AZ

“Qalatasaray” derbini standart zərbələrlə qazandı - ŞƏRH

Tur geridönüşlərin bolluğu ilə diqqəti çəkdi. İlk üç oyun günündə keçirilən 7 qarşılaşmadan 4-də əzmkar qələbə qeydə alındı.

İlk belə qələbənin müəllifi cümə günü turun açılış oyununda “Sivasspor” oldu. Mövsümdə ilk qələbəsini qazanmaq istəyən “Adana Dəmirspor” erkən qollarla iki topluq üstünlük yaxaladı. Amma maddi problemlər üzündən əvvəlki gücündən əsər-əlamət qalmayan və elitanı tərk etməyə əsas namizədlərdən sayılan Adana təmsilçisi qalan vaxtda 4 top buraxmağa “müvəffəq oldu”.

Şənbə günü daha üç oyun keçirildi. Tura qələbəsiz daxil olan iki komandanın -“Hatayspor”la “Kayserispor”un duelində qonaqlar sevindi. Bununla da Kayseri təmsilçisi elitada 181 günlük qələbə həsrətinə son qoydu. Komanda son qələbəsini aprelin 28-də, yəni ötən mövsümün 34-cü turunda səfərdə “Pendikspor”la oyunda əldə etmişdi. “Hatayspor” isə fanatlarını üzməkdə davam edir. Təcrübəli Rza Çalımbayın gəlişi də bu komandanın dərdinə dərman ola bilməyib. “Hatayspor” bu məşqçi ilə keçirdiyi 5-ci oyunda da qələbəyə həsrət qaldı. Tarixinin ən uğurlu startını reallaşdıran “Samsunspor” futbolsevərləri yaxşı mənada təəccübləndirməkdədi. Bu komanda “Kasımpaşa” ilə səfər oyununda fasiləyə geridə yollandı. Özü də samsunluların liderlərindən olan Ntçam ilk yarıda 8 dəqiqə aralığında iki penalti qaçırdı. Onun ilk epizodda “Panenka zərbəsi” tirə tuş gəldisə, ikinci epizodda zərbəsi “çərçivə”yə düşmədi. Bu şanssızlığa baxmayaraq, Tomas Raysın komandası ikinci hissədə 4 qol vuraraq mükəmməl qələbə qazandı. “Samsunspor” bu mövsüm hələ də səfərdə xal itirməyib (5 oyun, 5 qələbə)!

Turun əsas sürprizi İzmirdə qeydə alındı. Mövsümün ilk 8 oyununda uduzmayan və ötən tur “İstanbul BŞ”ni məğlub edən “Trabzonspor” yüksəlişini davam etdirirmək istəyirdi. Amma “Gürsəl Aksel” stadionunda inanılmaz ssenari yaşandı. “Göztəpə” 28-ci dəqiqədə nigeriyalı Dennisin birbaşa qırmızı vərəqə alması ilə azlıqda qaldı. Amma qonaqlar ilk yarını qapıya zərbə vurmadan tamamladılar! İkinci hissədə Solenin qoluna Banza penaltidən cavab versə də, son anlarda sloveniyalı Tiyaniç “sarı-qırmızlar”a tarixi qələbə qazandırdı. “Göztəpə” 2017-nin avqustundan bəri ilk dəfə güclü rəqibini evdə məğlub etdi. “Trabzonspor” isə mövsümdə ilk məğlubiyyətlə barışmalı oldu.

Bazar günü “Qaziantep” “Konyaspor”u yenməklə 7 turluq qələbəsiz seriyanı bitirdi. Antalya derbisində sevinən Aleksin “Antalyaspor”u oldu. Ardıcıl 3-cü turu xalsız tamamlayan “Alanyaspor”da isə matçın ardından baş məşqçi Fatih Təkkə istefa verə biləcəyinə işarə vurdu. Günə Kadıköydə yekun vuruldu. Joze Mourinyonun rotasiyaya əl atmasına baxmayaraq, debütant “Bodrum”un sürprizə gücü çatmadı. Mourinyo bu mövsüm ikinci dəfə Ceko ilə Ən-Nəsirini eyni anda start heyətində oynatdı. Forvardlar ümidləri doğrultdu və hər biri qol vurmağı bacardı. Ceko hətta superliqada evdəki qol seriyasını 5 oyuna çatdırdı. “Bodrum” “Fənərbaxça”nın Türkiyə çempionatında qarşılaşdığı 75-ci fərqli komanda oldu. İndiyə qədər üz-üzə gəldiyi 74 komandanın hər birini ən azı bir dəfə məğlub edən İstanbul nəhəngi bu seriyanı davam etdirdi.

