AZ

Qazaxda gənc oğlan həmkəndlisini döydü — TƏFƏRRÜAT

Qazax rayonunda 1998-ci il təvəllüdlü Cavanşir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi Həsən (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Cavanşir tanışı Sahilin idarə etdiyi “Mercedes Bens C” markalı avtomobillə Həsənə məxsus bir baş iri buynuzlu heyvanı vurması ilə bağlı həmin gün saat 23 radələrində sonuncunun yaşadığı Qazax rayonun kəndində yerləşən fərdi yaşayış evində xəsarət almış heyvanın müalicəsini və ya əvəzini tələb edib. Cavanşir aralarında yaranmış mübahisə zəminində yumruqla Həsənin sağ göz nahiyyəsinə qəsdən bir dəfə zərbə vurub. 

Hadisəni törədən Cavanşirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cavanşir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, zərərçəkmiş Həsəni tanıyır, həmkəndlisidir, münasibətləri normal olub: 

“22 iyun 2023-cü ildə, saat 22 radələrində tanışım Sahilin idarə etdiyi avtomobillə Qazax rayonunun kəndində yerləşən marketinə gedərkən yolu keçmək istəyən iribuynuzlu heyvanlardan biri Sahilin idarə etdiyi avtomobilin ön sol tərəfinə sürtünərək keçdi. Sonra qaçaraq getdi. Həmin vaxt qardaşım Vaqif, həmkəndlilərim Nahid və Nazim bizə  yaxınlaşdı və heyvanların Həsənə məxsus olmasını bildirdilər. Həmin vaxt bizə yaxınlaşan Həsən heyvanları tövləyə salaraq, orada heyvanlara baxdıqdan sonra qayıdacağını bildirdi. Həsən Sahillə birgə tövlədə heyvanlara baxmaq üçün getdi. Mən də piyada yaxınlıqda olan Həsənin evinə getdim. Həmin gün, saat 23 radələrində Həsən hadisə ilə bağlı nalayiq ifadələr işlətdi. Mən Həsəni sakitləşdirmək istədim. Həsən mənə ailə üzvlərimdən birini gətirərək tövləyə bağlayacağını dediyi üçün əsəbləşdim, yumruqla onun sağ göz nahiyəsinə zərbə vurdum. Sonradan əməlimdən peşman oldum. Həsənə üzrxahlıq etmişəm, ona dəymiş ziyanı tam ödəmişəm və onunla barışmışam”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Həsənin sözlərinə görə, Qazax rayonunun kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, heyvan saxlamaqla məşğuldur: 

“Təqsirləndirilən Cavanşir ilə həmkəndli kimi münasibətləri normal olub. 22 iyun 2023-cü ildə, saat 22 radələrində heyvanları evə gətirərkən kənddəki marketinin qarşısından keçən yolda Sahilin maşını ilə kəndarası yolda ehtiyatsızlıqdan inəyimi vurdu. Mən evə gedəndə inəyin bir tərəfinin yaralı və qanlı olduğunu gördüm. Marketin qarşısına getdim və Sahilə heyvanı yaraladığını bildirdim. Onunla heyvana baxmaq üçün tövləyə getdik. Sonra isə Cavanşir də evimə gəldi. Həmin gün, saat 23 radələrində Sahildən tələb etdim ki, heyvanı müalicə etdirsin. Orada Cavanşir əsas insana nəsə olmasındansa heyvana olmasının yaxşı olmasını bildirdi. Cavanşirin bu sözlərinə dözmədim. Cavanşirdən “onda get evdəkilərdən birini gətir, dama bağla” dedim. Bu zaman Cavanşir əsəbləşərək yumruqla bir dəfə sağ göz nahiyəmə vurdu”.

Bu cinayət işinə Qazax Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Cavanşirin barəsində olan cinayət təqibinə xitam verilib. 

O, cinayət məsuliyyətindən azad edilib. 


Fariz Məlikli
Demokrat.az
Seçilən
26
demokrat.az

1Mənbələr