Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxs daha öncə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunub.
Məhkəmənin ilkin baxış iclası noyabrın 19-na təyin edilib.
Qeyd edək ki, hadisə bu il iyulun 20-də gecə paytaxtın Nizami rayonunda qeydə alınıb.
1965-ci il təvəllüdlü Zahid İsayev aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətlə yetirib.
Zahid İsayev saxlanılaraq istintaqa təhvil verilib, barəsində həbs-qətimkan tədbiri seçilib.
O, Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə təqsirləndirilir.