AZ

GÜNDƏM: Prezident İlham Əliyev Qırğızıstanda: Çingiz Aytmatov ordeni təqdimatı və Dini Liderlərin Qlobal Sammiti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfərə gəlib.

Fins.az xəbər verir ki, Bişkek şəhərinin “Manas” 2 Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Qırğızıstan Nazirlər Kabinetinin sədri - Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşıladılar.

* * *

Noyabrın 5-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib.

Fins.az xəbər verir ki, dövlətimizin başçısı görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ev muzeyinə gəldi.

Prezident İlham Əliyev əvvəlcə ev muzeyi ilə tanış oldu.

Məlumat verildi ki, muzey Bişkek yaxınlığındakı “Ala-Arça” dövlət iqamətgahında - 1986-cı ildən yazıçının ömrünün son 20 ilini yaşadığı evdə yerləşir. Qırğız xalqının böyük oğlunun vəfatından sonra həyat yoldaşı Mariya Aytmatova və oğlu Eldar ailəsi ilə burada yaşayırlar.

Ev muzeyi Çingiz Aytmatovun həyat yoldaşı Mariya Urmatovna, övladları Eldar və Şirinin təşəbbüsü ilə 2014-cü il dekabrın 12-də açılıb.

Çingiz Aytmatovun kiçik oğlu Eldar yazıçının hələ sağlığında evdə hökm sürmüş bütün ab-havanı və şəraiti ən xırda detala qədər qoruyub saxlamağa çalışıb. Ev muzeyində yazıçının şəxsi əşyaları, əlyazmaları və çoxsaylı mükafatları qorunub saxlanılır. İkinci mərtəbədə onun kabineti, yataq otağı və kitabxana yerləşir.

Evin ikinci hissəsində Eldar Aytmatov və ailəsi yaşayır. Mədəni-maarif fəaliyyəti ilə məşğul olan Çingiz Aytmatov Beynəlxalq Fondu da burada yerləşir. Fond 2000-ci ildə yazıçının özü tərəfindən təsis edilib, indi onun övladları tərəfindən idarə olunur.

Dövlətimizin başçısı ev muzeyinin xatirə kitabına ürək sözlərini yazdı.

Qeyd edək ki, dünyaşöhrətli yazıçının zəngin bədii irsinə Azərbaycanda da hər zaman böyük maraq olub. Ulu Öndər Heydər Əliyev Çingiz Aytmatovu “Türk dünyasının fəxri” adlandırıb. Prezident İlham Əliyev 2008-ci ildə bir nömrəli “Dostluq” ordenini Çingiz Aytmatova təqdim edib. Azərbaycan və Qırğızıstan prezidentlərinin iştirakı ilə bu il aprelin 24-də Bakı şəhərində Çingiz Aytmatovun abidəsinin açılıb.

Sonra Prezident İlham Əliyevə “Çingiz Aytmatov” ordeninin təqdim edilməsi mərasimi oldu.

Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov çıxış edərək dedi:

-Hörmətli cənab Prezident, hörmətli qonaqlar.

Bu gün mən “Çingiz Aytmatov” ordenini Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim etmək şərəfinə nail oluram. Bu mükafat dərin hörmətin və yüksək nüfuzun rəmzidir. Bu, humanist dəyərlərin möhkəmləndirilməsinə, mədəni dialoqun dəstəklənməsinə və böyük yazıçımızın yaradıcı irsinin qorunub saxlanmasına Sizin verdiyiniz müstəsna töhfəyə görə minnətdarlıq əlamətidir.

Çingiz Aytmatov yalnız yazıçı deyil, həm də xalqlar arasında sülh, qarşılıqlı anlaşma və birlik ideyalarını təbliğ edən əsl körpü olub. Cənab Prezident, bu gün biz bu prinsiplərin Sizin fəaliyyətinizdə necə təcəssüm etdiyini görürük. Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətlərarası mübadilənin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir, digər ölkələrlə dinc və yaradıcı münasibətləri təşviq edir.

