AZ

ABŞ mətbuatı İsveçrə parlamentini qərəzlilikdə ittiham edib

İsveçrə parlamentinin keçirməyi planlaşdırdığı sülh forumu birtərəflidir. Orada etnik mənsubiyyətinə görə evlərindən qovulan və qaçqın həyatı yaşamağa məcbur olan bir milyona yaxın azərbaycanlının acınacaqlı vəziyyəti, habelə otuzillik erməni işğalı zamanı dağıdılan, xarabalığa çevrilən Azərbaycan məscidləri və digər mədəni irs obyektləri müzakirə edilmir. Forumda yalnız erməni mədəni irsinə dəymiş ziyandan və erməni köçkünlərinin vəziyyətindən bəhs edilir.

Bu barədə tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “İsveçrənin planlaşdırdığı Qarabağ sülh forumu ikitərəfli olmalıdır” sərlövhəli məqaləsində yazıb.

Yazıda İkinci Qarabağ müharibəsində və sonrakı hərbi əməliyyatlarda köçən ermənilərin acınacaqlı vəziyyətinin müzakirə olunacağı Qarabağ üzrə Sülh Forumuna İsveçrənin ev sahibliyi etmək istəyinə münasibət bildirilib. Qeyd olunub ki, İsveçrə Federal Assambleyasının (parlamentinin) Xarici Əlaqələr Komitəsi Azərbaycan hökuməti ilə Qarabağ erməniləri arasında açıq dialoqa başlamaq üçün bir ildən sonra sülh forumunun keçirilməsi barədə qətnamə qəbul edib.

Diqqətə çatdırılıb ki, belə bir vəziyyət sözügedən forumu birtərəfli edir və İsveçrənin neytral xarici siyasətinə ləkə salır. Əgər isveçrəlilər həqiqətən qərəzsiz vasitəçi olmaq istəyirlərsə, hər iki tərəfdən köçkünlərin və mədəni irs obyektlərinin vəziyyətini müzakirə etməlidirlər. Əks halda, onları qərəzsiz vasitəçi hesab etmək olmaz.

Qeyd olunub ki, məhz buna görə İsveçrə parlamenti Birinci Qarabağ müharibəsi zamanı öz yurd-yuvasından didərgin düşmüş bir milyondan artıq azərbaycanlının acınacaqlı vəziyyətinə və otuzillik işğal zamanı ermənilərin törətdiyi dağıntılara siyasi və hüquqi qiymət verməli, Azərbaycanın o vaxtdan indiyədək gördüyü işləri yalnız bu kontekstdə müzakirə etməlidir.

Oxuməni.az

Seçilən
14
5
oxumeni.az

6Mənbələr