AZ

2025-ci ildə manatı nə gözləyir? - PROQNOZ

Bu il oktyabrın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,5 bənd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu rəqəm aylıq müqayisədə 0,2 bənd az, ilin əvvəlinə nisbətən 1,5 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,4 bənd çoxdur.

Oktyabrın 1-nə manatın real effektiv məzənnəsi isə 118,2 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,6 bənd, ilin əvvəlinə nisbətən 3,2 bənd, illik müqayisədə isə 5,1 bənd azdır.

Maraqlıdır, yaxın gələcəkdə manata hər hansı ciddi təhlükə varmı?

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, 2025-ci ilin ilk aylarında manatın bir az dəyər itirməsinə, eləcə də ölkədə sürətli bahaşlamanın şahidi ola bilərik:

“2023-ci illə müqayisədə 2024-ci ildə Azərbaycanda idxal göstəriciləri kifayət qədər artıb, amma ixracatda göstəricilərin azaldığını müşahidə edirik. Bu tendesiya uzunmüddət davam edir. 

Son 5 il ərzində, yəni 2019-2024-ci illəri əhatə edən dövrdə qeyri-neft sektoru üzrə ixracat göstəriciləri azalmağa doğru gedib. Əvəzində isə idxalda artım müşahidə olunub. 

Bu da manata xarici təsirlərin güclənməsinə gətirib çıxarır. 

Manatın 0.5 bənd dəyər itirməsi və dəyər itkilərinin davam etməsi manatın həm alıcılıq qabliyyətinin, həm də məzənnəsinin zəifləməsinə səbəb olur. Bu, davamlı şəkildə davam edirsə, çox ciddi risklər yaranacaq. 

Ən böyük risk neftin qiyməti ilə bağlıdır. Bildirim ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Bu seçkilərdən sonra yeni prezident və yeni administrasiya həm Yaxın Şərqdəki münaqişələr, həm də Rusiya-Ukrayna müharibəsinin taleyinə təsir göstərəcək qərarlar verəcək.

Hər iki tərəf - demokratlar və respublikaçıların hər iki məsələ ilə bağlı fərqli baxışları var. Lakin gözləntilər bundan ibarətdir ki, istər Yaxın Şərqdəki münaqişələrin, istərsə də Rusiya-Ukrayna müharibəsinin həlli istiqamətində ABŞ öz siyasi xəttini müəyyən edəcək. Yəni, bununla yeni dönəm başlayacaq. Bu da münaqişələrin tədricən zəifləməsinə gətirib çıxaracaq. 

Sözsüz ki, bu, dünya birjalarında neftin qiymətinə təsir edəcək.

Belə demək mümkünsə, neftin qiyməti azalacaq. Bu da əhəmiyyətli dərəcədə Azərbaycana təhlükə yaradacaq. 

Azərbaycan iqtisadiyyatı həm idxaldan, həm neft-qazdan asılı olması fonunda manatın zəifləməsi və sürətlə dəyər itirməsi müşahidə olunacaq.

Manatın ölkə daxilində rəsmi statistik məlumatlardan fərqli olaraq, yəni 8 və ya 10 % bənd üzrə deyil, faktiki olaraq manat təxminən 20 və ya 30 % civarında dəyər itirir.

Süni şəkildə xarici valyutalar ilə məzənnənin saxlanılmasına baxmayaraq, real ticarət münasibətlərində manatın alıcılıq qabiliyyəti aşağı düşməkdədir. 2025-ci ilin ilk aylarında manatın bir az dəyər itirməsinə, eləcə də ölkədə sürətli bahaşlamanın şahidi ola bilərik”. 

Seçilən
43
2
cebheinfo.az

3Mənbələr