İran terror cinayətindən ölüm cəzasına məhkum edilən və Almaniya vətəndaşlığı olanCəmşid Şarmehdin edam edilmədən əvvəl öldüyünü açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Məhkəmə Heyyətinin mətbuat katibi Əsgər Cahangir mediaya verdiyi açıqlamada ölkədə terror aktları törətməkdə təqsirli bilinən İran və Almaniya vətəndaşı Şarmehdin edam qərarının elan olunmasından sonra Almaniya hökumətindən gələn reaksiyaları dəyərləndirdi. İran məhkəməsinin müstəqil olduğunu vurğulayan Cahangir "Heç bir xarici ölkəyə məhkəmə proseslərimizə müdaxilə haqqı vermirik. Cəmşid Şarmehd bir terrorçu idi və İran məhkəməsi törətdiyi aktlara görə onu vətəndaş kimi mühakimə etdi" ifadələrini işlətdi. O, əvvəlki rəsmi açıqlamanın əksinə olaraq təqsirləndirilən şəxsin edam edilmədən əvvəl öldüyünü bildirib: "Bu şəxs mühakimə olundu və məhkəmə prosesi məhkumiyyətlə nəticələndi. Cəmşid Şarmehd ölüm cəzasına məhkum edildi və icra edilməyə hazır idi. Lakin daha əvvəl öldü."İranlı katib ölüm hadisəsinin necə baş verdiyinə dair isə məlumat verməyib.
"Tonder" və "İran Krallığı Məclisi" adı ilə tanınan təşkilatın lideri kimi xaricdə tutulub İranda məhkəmə qarşısına çıxarılan Şarmehd 2008-ci ilin aprel ayında Şirazda 14 nəfərin ölümünə, 215 nəfərin yaralanmasına səbəb olan terror hücumu, ölkə daxilində müxtəlif silahlı əməliyyatlar və separatçı aktları törətməkdə ittiham olunurdu. O, 2023-cü il fevralın 21-də təqsirləndirildiyi məhkəmə tərəfindən edama məhkum edilmişdi. Onun haqqında çıxarılan qərar İranın Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra 28 oktyabr 2024 tarixində edam edildiyi açıqlanmışdı.
Almaniya Xarici işlər naziri Annalena Berbok İranı "ciddi nəticələrlə" təhdid etmişdi. Onun iranlı həmkarı Abbas Əraqçi isə İsrailin fələstinli mülki şəxslərin yaşadığı yerləri hədəf alan hücumlarını qanuniləşdirən açıqlamalar verən Berboka cavab olaraq "Bu qədər manipulyasiya bəsdir. Uşaq qatilini və terrorçuları dəstəkləməyi dayandırın" deyərək reaksiya göstərmişdi.
Qeyd edək ki, Almaniya keçən həftə Frankfurt, Münhen və Hamburqdakı 3 İran konsulluğunu bağlamaq qərarı almışdı.