Qara zolaqdan çıxa bilməyən ''İstanbul BŞ'' ''Eyüpspor''la ev oyununda yalnız heç-heçə ilə kifayətləndi. Başakşəhərlilərin rəsmi matçlarda qələbəsiz seriyası 5 oyuna yüksəldi. Turun bəzəyi sayılan oyun ''Rams Park''da keçirildi. Tura məğlubiyyətsiz daxil olan nəhənglərin duelində ''Qalatasaray'' 'Beşiktaş''ı qəbul etdi. Ötən mövsümdən bu yana standart zərbələrdə nəinki Türkiyədə, hətta Avropada da ən çox qol vuran klublardan olan ''Cim-Bom''un dadına yenə bu cür qollar yetdi. Oyununu əvvəllərində Saranın asmasını başla tora göndərən Sançes Falkaodan sonra ''Qalatasaray''ın heyətində ''Beşiktaş''a qol vuran ikinci kolumbiyalı oyunçu kimi tarixə düşdü. Qonaqlar zaman-zaman Rafa Silvanın fəallığı sayəsində təhlükəli hücumlar qursalar da, fasiləyə geridə yollandılar. İkinci hissənin ortalarında Sara standart zərbədən yenə ideal asma etdi. Sadəcə bu dəfə başla qolu vuran Sançes yox, Osimhen oldu. Nigeriyalı superulduz ''sarı-qırmızılar''ın heyətində 5-ci superliqa oyununda 4-cü qolunu vurdu. Muçinin meydana çıxmasından sonra fəallaşan ''Beşiktaş''ın gücü yalnız fərqi minimuma endirməyə yetdi. Albaniyalı futbolçu son anlarda  mükəmməl zərbə ilə topu Musleranın başı üzərindən tora göndərdi. Beləliklə, ''Beşiktaş'' superliqada ilk məğlubiyyətini alaraq ''Qalatasaray''dan 1 oyun az keçirməklə 8 xal geri düşdü. ''Qartal''ın bu rəqibə qarşı superliqada səfərdə qələbəsiz seriyası 7, məğlubiyyət seriyası 5 oyuna yüksəldi!

Superkubokdakı 0:5-in qisasını almağı bacaran son çempion ''Qalatasaray'' isə 10 oyundan sonra xalını 28-ə yüksəldərək şəxsi rekordunu təkrarladı və bu mövsüm üçün də iddiasını ortaya qoydu. İstanbul nəhəngi buna qədər tarixi ərzində yalnız bir dəfə 10 tura 28 xal toplamışdı. Bu, 2023/24-ə, yəni ötən mövsümə təsadüf etmişdi. Okan Buruk ''Qalatasaray''ın başında superliqada ''Fənərbaxça'' və ''Beşiktaş''a qarşı keçirdiyi ümumilikdə 10-cu derbidə 7-ci dəfə qələbəyə sevindi (1 heç-heçə, 2 məğlubiyyət).

10-cu tur
Qalatasaray - Beşiktaş 2:1
Sançes, 13. Osimhen, 67 - Muçi, 90+4.
Qalatasaray: Muslera, Kaan Ayhan (Yelert, 51), Əbdülkərim Bardakcı, Sançes, Barış Alpər Yılmaz (Metehan Baltacı, 90), Torreyra (Kərəm Dəmirbay, 82), Sara, Şallai, Yunus Akgün, İkardi (Batşuayi, 90), Osimhen (Mertens, 82).
Beşiktaş: Ərsin Destanoğlu, Svensson (Onur Bulut, 85), Uduoxai, Əmirhan Topçu (Tayyib Şanuç, 85), Masuaku, Ndur, Fernandeş, Mario (Muçi, 68), Silva, Semih Kılıçsoy, İmmobile.

Fənərbaxça – Bodrum 2:0
Ən-Nəsiri, 15. Ceko, 55.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel, Bekao, Ciku, Kostiç, Amrabat, İsmayıl Yüksək (Şimanski, 70), İrfan Can Kahveci (Oğuz Aydın, 69), Sen-Maksimen (Tadiç, 70), Ceko (Mərt Hakan Yandaş 86), Ən-Nəsiri (Cenk Tosun, 69).

Göztəpə - Trabzonspor 2:1
Sole, 60. Tiyaniç, 90+2 – Banza, 64-p.
Trabzonspor: Uğurcan Çakır, Maleyro (Densvil, 46), Mendi, Lundstram, Ərən Elmalı, Okay Yokuşlu, Ozan Tufan (Umut Bozok, 78), Visça, Bardi (Çam, 46), Draquş (Nvakaeme, 46), Banza.