İcazə verin, xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsində və Çingiz Torekuloviçin həyatını həsr etdiyi dəyərlərin təbliğində yorulmaz səylərinizə görə Çingiz Aytmatov Beynəlxalq Fondu adından Sizə dərin təşəkkürümü bildirim. İnanırıq ki, Sizin səyləriniz sayəsində Aytmatovun adı bundan sonra da xalqları birləşdirəcək, mədəni tərəqqi və humanizm rəmzi olacaqdır.

Dərin hörmət və qürur hissi ilə Sizə müasir dünyada və ümumi mədəni irsimizin qorunub saxlanmasında oynadığınız rola verilən yüksək qiymətin əlaməti olan “Çingiz Aytmatov” ordenini təqdim edirəm. Sağ olun. Prezident İlham Əliyev: Sağ olun.

Eldar Aytmatov: İcazənizlə, ordeni təqdim edim.

Prezident İlham Əliyev: Bəli, əlbəttə.

Dövlətimizin başçısına “Çingiz Aytmatov” ordeni təqdim edildi.

Eldar Aytmatov: Qeyd etmək istəyirəm ki, bu bir nömrəli orden Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevə təqdim olunur və həmçinin ilk dəfə Azərbaycanın bir nömrəli “Dostluq” ordeni Azərbaycan Prezidenti tərəfindən Çingiz Aytmatova təqdim edilib. Sağ olun.

Prezident İlham Əliyev çıxış edərək dedi:

-Sağ olun. Bu yüksək mükafata görə çox sağ olun. Fəaliyyətimə verilən bu qiymətə görə Çingiz Aytmatov Fonduna, həmçinin onun ailə üzvlərinə və yaxınlarına minnətdarlığımı bildirmək istəyirəm. Həm də bu ordeni onun yaşadığı, işlədiyi, yazıb-yaratdığı, ruhunun indi də dolaşdığı evdə almaq mənim üçün böyük şərəfdir. Mən buraya gələrkən təbii ki, Çingiz Torekuloviçin evinin necə olması barədə fikirləşirdim və məhz orada rahat, isti, yaxşı, yaxınlarının, əzizlərinin əhatəsində olduğu, yaşadığı, işlədiyi və böyük sənət yaratdığı evi gördüm. Onun yaradıcılığı bütün dünyaya məxsusdur. Qeyd etdiyiniz kimi, onun kitabları 185 dilə, demək olar ki, bütün dillərə tərcümə olunub. Bu gün sizdən öyrəndim ki, onun kitablarının yenidən, xüsusən, yeni tərcümədə nəşrinə tələbatın olması onu göstərir ki, Çingiz Aytmatovun həyata, insanlara, təbiətə, öz xalqına münasibətdə sözünə, fikirlərinə ehtiyac var. Sözsüz ki, onun yaradıcılığı bütün mümkün sədləri ötüb keçib və əbədi olaraq oxucuları sevindirəcək, düşünməyə, yəqin ki, bir çox məsələləri yenidən başa düşməyə sövq edəcək. Çünki onun yaradıcılığını çox sevən və bir çox əsərlərini oxuyan insan kimi deyə bilərəm ki, məhz onlar səni düşünməyə, hətta cəmiyyətə, dünyaya, təbiətə, öz fəaliyyətinə nəzər salmağa vadar edir. Atam Heydər Əliyevin dediyi kimi, Çingiz Aytmatov təkcə qırğız xalqının deyil, həm də bütün Türk dünyasının fəxridir. Artıq dediyim kimi, o, dünyaşöhrətli yazıçı, ictimai xadim idi və onun əsərləri müxtəlif mədəniyyətlərə məxsus, müxtəlif qitələrdən olan insanlar tərəfindən başa düşülürdü. Amma, eyni zamanda, onun əsərlərini oxuduqda görürsən ki, Çingiz Aytmatov məhz öz ölkəsinin, öz xalqının problemlərinə dərindən nüfuz edirdi, öz xalqının nümayəndələrini təsvir edirdi. Yəni, o, sırf milli yazıçı idi, eyni zamanda, bütün dünya tərəfindən başa düşülürdü. Zənnimcə, onun mütəfəkkir kimi nadirliyinin sirri də bundadır.

