ABŞ-ın yaxın tarixinin ən qara günü təxminən dörd il əvvəl, yanvarın 6-da baş verib. Seçkilərin nəticələrini qəbul etməyən Donald Trampın təhriki ilə 2021-ci il yanvarın 6-da tərəfdarları Kapitoliyə hücumu etdi.
Keçmiş prezident Tramp son günlər aqressiv şəkildə yenidən namizəd olduğu seçkinin şəffaflığını şübhə altına alan iddialarla çıxış edir. Anketlər namizədlərin bərabər səviyyədə olduğunu göstərməsinə baxmayaraq, demokratlar fırıldaq etsə, seçkini uduzacağını iddia edən Trampın çıxışları 2020-ci il xaosunun təkrarlana biləcəyi ehtimalını gücləndirir.
Artıq seçki məntəqələrində təhlükəsizlik tədbirləri artırılıb, komissiya üzvlərini qorumaq üçün məntəqələrə gülləkeçirməz şüşə və həyəcan siqnalı yerləşdirilib. Buna baxmayaraq bəzi əsas seçki məntəqələrində komissiya üzvləri şerif müavinlərinin də orada olmasını tələb ediblər. “Washington Post” qəzeti səsvermə məntəqələrinin və səslərin hesablanması mərkəzlərinin ətrafına təhlükəsizlik kameralarının, damlara isə snayperlərin yerləşdirildiyini yazıb. ABŞ-da küçələrə əlavə polis qrupları cəlb edilib, pilotsuz uçuş aparatları ilə də müşahidələr aparılır. Arizona, Nyu Meksika, Ayova, Vaşinqton, Delaver, İllinoys, Şimali Karolina, Alabama və Nevada ştatlarında iğtişaşlara qarşı, milli qvardiya hazır vəziyyətə gətirilib.
Vaşinqtondan yayılan görüntülər isə xaos narahatlıqlarının nə qədər ciddi olduğunu bir daha gözlər önünə sərir. Beynəlxalq xəbər agentlikləri ABŞ paytaxtındakı mağaza sahiblərinin mümkün iğtişaşlara qarşı kütləvi şəkildə vitrinləri taxtalarla qapatdığını göstərən görüntülər yayıblar.
BBC Vaşinqtonda yüzlərlə milli mühafizəçinin hazır vəziyyətdə olduğunu bildirir və əlavə edir ki, oktyabrın əvvəlindən Ağ Evin qarşısında metal maneələr çəkilib. Konqres binasının və paytaxtdakı digər əsas binaların ətrafına da metal manelər yerləşdirilib.
Donald Tramp bu gün də 2020-ci ilin nəticələrinə etiraz etsə də, əksəriyyəti respublikaçı olan yüksək vəzifəli hökumət rəsmilərinin böyük əksəriyyəti dörd il əvvəlki seçkilərin ABŞ tarixində “ən təhlükəsiz” seçki olduğunu deyirlər.
TAHİR