AZ

“Hələ yaşamağa dəyər bir az da...”

Məmməd İsmayıl – 85

Bu gün Azərbaycanın görkəmli söz ustadı, poeziyamızın qiymətli imzası Məmməd İsmayılın 85 yaşı tamam olur. Ədəbi-mədəni ictimaiyyət ünlü şairimizin növbəti yubileyini də sevgi, sayğı ilə qeyd edir.

Bu ilin may ayında Məmməd İsmayıl müalicə aldığı xəstəxanadan evə gələndə şairin qızı İntizar mənə zəng etmişdi ki, atam özünü yaxşı hiss edir, müsahibəyə də razılıq verib. Beləcə, şair ayağa qalxan kimi İntizarın mənə zəng etməsi ilə arzum gerçəkləşdi. Ustad şair 40 ildən çox yaşadığı mənzilində ötən illərin yaddaşına həvəslə qayıtdı, ürəyində kök salmış söz süfrəsini səxavətlə açıb-tökdü. Bu barədə “XQ”-də geniş material verdik.

Bu günlərdə isə Beynəlxalq Muğam Mərkəzində sözün qüdrətinə pənah gətirən ziyalılarımız Azərbaycan poeziyasının gur nəfəslərindən birinin – Məmməd İsmayılın başına yıgışmışdı. Belə bir ədəbi-bədii məclisin təşkil olunması dövlətin, xalqın öz şairinə hörmətinin, məhəbbətinin təzahürü idi.

İlahidən şair doğulan Məmməd İsmayıl ona dəyər verənlərin qarşısında sanki bir ömür hesabatı verirdi. Əslində o, bu görüş üçün çox darıxmışdı. Xalqın, vətənin, el-obanın sevgisindən böyük nə ola bilərdi? Məmməd bəy ta uşaqlıqdan, Tovuzun Əsrik-Cırdaxan kəndindən söz boxçasını əlinə alıb yola çıxmışdı. O, bu yolun keşməkeşli harayından, fırtınasından qorxmamışdı, çünki şair sözün dərgahında imtahana hazır idi. Poetik ruhlu pıçıltıları bunu deyirdi: “Sözü mən dəlicəsinə sevmişəm... Həqiqətən, ilhamla gələn söz adamı ilim-ilim titrədir. Mənim könlüm söz mülkündə elə ağacdır ki, meyvəsi sinəmdə, kökü sinəmdə”.

Bəli, bu sətirlər Məmməd İsmayıl qələminin sehridir. Şairlə sözün qüdrətindən danışanda gözlərinin dərinliyindəki qığılcım sanki dil açıb 85 illik ömür yolunun hesabatını qürurla verirdi: “Söz mənə Allahın payıdır. Ürəyimdən qopan misralar məni Məmməd İsmayıl etdi. Hər sətrimin içində anamın ürəyinin səsini, döyüntülərini hiss etdim, anamın ürəyindən güc aldım. Məni mən edən Gülzar anam oldu!

Sonra şair sanki anası ilə üzbəüz dayanıb ona müraciət elədi: “Oğlun Məmməd 85-ə gəlib çıxdı. Ana, bu yaxınlarda uşaqlar məni həsrətində olduğum kəndimizə apardılar, sənin həsrətini, nisgilini içimə çəkdim, ay Ana! Evimizin qapısı ilə üzbəüz mazutlu elektrik dirəyində ağacdələnlərin yuvasını çox axtardım, amma gözümə dəymədilər. Mənim səhvim üzündən ağacdələnlər küsüb gedib. Çünki ağacdələn taxta qapıya pənah aparır, dəmir qapı ona yaddır, ögeydir. Mən insafsız nə biləydim ki, taxta qapını dəmir qapı ilə əvəz edəndə ağacdələn haqsızlığa fəryad qoparıb həyətimizdən uzaqlaşacaq...”

Məmməd İsmayılın əksər yazıları həyatın, bax, belə təzadları üzərində qurulub. Onun çatdırmaq istədiyi budur: Təbiətin müqəddəsliyi ondadır ki, sən ona hökm edə bilməzsən, perikən ağacdələnin timsalında bu, aşkar görünür. Şair Məmməd ağacdələn sevdasından yaza-yaza həyatı anlamağa başlayıb, anasının ağ-qara hörüklərinə baxa-baxa etibarsız dünyada həqiqət axtarıb, Bakıya üz tutub. “Məmməd İsmayıl” imzasını tanıdana kimi sözün qüdrətinə sığınıb, saxta baxışlarla qarşılaşanda büdrəsə də, sınmayıb, sarsılmayıb. İllər onu dəmir kimi döyüb bərkidib, şaxtalı yollarını yazdığı şerlərlə qızdırıb. Sözün dərğahında imtahan verə-verə Moskvaya yollanıb. Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun nəzdindəki Ali Ədəbiyyat kurslarında keçirdiyi hər gün, hər saat daha inamlı, daha cəsarətli Məmməd İsmayıl yetişdirib.

Sonra Bakıda “İşıq” nəşriyyatının direktoru, “Gənclik” və “Molodost” jurnallarının baş redaktoru, AzTV-nin sədri vəzifələrində çalışıb. 1996-cı ildən qardaş Türkiyədə – Çanaqqala 18 Mart Universitetinin professoru kimi dərs deyib.

Beynəlxalq Muğam Mərkəzində keçirilən möhtəşəm yaradıcılıq gecəsində hər kəsin simasından bir həqiqət oxunurdu: Bu kişi tarixin bütün dönəmlərində simasını, şəxsiyyətini itirmədi, bugünkü orta nəsil qələm sahiblərinə bacardığı qədər dayaq olub. Novatorluğu ilə poeziyamızın qiymətli imzası olub.

Mənim bir gecikmiş məhəbbətim var,
Dönüb nağıllaşan həqiqətim var.
Səni səsləyirəm, ay ev yiyəsi,
Səsimə səs versin o tayda kim var.
Dodaqlarda donan bir busə kimi
Harda görünür ki, sönə arzular.
Qıvrıla-qıvrıla bir gürzə kimi
Əsrin ovsununa yatıb Araz da
Dünyanın işini nə bilmək olar,
Hələ yaşamağa dəyər bir az da.

Şairin özünə hesabatı idi o görüş. Yenə anası gəlmişdi gözləri önünə: “Möcüzəli bir yol gəldim, amma əqidəmə, cəsarətimə dönük çıxmadım, Gülzar anamın aglı-qaralı hörükləri mənim üçün əbədi bir yol açdı, mən o cığırla gedən Məmmədəm bu gün də! Ey mənim taleyim, sən 44 günlük Zəfər tariximizi də gördün. Şair nə bəxtiyarsan?! Əgər ömür vəfa qılsaydı, Müzəffər Ordumuzun bu şanlı şücaətini nəzmə çəkərdim”.

Bəli, Məmməd İsmayıl kimi qaranlığa işıq salmaq, dünyanın gözəlliyini, bəşəriyyətin insanlığını nəzmə çəkmək o deməkdir ki, yaşamaq da gözəldir, yaratmaq da! 1noyabr 1939-cu ildə Əsrik-Cırdaxan kəndində doğulmuş Məmməd parlaq bir şair taleyi yaşayır. Ona cansağlığı, uzun ömür və İlahi gücün verdiyi böyük ruh arzulayırıq.

Kəmalə ABDİNOVA
XQ

Seçilən
49
xalqqazeti.az

1Mənbələr