İstanbul BŞ - Eyüpspor 1:1
Opoku, 59-p. - Tiam, 28.
İstanbul BŞ: Muhammed Şengezər, Ömər Əli Şahinər, Duarte, Opoku, Kemen, Krespo, Onur Ərgün (Berat Özdəmir, 81), Dəniz Türüc, Pelkas (Pyontek, 69), Davidson, Fiqeyredo (Berkay Özcan, 81).

Kasımpaşa – Samsunspor 1:4
Aytac Kara, 31 – Holse, 68; 77. Sonər Aydoğdu, 71. Tait, 86.

Adana Dəmirspor – Sivasspor 2:4
Yusuf Barasi, 13. Semih Gülər, 16 – Koyta, 38. Rodriges, 61. Manay, 66. Radakoviç, 88.

Alanyaspor – Antalyaspor 1:2
Hvan Ui Co, 25 – Cenepo, 62. Qayç, 75.

Hatayspor – Kayserispor 0:1
Kartal Yılmaz, 76.

Qaziantep – Konyaspor 3:1
Ərtuğrul Ərsoy, 28. Lunqoyi, 61. Soresku, 81 – Ndao, 13.

1. Qalatasaray 10 9 1 0 29-9 28
2. Samsunspor 10 7 1 2 20-10 22
3. Fənərbaxça 9 6 2 1 20-7 20
4. Beşiktaş 9 6 2 1 18-7 20
5. Eyüpspor 10 4 4 2 15-11 16
6. Göztəpə 9 4 3 2 16-11 15
7. İstanbul BŞ 9 4 3 2 15-11 15
8. Sivasspor 10 4 2 4 15-15 14
9. Trabzonspor 9 2 6 1 9-8 12
10. Kasımpaşa 10 2 5 3 12-16 11
11. Konyaspor 10 3 2 5 11-16 11
12. Antalyaspor 10 3 2 5 12-20 11
13. Bodrum 10 3 1 6 8-13 10
14. Çaykur Rizəspor 9 3 1 5 6-16 10
15. Qaziantep 9 2 3 4 12-14 9
16. Alanyaspor 10 2 3 5 9-14 9
17. Kayserispor 9 1 5 3 9-15 8
18. Hatayspor 9 0 3 6 7-15 3
19. Adana Dəmirspor 9 0 1 8 9-24 1

Bombardirlər: İmmobile (Beşiktaş) – 8, Ceko (Fənərbaxça) – 6, Tadiç (Fənərbaxça), Pyontek, Fiqeyredo (hər ikisi “İstanbul BŞ”) – 5.

Növbəti turun oyunları noyabrın 1-4-ü aralığında keçiriləcək: Beşiktaş – Kasımpaşa, Bodrum – Alanyaspor, Eyüpspor – Hatayspor, Qaziantep - Göztəpə, Kayserispor – Adana Dəmirspor, Konyaspor – İstanbul BŞ, Samsunspor – Antalyaspor, Sivasspor – Çaykur Rizəspor, Trabzonspor - Fənərbaxça. 

Turun rəqəmi
16 - “Fənərbaxça”nın debütantlara qarşı uğurlu seriyası davam edir. “Bodrum”u yenən İstanbul nəhənginin debütantlara qarşı məğlubiyyətsiz seriyası 16 oyuna yüksəldi (12 qələbə, 4 heç-heçə). “Fənər” bu göstəricidə hazırda çempionatın ən yaxşı seriyasına malikdi. Debütanta qarşı son məğlubiyyət 2022-nin yanvarın 10-da qeydə alınıb. Həmin vaxt Vitor Pereyranın istefaya göndərilməsindən sonra baş məşqçisiz qalan “sarı-lacivərdlilər” evdə “Adana Dəmirspor”a boyun əymişdi (1:2).

Turun ulduzu
Karl Holse (Samsunspor) – danimarkalı oyun qurucusu son həftələrin ən diqqətçəkən isimlərindən biridi. Ötən tur “Fənərbaxça”nın da qapısına yol tapan 25 yaşlı futbolçu bu dəfə “Kasımpaşa” ilə səfər oyununda dubl edərək geridönüşdə mühüm rol oynadı. “Kopenhagen”in yetirməsi olan və “Rusenborq”da adından söz etdirəndən sonra 2023-də “Samsunspor”a gələn Holse Türkiyədə ilk ilində superliqada 33 oyuna 5 dəfə fərqlənmişdisə, bu mövsüm indidən hesabına 4 top yazıb.