Çingiz Aytmatova Azərbaycanda olan münasibətə gəldikdə, zənnimcə, bu barədə danışmağıma ehtiyac yoxdur. Onu bir insan kimi sevirdilər, onun çoxlu dostu var idi, bir sıra fotoşəkillər onun Azərbaycanın mədəniyyət xadimləri ilə görüşlərini əks etdirir. Həmçinin Heydər Əliyev və Çingiz Aytmatov bir-birinə böyük hörmətlə yanaşırdılar, onların çoxlu görüşləri olmuşdur və mənim atamdan gətirdiyim sitat məhz onun Çingiz Torekuloviçə bəslədiyi hisslərin təzahürüdür.

Bizim görüşümüzü xatırlayıram, yeri gəlmişkən, 2008-ci ildə görüşümüzü əks etdirən fotoşəkil digərləri ilə birlikdə burada nümayiş etdirilir. Siz də qeyd etdiniz ki, ilk “Dostluq” ordeni Çingiz Aytmatova təqdim olunub. Həmin vaxt bu orden mənim tərəfimdən, mənim təşəbbüsümlə yenicə təsis olunmuşdu. Açığını desək, düşünürdüm ki, hər halda rəqəmlərdə bir rəmzilik var, fikirləşirdim ki, bu bir nömrəli ordeni kimə təqdim edək. Sözsüz ki, ilk ağlıma gələn o oldu ki, onu Türk dünyasının hər hansı bir nümayəndəsinə verək. Sonradan sanki fikirlər ard-arda gəldi və qərar verildi. Bəlkə də bədahətən oldu, amma digər tərəfdən, bədahətən verilən bütün qərarlar bundan əvvəlki həyatda, öncəki zamanda sənin tərəfindən dərindən düşünülüb. Ona görə də bu, tamamilə şüurlu, yeganə düzgün qərar idi. O da bizim üçün xüsusi qürur mənbəyidir ki, bir nömrəli “Dostluq” ordeni Çingiz Torekuloviçə təqdim edilib. Mən bu il Bakıda onun abidəsinin açılışında çıxış etdim. Çingiz Aytmatovun heykəli mərkəzi küçələrdən birində ucaldılıb. Mən dedim ki, onun tezliklə aramızda olmayacağını güman etmirdik. Çünki o, Bakıya yaxşı əhvali-ruhiyyədə gəlmişdi, biz onunla çoxlu söhbət etdik, o, gələcək planlarından danışırdı, çox yaxşı görünürdü, mən buna ürəkdən sevindim. Amma bir neçə aydan sonra o, vəfat etdi. Əlbəttə, bu, kədər hissi doğurur, çünki o, hələ yaşaya, öz yaxınlarını sevindirə, onları qayğısı və şəfqəti ilə əhatə edə, həmçinin məhz bu gün aktual olan xeyli sayda əsər yarada bilərdi. Çünki onun bu dünyadan köçdüyü vaxtdan bəri həm bizim regionumuzda, həm də dünyada çoxlu hadisələr baş verib, zənnimcə, onun sözü çox mühüm olardı, təkcə bizim regionumuz üçün deyil, həm də ümumilikdə dünya siyasəti üçün. Çünki o, yaradıcılıq fəaliyyəti ilə yanaşı, həmçinin çox nüfuzlu ictimai xadim idi.

Məni Çingiz Torekuloviçin ocağına dəvət etdiyiniz, bu mükafata layiq gördüyünüz üçün sizə bir daha təşəkkür etmək istəyirəm. Sizi yaxın vaxtlarda Bakıya dəvət etmək, ailənizlə, Çingiz Torekuloviçin balaca davamçıları ilə birlikdə qonağımız olmağınızı istəyirəm. Onun abidəsini ziyarət etsinlər və onu tanıyanlarla, sevənlərlə ünsiyyətdə olsunlar. Bir daha təşəkkür edirəm.

