AZ

"Prezident eşitsin ki, kasıbları tapdamaq olmaz", obyekti sökülən satıcı

Bakının 8-ci kilometr bazarı kimi tanınan ərazisində satıcıların dediyinə görə, azı 200 satıcının piştaxtası yığışdırılıb.

Satıcılar deyir ki, piştaxtaları yığışdırmağa gələnlər qəfildən yaxınlaşıb, ərazini təmizləməyə başlayıblar.

“Qəfildən, demədən, xəbərdarlıq vermədən “hə, yığışdırın!” Deyin, görək, biz nə ilə dolanmalıyıq? Ay kasıb, yıxıl, ayağını cütlə, öl! Toxun acdan nə xəbəri? Kirayədə qalırıq, körpə uşaqlarımız var. Nə verməliyik onlara? Hamısı bizdən yemək istəyir. Neyləməliyik? Kirayə pulunu qaldırıb dünyanın başına. Yemək-içmək hamısı qalxıb. Kasıb neyləməlidir?”, - satıcı Sevinc Hüseynova BBC-yə bildirir.

O deyir ki, "əgər vətəndaşlara baxılmırsa, onda hamı Azərbaycan vətəndaşlığından imtina etsin".

"Gedək bəlkə bizi xarici ölkələrdə qəbul edərlər. İş yoxdur, iş versin, işləyək. Bunu Allah götürərmi? Allah varsa, götürməsin. Nə veclərinə? Oturublar orada, öz keflərində. Yağ yemirlər ki, bığımız yağa batar. Amma ölən bizik".

Gənc yaşlarımdan bu bazarda işlədiyini deyən satıcı iki oğlunu da burada böyütdüyünü bildirir.

"Mən iki əsgər böyütmüşəm bu bazarda. Qutunun içində böyütmüşəm. Mənim ac vaxtlarımda hansısa bir dövlətli gəlib, mənim qeydimə qalmayıb. Elə də Prezidentimiz. Kasıbların heç vaxt qeydinə qalmayıb. Qoy, onu eşitsin ki, kasıbları bu qədər də tapdamaq olmaz! Bu qədər də haqsızlıq olmaz!” - Sevinc Hüseynova əlavə edir.

Nizami Rayon İH-dan BBC-yə bildiriblər ki, ərazidə qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaldırlması ilə bağlı tədbirlər görüləcəyi haqda əhaliyə əvvəldən xəbərdarlıq edilib.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
103
bbc.com

1Mənbələr