Turun sitatı
Uğurcan Çakır, “Trabzonspor”un kapitanı:
“Əslində oyuna yaxşı başladıq. Rəqib azlıqda qalandan sonra isə sistemimiz çökdü. Hər kəs topdan gizlənməyə başladı. Ona görə də qalan müddətdə sanki “Göztəpə” yox, biz azlıqda oynadıq. Rəqib qələbəni bizdən daha çox istədi. Onları təbrik edirəm. Bizim adımıza isə sadəcə, utanc hissi yaşayıram. Hər birimiz aynanın qarşısında oturub nəyi səhv etdiyimizi düşünməli və üzərimizdə daha çox çalışmalıyıq. Hər kəs meydanda komanda yoldaşı üçün can qoymağa hazır olmalıdı”.


Oyundan sonra
Joze Mourinyo, “Fənərbaxça”nın baş məşqçisi:
“Layiqli qələbə qazandıq. Fərq daha böyük ola bilərdi. 3 xal məni sevindirdi. Yeganə üzüntüm az qol vurmağımla bağlı oldu. Belə təqvimdə oynamaq asan deyil. Ona görə də bu gün heyətdə dəyişikliklər etməli oldum. Matçın gedişində enerjimiz və tempimiz aşağı düşdü. Hərçənd bəzi oyunçular əksinə, psixoloji cəhətdən matçın bu cür axarından razı görünürdülər. Oyuna iki hücumçu ilə başladığımız üçün Cenk Tosun da şans qazandı. Amma bir hücumçulu taktika ilə oynadığımızda Cenkin meydana çıxması çətinləşir. Rəqibin baş məşqçisini təbrik edirəm. İndiyə qədər mətbuat konfransını ən erkən bitirən məşqçi oldu. Onun sayəsində bu gün hamımız evə tez gedəcəyik. “Trabzonspor”la oyunun “Fənərbaxça” üçün mühüm əhəmiyyət kəsb etməsindən xəbərim var. Özümü bu duruma hazırlayacam. Trabzondakı stadionun atmosferini bilirəm. “Roma”nın başında olarkən o stadionda oynamışdıq. Bu dəfə ab-hava fərqli olacaq. Ötən mövsüm orda yaşananlardan xəbərim yoxdu. Biz ora, sadəcə, bir oyun keçirmək və 3 xal qazanmaq üçün yollanacağıq. Ümid edirəm ki, o matçda bugünkü kimi normal hakimlik olacaq. Ötən həftə Samsundakı kimi hakimlik olmayacaq. Derbidə qeydə alınacaq hər nəticə bizim xeyrimizə olacaq. Stadiona getməyi planlaşdırmıram”.


Okan Buruk, ''Qalatasaray''ın baş məşqçisi:
''Qalib gəlmək çox önəmli idi. Çünki gələn tur oyunumuz yoxdu. Həmin tura ''Fənərbaxça'' və ''Beşiktaş''dan 8 xal öndə daxil oluruq. Mənim dönəmimdə kifayət qədər derbilər qazanmışıq. Bu cür matçları oynamağı bacarırıq. Çünki konsentrasiyamız yüksək olur. ''Beşiktaş'' kimi rəqibə demək olar, qol fürsəti vermədik. Qolu uzaq məsafədən vurdular. Saranın sol ayağı sehirlidi. Həm müdafiəyə, həm də hücuma çox dəstək verir. Komandamıza çox tez uyğunlaşdı. Hədəfi Braziliya yığmasına düşməkdi. Verilməyən bir penaltimiz oldu. Bir qədər dincəlib ''Tottenhem''lə oyuna hazırlaşacağıq''.


Covanni van Bronkhorst, ''Beşiktaş''ın baş məşqçisi:
''Yekun nəticə bizim üçün üzücü oldu. Amma oyunumuzu bəyəndim. Meydanda özümüzə güvənirdik və rəqibə oyunumuzu diqtə etməyə çalışırdıq. Futbol oynamaq istəyən komanda var idisə, o da biz idik. Daha çox danışmaq istəmirəm. Cəza ala bilərəm. Standart zərbələrdə iki dəfə səhvə yol verdik. ''Qalatasaray''ın nə üçün 10, hətta 9 futbolçu ilə qalmadığını anlamıram. Bu cür kobudluqlara görə qırmızı vərəqə göstərilməməsi inanılmazdı. Onlar bütün vasitələrə əl atdılar. Bu gün üçün üzgün olsaq da mövsüm uzundu. Həyatda daha önəmli şeylər var. Türkiyənin Cümhuriyyət bayramını təbrik edirəm''.
Seçilən
58
football-plus.az

1Mənbələr