AZ

İranda çılpaq etiraz – VİDEO

Ötən şənbə günü Tehranda baş vermiş qeyri-adi və qalmaqallı təkbaşına etiraz aksiyası hələ də ölkə gündəmində qalmaqda və müxtəlif reaksiyalar doğurmaqdadır.

Medianews.az xəbər verir ki, bununla bağlı “Azad İran” “YouTube” kanalı süjet hazırlayıb.

Həmin gün İranda geniş filiallar şəbəkəsinə malik Azad İslam Universitetinin Elm və Tədqiqat bölməsinin tələbəsi olan bir qızın yarıçılpaq şəkildə təhsil müəssisəsinin qarşısında gəzişdiyini əks etdirən təqribən bir dəqiqəlik videogörüntü sürətlə sosial şəbəkələrdə yayılıb. Videonun sonunda həmin qızın mülki geyimli şəxslər tərəfindən zorla avtomobilə oturdularaq aparıldığı da əksini tapıb.

Yayılan məlumatlara görə, tələbə qız məcburi hicab qaydalarına riayət etmədiyi, dəqiq desək, baş örtüyü olmadığı üçün universitetin mühafizə xidməti və tələbələrin “Bəsic” təşkilatının üzvləri tərəfindən təzyiqlərə məruz qalıb. Onlar müvafiq araşdırma aparmaq üçün qızı zorla xüsusi otağa aparmaq istəyiblər, lakin o, müqavimət göstərdiyindən üst geyimi cırılıb. Belə olduqda qız şalvarını da çıxararaq mühafizə və “Bəsic” əməkdaşlarına doğru atıb və universitetin qarşısına çıxaraq məcburi hicaba özünəməxsus şəkildə etirazını ifadə edib. Az sonra “Bəsic” üzvləri onu saxlayaraq polisə təhvil veriblər.

Məsələnin geniş əks-səda doğurduğunu görən universitet rəhbərliyi qızın hərəkətini onun guya psixi pozuntusu olması ilə izah edib. İddia olunub ki, həmin qız auditoriyaya girərək tələbələri və müəllimi videoya çəkmək istəyib, amma etirazla qarşılaşdığı üçün paltarını çıxararaq, universitetin önündə var-gəl etməyə başlayıb.

İran Tələbə Jurnalistlər Birliyinin icraçı direktoru və sözügedən universitetin mətbuat katibi Seyid Əmir Məhcub bu məlumatı özünün “X” hesabında yayaraq tələbə qızın hicabla bağlı heç bir zorakılığa məruz qalmadığını bildirib. Lakin bu məlumata inanan olmayıb, hətta izləyicilərdən biri belə yazıb:

“Hə, deməli, mühafizə onu incidib, çünki sizin təkzibiniz təsdiq hesab olunur”.

Başqa bir istifadəçi isə tələbə qızın məhz hicabla bağlı xəbərdarlıqdan sonra bu addımı atması barədə “Fars” informasiya agentliyinin hadisədən az sonra yaydığı məlumatı paylaşaraq, onun yalan danışdığını vurğulayıb. Lakin axşama doğru həmin agentlik bu xəbərə düzəliş edib və universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatı paylaşaraq yazıb:

“Əxlaqa zidd hərəkət etmiş tələbə universitetin mühafizə xidməti tərəfindən polis idarəsinə təhvil verilib. Universitetdən bildirilib ki, o, güclü stress vəziyyətində olub və psixi pozuntusu varmış, özü də ərindən ayrılıb və iki uşaq anasıdır”.

Seçilən
42
15
medianews.az

10Mənbələr