“Bu danılmaz bir həqiqətdir ki, Azərbaycanın əldə etdiyi nailiyyətlərin təməlində həm də uğurla reallaşdırılan iqtisadi siyasət dayanır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən iqtisadi siyasətimiz təkcə iqtisadi sektorun deyil, digər sahələrin də inkişafına təkan verib”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, iqtisadi sahədə əldə edilən uğurlar Azərbaycana hərbi sahədə və ordu quruculuğunda inamlı addımlar atmağa əsas verib: “Bunun da nəticəsi göz qabağındadır. Hazırda Azərbaycan maddi-texniki bazası güclü və yüksək peşəkarlığa malik ordusu ilə dünyada fərqlənən ölkələrdən biridir“.
V.İskəndərov söyləyib ki, iqtisadi siyasətin düzgün reallaşdırılması eyni zamanda ölkənin maliyyə imkanlarının artmasına, bu isə öz növbəsində sosial sahədə davamlı islahatların həyata keçirilməsinə imkan yaradıb: “Azərbaycan vətəndaşlarının sosial rifah halının daha da gücləndirilməsinə hesablanan bu islahatların uğurla icrası həm də güclü maliyyə imkanlarımızdan, iqtisadi potensialımızdan aslıdır”.
Millət vəkilinin sözlərinə görə, ölkədə iqtisadi siyasətin uğurları 2024-cü ilin arxada qalan aylarındakı nəticələrdə də özünü göstərir: “Mən bu məqamda cənab Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışını xatırlatmaq istəyirəm. Həmin çıxışında dövlət başçısı ölkəmizdə ilin əvvəlindən iqtisadi inkişafın gözlənilən səviyyədə olduğunu, bu müddətdə uğurlu sosial-iqtisadi göstəricilər əldə edildiyini və belə bir irəliləyişin gerçəkləşəcəyinə əminliyi hələ cari ilin əvvəlində vurğuladığını bildirdi. Təbii ki, yuxarıda vurğuladığımız kimi bu nailiyyətlərin təməlində uğurlu siyasət dayanır. Daha da dəqiq desək, Azərbaycanın əldə etdiyi iqtisadi uğurun təməlində, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində genişmiqyaslı islahatların gerçəkləşdirilməsi dayanır. Cənab Prezident də sözügedən çıxışında məhz bu cəhətləri önə çəkərək qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi bir çox ölkələrin iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam isə ondan ibarətdir ki, ölkəmizdə qeyri-neft sektoru 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlar və düşünülən islahatlar öz bəhrəsini verməkdədir”.