Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda yeni doğulan 1 uşağa Atatürk adı qoyulub. Bu barədə Ədliyyə Nazirliyinin adlar üzrə statistikasında qeyd edilib. Bu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir.
Qeyd edək ki, Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğulan körpələrə Atatürk adınının qoyulmasını yasaqlamışdı. Ümumiyyətlə, 2014-cü ildən bəri buna icazə yox idi. Bu qadağa qeyri-rəsmi tətbiq olunurdu.
Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bunu onunla əsaslandırmışdı ki, Türkiyə hökuməti illər öncə Azərbaycan tərəfinə müraciət edəndən sonra bu adın verilməsinə qadağa qoyulub. Həmin müraciətdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün tarixi şəxsiyyət olması səbəbindən ona hörmət əlaməti olaraq bu adın yeni doğulanlara verilməməsi xahiş olunmuşdu.
Görünür, qeyri-rəsmi qadağa artıq aradan qalxıb.
Yeri gəlmişkən, bəs Atatürk adı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal paşaya necə verilib? 1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər. Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir. 1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanır. Ancaq təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayırlar. 1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilir. Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır.
1934-cü ildə Türkiyə Böyük Millət Məclisi Mustafa Kamala "Atatürk" soyadını verir.
Türkiyə arxivlərindəki tarixi sənədə görə, qardaş ölkədə 1934-cü ildə soyad qanunu qəbul edildikdən sonra Mustafa Kamala uyğun soyadın tapılması üçün axtarışlara başlanılır.
Hətta CHP Məclis qrupunda dilçi və tarixçi millət vəkillərindən ibarət bir komissiya da yaradılır.
Bu komisiya “Atatürk” soyadından əvvəl Mustafa Kamala 13 soyad təklif edib. Mustafa Kamal isə 14-cü soyadı - “Atatürk” soyadını qəbul edib.