AZ

“Panatinaikos” Terimin yerinə gətirdiyi məşqçini də qovdu

Yunanıstan nəhəngi “Panatinaikos”, deyəsən, Fatih Terimi qovmağına peşman olub.

2010-cu ildən bəri çempionluq həsrəti davam edən bu komandada heç cür işlər qaydasına düşmür. Afina təmsilçisi ötən həftəsonu evdə “Aris”lə 1:1 bərabərə qaldı. Bununla da “Panatinaikos” son 6-cı rəsmi oyunda 5-ci dəfə qalib gələ bilmədi. Komanda 9 turu arxada qalan Yunanıstan çempionatında 13 xalla 8-ci pillədədi. Bu xal itkisindən sonra “Panatinaikos” rəhbərliyi baş məşqçi Dieqo Martin Alonso ilə yolları ayırmağı lazım bildi. Fatih Terimin əvəzinə böyük ümidlərlə baş məşqçi postuna gətirilən 49 yaşlı mütəxəssis komandanı dirçəldə bilmədi.

Özü də müqayisə etsək, görərik ki, “Pana” “İmperator”un dönəmində daha uğurlu çıxış etmişdi. Ünlü türkiyəli mütəxssis ötən ilin dekabrından bu ilin mayına qədər komandanın başında yer almışdı. “Panatinaikos” onun dönəmində 26 rəsmi oyundan 14 qələbə, 6 heç-heçə, 6 məğlubiyyətlə ayrılmışdı ki, bu da orta hesabla hər oyuna 1,85 xal deməkdi. Martin Alonso ilə isə Afina nəhəngi 17 rəsmi oyundan 6 qələbə, 5 heç-heçə, 6 məğlubiyyətlə ayrılaraq orta hesabla hər oyuna 1,35 xal toplamış oldu. Elə Yunanıstan mətbuatında da bu məqam qabardılaraq “Terimin göndərilməsi yanlış idi” fikri irəli sürülüb.

Qeyd edək ki, Terim ötən mövsüm sona bir tur qalmış, daha dəqiq desək, çempionluq şansı tükəndikdən sonra istefaya göndərilmişdi. Komanda bu üzdən kubokun finalına başqa məşqçi ilə çıxmalı olmuşdu.

Seçilən
37
football-plus.az

1Mənbələr