AZ

İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəb açılıb FOTO

İraqın Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimi keçirilib. Açılışda Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov, Kərkük qubernatoru Rebvar Taha, İraq parlamentində təmsil olunan türkmən deputatlar, Kərkük Təhsil İdarəsinin rəhbərliyi, müəllim heyəti və yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın İraqdakı səfirliyindən Xezerxeber.az-a bildiriblər ki, səfir N. Məmmədov tədbirdə çıxışında Məhəmməd Füzulinin Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutduğunu, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli ədib olduğunu vurğulayıb. Səfir şairin bədii-fəlsəfi irsinin Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdən olduğunu bildirib. Qeyd edib ki, Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaradıb, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəldib. Diplomat şairin parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərlərinin yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayıldığını və müəllifinə böyük şöhrət qazandırdığını vurğulayıb.

Bildirilib ki, Məhəmməd Füzuli istedadlı nümayəndələri ilə tanınan bütöv ədəbi məktəb formalaşdırıb. Öz müasirlərindən başlayaraq sonrakı dövrlərdə Füzuli ənənələrinin davamçısı olmuş bütün görkəmli ədiblər bu nəhəng söz ustasının adını hər zaman ehtiramla çəkiblər.Füzulinin yubileyinin UNESCO tərəfindən qəbul olunmuş qərarla beynəlxalq səviyyədə layiqli şəkildə qeyd edilməsi milli mədəni dəyərlərin qorunmasına həmişə xüsusi diqqət və qayğı göstərmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölməz şairin 500 illiyi müstəqil Azərbaycanda keçirilən ilk dünyamiqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub.

Səfir N. Məmmədov 2024-cü ildə Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına uyğun olaraq, ölkə daxilində və xaricdə azərbaycanlı şairin yubileyinin keçirildiyini, bu məktəbin də açılışının məhz bu ilə təsadüf etdiyini vurğulayıb. O, Füzuli adına yeni təhsil ocağında müasir şəraitdə təhsil alacaq şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, M.Füzuli adına ibtidai məktəb (1-6-cı siniflər) Azərbaycan dövlətinin dəstəyi ilə yenidən qurulub. 1978-ci ildən fəaliyyət göstərən məktəbdə indiyə qədər əsaslı təmir və bərpa işləri görülməmişdi. 220 şagird yerlik məktəbdə şərait qənaətbəxş olmadığı üçün dərsə davamiyyət göstəricisi aşağı düşmüşdü. Əsaslı bərpa işlərindən sonra təhsil müəssisəsində istilik və soyutma sistemləri, elektrik təchizatı infrastrukturu yenidən qurulub, yeni mebellər alınıb. Beləliklə, məktəblilər yenidən dərslərinə davam edə biləcəklər.

Seçilən
21
6
xezerxeber.az

7Mənbələr