedi. Mənimlə kobud danışdı. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı əsəbiləşərək yumruq və təpiklə onun bədən nahiyyəsinin müxtəlif yerlərindən, sol diz və sol bud nahiyələrindən vuraraq onu döydüm. Dava-dalaş zamanı kənar şəxs olmayıb".
İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, əri ilə birgə yaşadıqları kəndin körpələr evində dayə işləyir: "İstirahət günlərində kənd qadınları ilə Cəlilabad rayonuna sahədə çiyələk yığmağa gedirəm. Pərvin məni qısqandığı üçün çiyələk yığmağa getməyimə etiraz etdiyindən aramızda narazılıq yarandı. Hadisə günü, saat 23 radələrində yaşadığımız evdə olduğumuz vaxt "telefon vasitəsilə yad kişilərlə əlaqə saxlayırsan" deyə Pərvin mənə bildirdi. Mən isə "heç kimlə telefon əlaqəsi saxlamıram" deyə cavab verdim. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı Pərvin yumruq və təpiklə sol diz və sol bud nahiyələrimdən zərbə vuraraq məni döydü".
Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.                           

Hadisəyə münasibət bildirən psixoloq Sevinc Həbibova "Sherg.az"a söyləyib ki, qısqanclıq cütlüklər arasında ən çox müzakirə yaradan problemlərdən biridir: 

 "Əslində həddi aşmadan qısqanclıq normaldır. Çünki qısqanclıq hissi bütün insanlarda var.  Fikrimcə, qısqanclıq insanın böyüdüyü mühitdən asılıdır. Belə insanlar həyatlarında özlərini təsdiq edə bilmirlər və şəxsiyyət pozğunluğu olur. Bu cür şəxsləri sanki, ailədə, ətraf çevrələrində heç kəs dinləməyib. Yəni, onlar fikirlərini qarşılarındakına rahat şəkildə izah edə bilməyiblər. Məhz, bu səbəblərdən aqressiyalarını öz yaxınlarının üzərində tətbiq etməyə başlayırlar. Təbii ki, qısqanclığı müəyyən həddə qədər yaxşı hesab etmək olar. Lakin daha sonra özgüvənsizlik problemi yaranır. Qısqanclığın olmadığı bəzi münasibətlərdə isə o mənimlə maraqlanmır, heç vecinə belə deyiləm kimi fikirlər də yaranır. Nəzərə almaq lazımdır ki, həddindən artıq qısqanclıq həm kişilərdə, həm də qadınlarda həyatı yaşanılmaz edir. Bunu davranış pozğunluğu kimi qiymətləndirə bilərik.Qısqanclıq adətən itirmək qorxusu, sahib olmaq istəyi kimi səbəblərdən qaynaqlanır. Bir sözlə, həddindən artıq qısqanclıq münasibətdə şiddətli problemə səbəb olursa, mütləq psixoloq dəstəyindən istifadə etmək lazımdır".
Seçilən
50
sherg.az

1Mənbələr