“Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) İdarə Heyətinin sədri Abbas İbrahimovun işlərini icra edən bankir həbs edilib.
Ulusal.az “qaynarinfo”-ya istinadən məlumat verir ki, hüquq-mühafizə orqanları tərəfindən 2021-2023-cü illərdə “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İnzibati İdarəetmə Departamentinin Nəqliyyat şöbəsində mütəxəssis vəzifəsində işləmiş Natiq B. saxlanılıb.
Həmin illərdə Natiq B.-yə hərraclarda bankı təmsil etmək üçün İdarə Heyəti sədrinin adından etibarnamə verilib. O, banka məxsus 6 avtomobili 68.550 manata hərraca çıxarıb. Hərracların təşkilində saxtakarlıq edərək əvvəlcədən tanıdığı şəxsləri hərracın qalibi edib.
Belə ki, Natiq B. “Panorama Travel” səyahət agentliyinin rəhbəri (qanuni təmsilçisi Əskərli İlqar Şahverən oğlu) və digər şəxslərlə əvvəlcədən razılaşaraq, avtomobilləri onlara hərrac vasitəsilə satıb. Həmin şəxslər hərracda iştirak etmək üçün avtomobillərin ümumi dəyərinin 10 faizini banka köçürüblər.
Natiq B. qalan 48.550 manat məbləğində pulu mənimsəyib. Banka ödəniş edilməsinə dair saxta kassa mədaxil orderləri hazırlayaraq işlədiyi departamentə təqdim edib. Bankın vəzifəli şəxsi əldə etdiyi pulun bir qismini iribuynuzlu heyvan almağa sərf edib. Cinayətin üstü açıldıqdan sonra götürdüyü pulun 20 min manatını banka qaytarıb.
Məhkəmədə təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, hərracda iştirak edən şəxslər nəzərdə tutulan məbləği ödəmədikləri üçün banka ödəniş edə bilməyib. O, təşkil etdiyi hərraclarda saxtakarlığın üstü açılmasın deyə saxta kassa mədaxil orderləri hazırlayaraq departamentə təqdim edib.
Məhkəmənin qərarı ilə Natiq B. Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs olunub.