AZ

"Atamın evdə ən çox bağlı olduğu insan..."

Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayı mərhum aktyor Yaşar Nuriyə həsr olunub.

O, 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olub. Aktyor ilk dəfə səhnəyə 11 yaşında "Toy kimindir?" tamaşasında "Tapdıq" rolunda çıxıb.

Verilişdə Xalq artisti Hacı İsmayılov Yaşar Nuri ilə bağlı xatirələrindən söz açıb:

"Onunla çoxlu verilişlərimiz olub. O, çox şirin və təbii aktyor idi. Yəqin ki, bu ondan irəli gəlirdi ki, Yaşarın atası da aktyor idi. Buna görə də aktyorluq xüsusiyyətləri ona genetik olaraq keçmişdi. Tamaşaçılar onu çox sevirdilər. Yaşar həmişə xatırlanır, bizim yadımızdadır. Biz onunla dost idik, birlikdə səfərlərimiz olub. Yaşar Nuri həmişə tamaşaçıların qəlbində yaşayacaq".

Mərhum aktyorun qızı Ülkər Nuriyeva isə atası haqqında danışarkən bildirib ki, Yaşar Nuri ailəcanlı insan olsa da, onlarla çox ünsiyyət qurmayıb:

"Həmişə atam üçün müxtəlif obrazlar canlandırırdım. Görürdüm ki, bunlar onun xoşuna gəlir. Amma mənə "sən bu sənətin çətinliklərini bilmirsən" deyirdi. Atamın evdə ən çox bağlı olduğu insan mən idim, çünki ailəmizin balacasıyam. Türkiyədə xəstəxanada olanda atamın yanına çox tanınmış adamlar gəlirdilər. Həkimlər isə atamı tanımadıqları üçün dedilər ki, bu bəy kimdir ki, yanına belə tanınmış insanlar gəlir? Mən də onlara atamın kim olduğunu izah etdim. Sonra həkimlər də onu sevməyə başladılar".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
70
50
milli.az

10Mənbələr