Kopenhagen şəhərində Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən oğullarının əziz xatirəsinin yad olunması ilə başlayıb.
sədri Mehriban Əliyeva Sadiqi bu ölkədəki Azərbaycan icmasının, eləcə də rəhbərlik olduğu “Vətən” Cəmiyyətinin fəaliyyəti haqqında ətraflı məlumat verib, görülən işlər barədə videomaterialı iştirakçılara təqdim edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə ölkəmizin diaspor siyasətindən danışıb, Ümummilli Liderin əsasını qoyduğu bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğunu diqqətə çatdırıb. Görüşdə komitənin fəaliyyəti, xaricdəki Azərbaycan evləri, Koordinasiya şuraları, həftəsonu məktəbləri, həyata keçirilən çoxsaylı layihələr barədə geniş təqdimat keçirilib.
Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfirliyinin birinci katibi Əsgər Nağıyev çıxışında icma görüşünün diasporun şəbəkələşməsində və Azərbaycanla əlaqələrin daha da intensivləşməsində əhəmiyyətini qeyd edib.
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru professor Məsud Aşina Danimarkadakı soydaşlarımızın Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında və mənafelərinin müdafiə olunmasında roluna diqqət çəkib.
Görüşdə Türkiyənin Danimarkadakı səfirliyinin baş katibi Özgür Kafadar da iştirak edib.
İcma üzvləri Danimarkada ilk dəfə geniş tərkibdə belə görüşün keçirilməsini, müxtəlif istiqamətlərdə fikir mübadiləsinin aparılmasını yüksək qiymətləndirib, bundan sonra da diaspor siyasətinə öz töhfələrini verəcəklərini dilə gətiriblər.
Sonra Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib və Məsud Aşina Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Danimarka üzrə koordinatoru seçilib.
İcma görüşü Danimarka-Azərbaycan Vətən Cəmiyyəti İdarə Heyətinin sədr müavini Amid Hüseynov və cəmiyyətin üzvü Leyla Qasımovanın moderatorluğu ilə keçirilib.
Tədbirin ikinci hissəsində Danimarka-Azərbaycan “Vətən” Cəmiyyətinin “Zəfər Günü” adlı bayram tədbiri təşkil olunub.
Bayram tədbirində 44 günlük Vətən müharibəsinin unudulmaz məqamları qürurla xatırlanıb, şəhidlərin xatirəsi anılıb, şəhid ailələrin üzvlərinin və digər qonaqların çıxışları dinlənilib, Zəfərimiz haqqında videoçarx təqdim olunub.
Tədbir türk sazının mahir ifaçısı Ferhat Uğurun vətənpərvər ruhlu mahnılarının səsləndirilməsi ilə başa çatıb.