Eldar Aytmatov: Çox sağ olun.

Daha sonra Prezident İlham Əliyev və Çingiz Aytmatovun ailə üzvləri birgə çay süfrəsi arxasında söhbət etdilər.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olundu.

* * *

“Turizm və Rekreasiya Zonalarının İdarə Edilməsi və İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilib.

Fins.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

* * *

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması (prifiling) sisteminin qısa müddətdə tətbiqini nəzərdə tutulur.

Fins.az-ın Dövlət Xidmətinə istinadən xəbərinə görə, bu barədə “Vergitutma” və “Biznesə daxilolma” indikatorları üzrə yol xəritələri çərçivəsində görülən işlərlə bağlı konsaltinq və hüquq şirkətləri, habelə ekspertlərin iştirakı ilə keçirilən görüşdə məlumat verilib.

“PwC Azerbaijan”, “Deloitte”, “Ernst & Young”, “KPMG Azerbaijan” şirkətlərinin nümayəndələri və müstəqil ekspertlərin iştirak etdiyi görüşdə «Vergi və hesabatlılıq» İşçi qrupunun rəhbəri, DVX-nin rəis müavini İlkin Vəliyev “Business Ready” hesabatının “Vergitutma” indikatoru üzrə həyata keçirilən işlər barədə məlumat verib.

Görüş iştirakçılarına vergi qaydalarının aydınlığı və şəffaflığı, ətraf mühiti vergiləri, vergi idarəetməsində rəqəmsallaşma, vergi auditi və mübahisələrin həlli mexanizmləri ilə bağlı təqdimat edilib.

«Biznesə daxilolma» İşçi qrupunun rəhbəri, DVX-nin rəis müavini Samirə Musayeva görüş iştirakçılarını bu sahədə tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili barədə məlumatlandırıb. Digər təqdimat biznesə daxilolma üzrə qaydaların keyfiyyəti, rəqəmsal dövlət xidmətləri və informasiyanın şəffaflığı, eləcə də əməliyyatların effektivliyi ilə bağlı olub.

Görüşdə Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” və “Vergitutma” indikatorları ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritələri üzrə həyata keçirilən layihələr, ekspert sorğulanmasına daxil edilmiş suallarla bağlı yanaşmalar müzakirə edilib.

Bildirilib ki, yol xəritələri çərçivəsində bir sıra yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Əgər əvvəllər bəyannamələrin elektron qaydada təqdim edilməsi əsas keyfiyyət göstəricisi hesab olunurdusa, hazırda bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi prioritet istiqamətdir. DVX vahid bəyannamələrlə əlaqədar bu sistemi uğurla tətbiq edib. Növbədə ƏDV bəyannamələridir ki, bu layihənin də qısa müddətdə həyata keçirilməsi nəzərdə tutulur.

Biznesə daxilolma sahəsində əsas uğurlardan biri xarici hüquqi şəxslərin elektron qeydiyyata alınması, eləcə də yerli MMC-lərin təsis sənədlərində və reyestrdə dəyişikliklərin qeydiyyata alınması prosesinin elektronlaşdırılmasıdır. İcrası davam edən digər layihə benefisiar mülkiyyətçi ilə bağlı hüquqi əsasların və müvafiq reyestrin yaradılmasıdır. Tədbir iştirakçılarına biznesə daxilolma əməliyyatlarının effektivliyi barədə göstəricilər də təqdim olunub.

Görüşdə konsaltinq şirkətlərinin nümayəndələrinin və müstəqil ekspertlərin biznesə daxilolma və vergitutma ilə bağlı qaldırdıqları müxtəlif məsələlər dinlənilib, sualları cavablandırılıb.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” və “Vergi və hesabatlılıq” işçi qruplarına rəhbərliyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti həyata keçirir (//azranking.az/az/working-groups).

