AZ

"Qovun onu kənddən, əxlaqsızdır o..."


Alik Əlioğlu
 
Günəş (bir şeirin hekayəsi)

-  Qovun onu, qovun onu kənddən, əxlaqsızdır o...
Şam namazının vaxtı idi. Kişilər məscidin qarşısında dayanıb azanın bitməyini gözləyirdi. Azanın səsi hər yeri bürüyür, havaya qarışır, kəndin üstündən külək kimi əsirdi. Kişilər hər şeydən danışırdı. Bir az şeytandan, bir az qadından, bir az da Allahdan.
-  Namaz vaxtıdır...- dustaqlardan biri sakit səslə dilləndi və yerindən qalxıb dəmir barmaqlıqlara tərəf yeridi. Öz səsini ancaq özü eşitdi.
-  Özünüzdən Allah uydurmayın. Allah yoxdur. – dustaqlardan biri çəmkirdi.

Həbsxana otağının küçəyə baxan balaca nəfəsliyi o qədər yuxarıda idi ki, küçəni görmək mümkün deyildi. Adama elə gəlirdi ki, azadlıq bu otaqdan bir neçə işıq ili qədər uzaqdadır. Dəmir barmaqlıqlar pəncərədən görünən səmanı 10-15 yerə bölmüşdü.

İşdən evə qayıdan yorğun adamlar azanın səsini həm eşidir, həm də eşitmirdilər... anlamırdılar, bilmirdilər bu səs nə istəyir. Bəziləri bu səsdən dinclik tapır, bəziləri qorxurdu.
- Qovun onu kənddən, əxlaqsızdır... Biabır eləyir bizi...
Şam namazının vaxtı idi. Kişilər dəstəmaz alırdı.
 Hava alatoranlaşmışdı.
Evlərdən birindən uşaq səsi gəlirdi, ağlayırdı. 7 aylıq bu uşağı heç cür sakitləşdirə bilmirdilər. Uşaq elə çığırırdı, deyərdin, yəqin doğrayırlar. Elə bil anasının qarnında olanda öldürülüb həyətlərinə atılmış atasına ağlayırdı. Körpənin böyürtüsü azanın səsinə qarışıb göylərə qalxır, kəndin şər vaxtına bir az da vahimə qatırdı. 

Atası dustaq olan bir uşaq isə bu səslərdən hürküb qəfil qoca nənəsinə sarıldı. 
Qocalar artıq hər şeyi bilir, ölümdən qorxmur və sakitcə ölümü gözləyirlər... Adamlar fərqli yaşasalar da eyni cür qocalırlar. Nənələr bir kənara çəkilib, heç kəsə dəyib toxunmadan corab hörməyə başlayırlar. Babalar nərd oynayır, birdən də dinib danışmadan qəfil ağlayırlar. – Atası dustaq olan uşaq belə fikirləşdi.
-  Bekar qalmısan, deyəsən. Gündə 5 dəfə əyilib qalxıb Allaha nə deyirsən, nə istəyirsən? – deyə dustaqlardan biri dilləndi və kinayə ilə gülməyə başladı. Namaz qılan dustaq sakitcə başını qaldırıb onun üzünə baxdı. Gördü ki, üst damağı qanayıb və dişləri qanın içindədir. İyrəndi. Yuxarı – dəmir barmaqlıqlara, oradan da 10-15 yerə bölünmüş göy üzünə baxdı. Şükür elədi...

Kəndə sakitlik çökmüşdü. Kişilər camaat namazından qayıdırdı.  
Nəmişlik qoxusu gələn yarıqaranlıq dörd divarı 10-15 yerə bölən dəmir barmaqlıqlar arasından qanına bələnmiş dustaq görünürdü. Digəri isə başının üstündə dayanmışdı: 
- Allah varsa, qoy sənə kömək eləsin...
Hava qaralmaqda idi. İnsanlar öz günahlarından uzaqlaşmaq istəyirdi, bu yiyəsiz kəndi günahlardan təmizləmək istəyirdilər:
-  Qovun onu kənddən...
17 yaşlı oğlan ilk dəfə sevişdiyi qadının adını, boy-buxununu, saçının rəngini, səsini, hətta qoxusunu xatırlayırdı və fikirləşirdi:
-  Necə olur ki, qadın fahişəyə çevrilir? Məcburiyyətdənmi? Bəlkə, əri dustaqdır deyə... – Beləcə fikirləşə-fikirləşə kəndin mərkəzinə gəldi. Adamların arasında qaldı, bir az da kiçildi. Kiçildi və yanından onlarla əxlaqsız adamlar keçdi. Bayaq yatağında olduğu qadın yanından ötən yadların sayı qədər saflaşdı, duruldu.

Hamı mağazanın arxasına tərəf yüyürdü. Şər olan tərəfə tələsdilər. Kəndin ən yoxsul adamından tutmuş  ən zəngininə kimi hamı qan görmək istədi, hamı qəlbinin dərinliyində istədi ki, qan tökülsün. Aralarındakı günahkarı toplumdan uzaqlaşdırmaq istədilər. 
Kənddə gəzən xısın-pısın pıçıltılar burada daha gur eşidildi: 
- Onu kənddən qovun, əxlaqsızdır. Bir gün hamını yoldan çıxardacaq.

Amma kim idi o? Heç kəs bilmirdi... Hamı bir-birinə nifrətlə baxır, hamı həmin əxlaqsızı bir-birinin içində, bir-birinin gözündə görürdü. Hamı bir-birinə əxlaqsız kimi baxırdı.

Nəhayət, torpağa qan töküldü. Laxtalanmış qan palçığa çevrildi, qırmızı palçığa... Oğlan uşaqlarından biri barmağını yerə tökülmüş qana batırdı, sonra torpağın üstündə yumru və saçaqlı bir şey cızdı, balaca bacısı qardaşının nə elədiyini anlamadı, qorxdu və ağlamağa başladı...

Seçilən
29
arqument.az

1Mənbələr