AZ

İçərişəhərdə COP29 ərəfəsində sıfır tullantı və davamlılığı təşviq edən sərgi açılıb

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Şirvanşahlar Sarayı Kompleksində “Qurama Art: Zamanın vəhdəti” adlı sərginin açılışı keçirilib.

"Operativ Media" xəbər verir ki, sərgi xüsusilə qurama sənətinin ekoloji məsuliyyət və dayanıqlılıq aspektinə diqqət çəkərək, təbiətə hörmət və resursların səmərəli istifadəsini vurğulayır.

Sərginin açılış mərasimində çıxış edən İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev sərginin məqsədinin yalnız qurama sənətinin milli irs kimi yaşadılmasının əhəmiyyətini deyil, həm də bu “eko-dost” sənət növü vasitəsilə ekoloji şüurun genişləndirilməsi və ətraf mühitin mühafizəsinə diqqət yetirilməsi istiqamətində töhfə verilməsi olduğunu qeyd edib:

"Qurama sənəti qalıq parça materiallarından təkrar istifadə etməklə sıfır tullantı və dayanıqlığı təşviq edir. Tullantı hesab olunan parça qalıqlarına “ikinci həyat” verərək, həm ekoloji məsuliyyət, həm də yaradıcılıq baxımından müsbət təsirlər yarada bilərik. Bu yanaşma, yalnız sənət sahəsində deyil, eyni zamanda cəmiyyətin ekoloji davranışlarının formalaşmasında da əhəmiyyətli rol oynayır".

Daha sonra qonaqlar, qurama sənətinin qədim texnikalarını qoruyaraq müasir dövrə adaptasiya edən sərgidə, dayanıqlılıq və ənənənin müasir texnologiya ilə vəhdətini əks etdirən XIX-XXI əsrlərə aid qurama nümunələri və bu sənət növündə yenilik sayılan rəqəmsal qurama nümunələri ilə tanış olublar.

Seçilən
51
10
operativmedia.az

10Mənbələr