AZ

Səmədağa Şıxlarov – “Spartak”la fantastik oyunun qəhrəmanı

“Xalq qəzeti” keçmiş Sovet İttifaqı çempionatlarında xalq komandası kimi “Neftçi”nin tarixində dərin iz buraxmış futbolçular haqqında yazıların dərcini davam etdirir. Bugünkü qeydlərimizin səbəbkarı 3 il əvvəl, 2021-ci il iyunun 1-də 66 yaşında əbədiyyətə qovuşmuş Səmədağa Şıxlarovdur.

Bu hücumçu 1977-1984-cü illərdə futbolumuzun flaqmanı, bütün respublikanın sevimlisi “Neftçi”nin heyətində güclülər dəstəsində keçirdiyi 125 oyunda rəqib qapılarına 21 top vurmuşdur. Onlardan ikisi yaxşı yadımdadır. Yəqin, ona görə ki, həmin qollar Moskvanın “Spartak” komandası kimi adlı-sanlı kollektivə qarşı görüşdə qeydə alınmışdır.

Çox-çox sonralar, 2015-ci ildə XX əsrdə dünyanın ən yaxşı qapıçılarından biri, “Spartak”la yanaşı, SSRİ yığma komandasının da şərəfini müvəffəqiyyətlə qorumuş əfsanəvi qapıçı Rinat Dasayev paytaxtımızın qonağı olarkən “Kaspi” qəzetinin əməkdaşı Murad Məmmədova müsahibəsində Bakıda iştirakçısı olduğu görüşlərdən hansının yadında daha çox qaldığı barədə suala cavabında 80-ci illərin əvvəlində 3:4 hesabı ilə uduzduqları, həlledici topu Səmədağa Şıxlarovun vurduğu və fantastik oyun adlandırdığı matçı yada salmışdı.

Biz də 45-ci SSRİ çempionatının 1982-ci il mayın 8-də Respublika stadionunda keçirilmiş “Neftçi”—“Spartak” görüşünü, onun iştirakçılarını və parlaq qələbəmizi birlikdə xatırlayaq. SSRİ Futbol Federasiyası bu tarixi matçın hakimliyini Miroslav Stupara (İvano-Frankovsk) həvalə etmişdi. O, tamaşaçıları əvvəldən axıradək gərgin vəziyyətdə saxlayan qollarla zəngin oyunda rəqibləri düz yeddi dəfə meydanın mərkəzinə dəvət etdi. Hakimin final işarəsi eşidildikdə isə stadionu alqış sədaları bürüdü. “Neftçi” sovet futbolunun əbədi liderlərindən birinə 4:3 hesabı ilə qalib gəlmişdi.

Oyunun qəhrəmanı, yuxarıda dediyimiz kimi, S.Şıxlarov oldu. Hesabı 19-cu dəqiqədə məhz Səmədağa açdı, 89-cu dəqiqədə qələbə topunu da o vurdu. Komandamızdan digər iki qolun müəllifləri isə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Şakir Qəribov, eləcə də, Vladimir Mixaylevski oldular.

Həmin mülayim may axşamında bütün Azərbaycanı kəskin hücumlar, məhsuldar oyun və layiqli qələbə ilə sevindirən “Neftçi” görüşü Elxan Rəsulov, Novruz Əzimov, Əsgər Abdullayev (Asif Əliyev, 65), Rəşid Özbəyov, Asim Xudiyev, Vladimir Mixaylevski, Rauf İsmayılov (Şakir Qəribov, 53), Əbdülqəni Nurməmmədov, Səmədağa Şıxlarov, Səməd Qurbanov və İsgəndər Cavadovdan ibarət heyətlə keçirdi.

Ölkənin 45-ci çempionatı S.Şıxlarov üçün daha bir ağır görüşdə qələbə ilə əlamətdar olmuşdur. Həmin çempionat çərçivəsində “Neftçi” digər məşhur komanda Kiyev “Dinamo”sunu da Bakıdan məğlubiyyətlə yola salmışdır—2:1. Bu dəfə də meydan sahiblərinin qələbəsini ikinci hissənin əvvəlində Səmədağanın vurduğu qol təmin etmişdir. Buna qədər isə hesab 1:1 idi və bizdən Mixaylevski fərqlənmişdi.

“Neftçi” çempionat—82-də 27 xal toplayıb, 18 komanda arasında 16-cı yerlə kifayətlənmişdir. Turnirdə Bakı kollektivinin heyətində ən çox qolun müəllifi isə Şıxlarov olmuşdur. O, özünə, komandasına və biz azarkeşlərə 10 qolun sevincini yaşatmışdı…

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

Seçilən
19
1
moderator.az

2Mənbələr