Bu ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) üzrə əməliyyat xərclərinə təxminən 104 mln. dollar, əsaslı xərclərə isə 28 mln. dollar vəsait xərclənilib.
Bu barədə “APA-Economics” BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin üçüncü rübünün nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə BTC üzrə əməliyyat xərcləri 21%, əsaslı xərclər isə 12% artıb.
Hesabata əsasən, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sentyabr ayının sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 mln. ton (təxminən 4,4 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 5786 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“İlk üç rüb ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 22 mln. ton (təxminən 165 mln. barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənilib və yola salınıb”, - hesabatda bildirilir.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.
"Cebheinfo.az"