* * *

Azərbaycanın Rusiyaya yeni təyin olunmuş səfiri Rəhman Mustafayev etimadnaməsini Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə təqdim edib.

Fins.az bu barədə Kremlin rəsmi saytına istinadən xəbər verir.

Rusiya Prezidenti Vladimir Putin 28 ölkənin yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

Qeyd edək ki, oktyabrın 1-də Prezident İlham Əliyevin Sərəncamı ilə Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin olunub.

* * *

Noyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində iştirak edən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti kardinal Klaudio Qucerotti ilə ayrı-ayrı görüşlər keçirib.

Nazirlər Kabinetindən Fins.az-a verilən məlumata görə, görüşlərdə Dini Liderlərin Qlobal Sammitinin keçirilməsinin əhəmiyyəti vurğulandı.

Yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin rolunun inkişaf etdirilməsinin, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd olundu.

Bildirildi ki, tarixən mədəniyyətlərin qovuşduğu məkan olan və zəngin tolerantlıq ənənələrinə malik Azərbaycan dinlərarası dialoqun inkişafına böyük önəm verir və onun təşviqinə sadiqdir.

Vurğulandı ki, əsrlər boyu Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri dinc şəraitdə, bir ailə kimi yaşayıblar.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri barədə məlumat verən Ə.Əsədov bu siyasətin bu gün müasir dövrün çağırışları nəzərə alınmaqla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Vurğuladı ki, dövlət başçısı tərəfindən multikulturalizmin Azərbaycanın dövlət siyasəti və həyat tərzi olduğu bəyan edilmişdir.

Cari ilin may ayında Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirildiyi xatırlanaraq “Bakı Prosesi”nin tərkib hissəsi olan bu tədbirin dünya miqyasında mədəniyyətlərarası dialoqun müzakirəsinə həsr olunan mühüm beynəlxalq platforma kimi qəbul edildiyi diqqətə çatdırıldı.

Azərbaycanda müxtəlif din və inanclara aid məbədlərin mövcud olduğu, onların dövlət tərəfindən qorunduğu, mütəmadi olaraq əsaslı təmir edildiyi və ya yenidən tikildiyi bildirildi.

O cümlədən ölkəmizin işğaldan azad edilmiş ərazilərində çoxlu sayda mədəni-tarixi və dini abidələrin yerləşdiyi vurğulandı, 30 illik işğal dövründə bu abidələrin Ermənistan tərəfindən dağıdıldığı və talan edildiyi qeyd edildi. Bildirildi ki, bu ərazilərdə bütün şəhər və kəndlər yerlə-yeksan edilmiş, o cümlədən fəaliyyət göstərən 67 məsciddən 65-i dağıdılmışdır.

Həmçinin bu gün Qarabağ və Şərqi Zəngəzurda icra olunan “Böyük Qayıdış” Proqramı barədə məlumat verildi, məhv edilmiş irsin bərpası istiqamətində mühüm işlərin görüldüyü vurğulandı.

İşğal dövründə Azərbaycan xalqına qarşı təcavüzkar siyasət yürüdən, xalqımızın tarixi, mədəni və dini irsini məhv edən Ermənistandan fərqli olaraq, Azərbaycanın tolerantlığı, başqa dinlərə və mədəniyyətlərə hörməti həyat tərzinə çevirdiyi diqqətə çatdırıldı.

Görüşlərdə dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi qeyd edildi, dünyamızın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olundu.

* * *

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib.

Fins.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilib və aşağıdakı tərkibdə təsdiq edilib:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri

Kollegiyanın üzvləri:

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədrinin birinci müavini

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinləri

Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbəri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbərinin müavini

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aparatının Dövlət qulluğu və insan resursları şöbəsinin müdiri

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun rektoru

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru.

Seçilən
47
50
fins.az

10Mənbələr