“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola zədəli yarımmüdafiəçi Kevin De Bröynenin nə vaxt meydana qayıdacağını bilmədiyini bildirib.
Arena.az xatırladır ki, De Bröyne Çempionlar Liqası çərçivəsndə sentyabrın 18-də “İnter”ə qarşı keçirilmiş oyunda əzələ zədəsi alıb və belçikalı futbolçu o vaxtdan meydanda çıxmayıb.
İspan mütəxəssis “Mançester Siti”nin rəsmi saytına açıqlamasında bunları vurğulayıb:
“Mən bunu sizə demək və özüm də bu barədə bilmək istərdim, amma onun nə vaxt qayıdacağını bilmirəm. Kevin məşqdə özünü yaxşı hiss edir, amma yenə də topa zərbə vurmaq onu incidir.
De Bröyne hazırda sıradan çıxıb və istedadını nümayiş etdirmək üçün özünə gəlməlidir. O, özünü daha yaxşı hiss edir, amma hələ kifayət qədər yaxşı deyil. Zədələnmiş hər kəsin hərəkətə keçməsinə ehtiyacımız var. Ümidvarıq ki, bu, beynəlxalq fasilədən sonra baş verəcək”, – deyə Xosep Qvardiola qeyd edib.
Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı futbolçu ötən mövsüm meydana qayıtdıqdan sonra “Mançester Siti”nin heyətində 26 oyuna 6 qol vurub, 18 məhsuldar ötürmə verib.
Yenicə başlamış cari mövsümdə isə Kevin “Mançester Siti” üçün 6 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
De Bröyne “şəhərlilər”in heyətində ümumilikdə 388 oyun keçirib, 103 qol və 171 məhsuldar ötürmə müəllifi olub.
Kevin 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 107 oyun keçirib, 30 qol vurub, 49 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı belçikalı hücumameylli yarımmüdafiəçinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.