"Qanunvericilikdə vətəndaşların huquqlarından biri də öz mənzilini kirayə verməkdir. Qanunvericilik bu hüququ da tənzimləyir. Mülkiyyətçi nə qədər ki, öz evindən istifadə edir, bu zaman artıq qanunvericiliklə müəyyən olunmuş əmlak vergisini ödəyir. Amma vətəndaş evini kirayə verib, oradan gəlir götürürsə, bu halda qanunvericilikdə müəyyən olunmuş ödəmə mənbəyindən 14% vergi verməlidir".
Ölkə.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspert qeyd edib ki, bu məsələ Azərbaycanda formalaşmayıb:
"Faktiki olaraq vergi orqanlarının fiziki baxımdan bütöv bazarı araşdırmaq, nəzarətdə saxlamaq imkanları olmadığına görə, vətəndaşlar hər gün bundan istifadə edir. Qanunvericilikdə verginin ödənilməməsinə görə, eyni zamanda bəyan olunmamasına görə sanksiyalar var".
"Kirayə mənzildə bəyan olunmamaq nədir" sualına cavab olaraq Ramil Osmanlı bildirib ki, vətəndaş özü vergi bəyannaməsi üzrə nə qədər pul qazandığını bəyan etməlidir:
"Bəzən bəyan olunan vergi ilə faktiki vəziyyət arasında fərq olur. Bu halda da sanksiyalar yaranır. Bütün hallarda verginin bəyan olunmamasına, vergi bəyannaməsinin ödənilməməsinə görə ayrıca sanksiyalar nəzərdə tutulur. Ola bilər vətəndaşlardan soruşulub ki, evin kirayə qiyməti nə qədərdir? Vətəndaş da deyir 500 manat. "Bəs neçə ildir bu evdə yaşayırsınız" deyəndə cavab 6 ay olub. Hesablayanda məlum olur ki, onun 6 ay üzrə 500 manat vergi borcu var. 200 manatda sanksiya əlavə olunur və olur 700 manat cərimə. Bu kimi məsələləri konkretləşdirmək lazımdır. Bu məsələlərdə vergi orqanları qanunvericiliyin tələblərinə uyğun olaraq addım atır".
Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Qaynarinfo-ya açıqlamasında bildirib ki, mənzil kirayə müqaviləsinin bağlanmasına bəzi hallarda mənzil sahibinin mülkiyyətə dair sənədinin olmaması mane olur:
"Kirayə verənin mənzili özbaşına tikili olduqda onun sənədləşməsi mümkün olmur. Bəzi hallarda isə sənədləşmə prosedurunun icra etməmək üçün mənzili faktiki olaraq kirayəyə versələrdə sənədləşdirmirlər. Azərbaycan təcürbəsində bir çox hallarda mənzili kirayəyə verən şəxslər vergi öhdəlilklərini kirayəçinin üzərinə qoyur, bu hallara çox rast gəlinir".
Vəkil mənzili kirayəyə vermək üçün aşağıdakı sənədlərin tələb olunduğunu vurğulayıb:
"Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti; Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnaməsi; Daşınmaz əmlakın kirayəyə verilməsinə ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı; Yaşayış evində, mənzildə, bağda və bağ evində yaşayış yeri üzrə qeydiyyatda olması barədə qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin notariat qaydasında təsdiq edilmiş razılığı; Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış".
Səməd Vəkilov bildirib ki, mənzilin kirayəyə verilməsi təkcə vergi öhdəlikləri ilə bağlı məslə deyil, həm də şəxsin yaşayış yeri üzrə qeydiyyat məsələsi ilə də birbaşa bağlıdır:
"Odur ki, əlbəttdə kirayə müqaviləsini rəsmiləşdirmək daha məqsədə uyğundur".